Mayın
17-də Təhsil Nazirliyində Akkreditasiya komissiyasının
növbəti iclası keçirilib.
İclasda Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar
Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kollecinin
akkreditasiyasının nəticələri müzakirə olunub.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi
Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Həcər
Babayeva bu təhsil müəssisəsində tədrisin təşkili
vəziyyətinin ətraflı təhlil edildiyini, mütəxəssis
hazırlığının keyfiyyətinin öyrənildiyini nəzərə
çatdırıb. Daha sonra iclas iştirakçılarını tədris
ocağının fəaliyyətinin statusuna uyğunluğu üzrə
nəticələrlə tanış edən komissiya sədri müvafiq
ixtisaslar üzrə kadr hazırlığı və digər meyarlara görə
Akkreditasiya komissiyasının gəldiyi qənaət barədə
məlumat verib.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci üzrə
Akkreditasiya komissiyasının sədri Fərrux Məmmədov bu
təhsil ocağının tədris şəraiti, maddi-texniki bazası və
pedaqoji heyəti haqqında müvafiq göstəriciləri təqdim
edib. O, kollecin fəaliyyətinin daha da
yaxşılaşdırılması üçün komissiyanın təklif və
tövsiyələrini diqqətə çatdırıb.
Bakı Dövlət Sosial İqtisadi Kolleci üzrə Akkreditasiya
komissiyasının sədri Lətif İsmayılov iclas
iştirakçılarını kollecin ümumi fəaliyyəti, müvafiq
göstəriciləri və komissiyanın gəldiyi qənaətlə tanış
edib.
Hər üç tədris müəssisəsi üzrə akkreditasiyanın
nəticələrinə dair iclas iştirakçılarını maraqlandıran
suallar cavablandırılıb, bir sıra rəy və təkliflər
səsləndirilib.
İclasda təhsil naziri Misir Mərdanov orta ixtisas
təhsili müəssisələrinin akkreditasiya prosesinin daha
səmərəli təşkili məsələləri barədə fikirlərini bildirib.
Akkreditasiya komissiyasının iclasında hər üç təhsil
müəssisəsinin müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə
əsasən cavab verdiyi nəzərə alınaraq, Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinin fəaliyyəti
"yaxşı", digər iki müəssisənin fəaliyyəti isə "kafi"
qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə
olunması barədə qərar qəbul edilib. |