Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya
azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli,
dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən
biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan
misilsiz əsərlər yaradılmışdır. Hər bir azərbaycanlı
tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi
fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir.
Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində
yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta
bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və
milli-mədəni dəyərlərin layiqincə yaşamasını və
inkişafını təmin etmişdir. Bu gün onun qorunması və
qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir
vətəndaşının müqəddəs borcudur.
Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs
quruluşunun səlisliyi və qrammatik strukturunun
sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili
siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə
dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim
söz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün
indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların,
maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu
prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti
vardır.
Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil
sisteminin təşəkkül tapması, xalqımızın ictimai-siyasi
və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan
dilçiliyinin də inkişaf yolunu müəyyən etmişdir. Ana
dili ilə bağlı yeni-yeni dərsliklər, lüğətlər və
sanballı elmi tədqiqatlar meydana çıxmışdır. Bu sahədə
görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli
Axundzadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə,
Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir
Hacıbəyli və başqalarının mühüm xidmətləri vardır.
Ana dilimizin tədqiqi xüsusilə ötən əsrin ilk
onilliklərindən başlayaraq bilavasitə diqqət mərkəzində
olmuşdur. Həmin dövrdə Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy
Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid
Səid Xocayev və digərlərinin dilimizin qrammatikasına
dair bir çox tədqiqatları işıq üzü görmüşdür. 1926-cı
ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi
ölkəmizdə dilçilik sahəsində əldə olunan nailiyyətlərin
məntiqi davamı kimi yeni-yeni tədqiqatların meydana
çıxmasına təkan vermişdir.
1920-ci illərdə respublikada aparılan dilçilik
tədqiqatları Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində
və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda
mərkəzləşmişdi. Sonralar SSRİ Elmlər Akademiyası
Zaqafqaziya filialının Azərbaycan şöbəsinin və SSRİ
Elmlər Akademiyası Azərbaycan Filialının Dil və
Ədəbiyyat İnstitutunun yaradılması ilə həmin tədqiqatlar
daha sistemli və əhatəli aparılmağa başladı. 1945-ci
ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan
sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu.
1969-cu ildə müstəqil Dilçilik İnstitutunun fəaliyyətə
başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf yolu
tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması üçün
möhkəm zəmin yarandı. Azərbaycan dilçiliyi Məmmədağa
Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə,
Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev,
Fərhad Zeynalov və digər alimlərimizin yüksək elmi
səviyyəli tədqiqatları yalnız dilşünaslığımızı yox,
ümumən Azərbaycan ictimai fikrini zənginləşdirdi.
Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza
rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan
ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin
Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi
maddədə göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin
hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu
strategiyasının tərkib hissəsi olan dil siyasətinin
nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin
tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan
dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri
əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd
cildlik "Müasir Azərbaycan dili" dərsliyi 1974-cü ildə
məhz ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin
inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın
Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə
və ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən
qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş
sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində
türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına
gətirib çıxarmışdır. SSRİ Elmlər Akademiyasının bu
istiqamətdə yeganə "Türkologiya" jurnalı məhz Bakıda
nəşr edilirdi.
Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına
nail olduqdan sonra Azərbaycan dili xalqımızın
ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında
dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə
başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin "Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli
və "Azərbaycan Respublikasında dövlət dili haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə" 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi
dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş,
onun müxtəlif üslublarının potensialı bir daha üzə
çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında
yeni üfüqlər açılmışdır.
Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi
dilinin tükənməz imkanlarından lazımınca və düzgün
istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin
özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə
biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının
alınması istiqamətində mütəxəssislər heç də həmişə
çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə
dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər
özünü qabarıq şəkildə büruzə verir.
Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın
mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi
mətbuat orqanlarında, radio və televiziya kanallarında
ədəbi dil normalarının pozulması adi hal almışdır.
Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi,
bədii və publisistik əsərlərin tərcüməsi bir qayda
olaraq yüksək estetik tələblərə cavab vermir, onlar
sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları
ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə
və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan
dilinin ən adi leksik və qrammatik qaydalarının
pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni
səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir.
Bəzən dilimizin tarixinə aid səslənən səhv fikirlərə
vaxtlı-vaxtında cavab verilmir və bu dilin keçdiyi
inkişaf mərhələlərini etibarlı tarixi mənbələr əsasında
dolğun əks etdirən fundamental əsərlər yaranmır. Elmi
tədqiqatlar üçün bəzi hallarda müasir dünya dilçiliyinin
nəzəri səviyyəsindən xeyli geri qalan, heç bir ciddi
praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir.
Azərbaycan dilində internet resurslarının qıtlığı,
elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan
dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris
vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab
verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan
dilçilərinin dünya elmində gedən proseslərdən təcrid
olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan
boşluq hələ də aradan qaldırılmamışdır.
Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil,
həmçinin onun digər türk dilləri ilə münasibətlərini
öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir
dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda
qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə
yönələn yeni layihələr işləyib hazırlamalıdır.
Dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin
istifadəsinə və tədqiqinə dövlət qayğısının
artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində
vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin
etmək məqsədi ilə, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq
QƏRARA ALIRAM:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb
2012-ci il oktyabr ayının 1-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Dövlət
Proqramının layihəsini 2012-ci il noyabr ayının 1-dək
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan dilində termin yaradıcılığı sahəsində
işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Terminologiya Komissiyası yaradılsın.
4. Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin
mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Tərcümə Mərkəzi yaradılsın.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2012-ci il |