Mayın
19-da "Hilton Bakı" mehmanxanasında tələbələrin uzun
müddətdir səbirsizliklə gözlədiyi "Azərbaycan tələbə
kartı" ilk istifadəçilərinə təqdim olunmuşdur.
AzərTAc xəbər verir ki, ölkəmizdə yenilik olan bu
layihə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin
dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının birgə təşəbbüsü ilə həyata keçirilmişdir.
Təqdimat mərasimində gənclər və idman naziri Azad
Rəhimov bildirmişdir ki, dünyada ilk dəfə olaraq tələbə
kartları dövlət hesabına təmənnasız olaraq tələbələrin
istifadəsinə verilir. Tələbələr bu kart vasitəsilə
müxtəlif şəbəkələrdən istifadə etmək üçün xüsusi
güzəştlər əldə edəcəklər. Bu layihə tələbələrin Avropada
təhsil alan gənclərlə əlaqələrinin genişlənməsində də
mühüm rol oynayacaqdır.
Təhsil naziri Misir Mərdanov qeyd etmişdir ki, digər
ölkələrdə bu kartlar pulla verilirsə, Azərbaycanda ölkə
başçısının gənclər siyasəti proqramına uyğun olaraq
pulsuz veriləcəkdir. Azərbaycanda ali təhsil
məktəblərində 150 minədək tələbə var. Dörd il müddətinə
veriləcək kartlar bütün tələbələrə mərhələlərlə təqdim
olunacaqdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
Elnur Aslanov layihənin ölkəmizdə aparılan gənclər
siyasətinin bariz nümunəsi olduğunu demişdir.
Vurğulamışdır ki, layihə Azərbaycan Prezidenti İlham
Əliyevin təsdiqlədiyi "Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə" Dövlət Proqramında nəzərdə tutulan təhsil alan
gənclərə sosial dəstəyin artırılması məqsədi ilə həyata
keçirilir.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi
Rəcəbli "Azərbaycan tələbə kartı"nın ölkəmizdə təhsil
alan gənclər üçün əhəmiyyətindən danışmış, təhsilin
inkişaf etdirilməsi üçün atılan uğurlu addım olduğunu
diqqətə çatdırmışdır.
Sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının sədri Şahin İsmayılov və "Xəzər" İnvestisiya
Mərkəzinin prezidenti Elşən Musayev layihə haqqında
ətraflı məlumat vermişlər. Bildirmişlər ki, "Azərbaycan
tələbə kartı"nı əldə edən hər bir tələbə respublika
ərazisində, həmçinin Avropanın 30-dan çox ölkəsində 80
mindən artıq ictimai iaşə obyektlərindən güzəştlə
istifadə edəcəkdir.
Sonda "Azərbaycan tələbə kartı" ilk istifadəçilərinə
təqdim olunmuşdur. |