Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

Vətəndaş şairin elmi tərcümeyi-halı

 

Azərbaycan jurnalistlərinin ağsaqqalı Şirməmməd müəllimin belə bir sözü var: "Böyük şəxsiyyətlərdən yazmaq üçün öncə özün  şəxsiyyət olasan gərək!". Bu gün ədəbiyyatşünaslığa, mətbuatşünaslığa dair faydalı və məhsuldar  araşdırmaları ilə tanınan Alxan Bayramoğlunun böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirə müraciət etməsi məntiqlidir və başa düşüləndir. "Bənzərəm bir qocaman dağa ki..." monoqrafiyası Sabir şəxsiyyətinin və ədəbi irsinin bir çox məqamlarını araşdırmaq, elmi təhlil süzgəcindən keçirmək, şairin yaradıcılığına yeni prizmadan nüfuz etmək baxımından və M.Ə.Sabirin qarşıdan gələn 150 illik yubileyinə qiymətli töhfədir. Alxan Məmmədovun əvvəllər işıq üzü görmüş "Şamaxıda maarif və maarifçilik (XIX əsrin ortalarından 1918-ci ilə qədərki ədəbi mühit)", "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat", "M.Ə.Sabir (qısa tərcümeyi-halı)", "Azərbaycan mühacirət mətbuatına dair mühazirələr", "Y.V.Çəmənzəminli: Müstəqilliyimizi istəyiriksə..." və s. kitabları  onun araşdırıcılıq məharətindən, geniş, böyük həvəs və yüksək erudisiya sahibi olmasından, böyük elmi potensialından, zəngin mənəviyyat sahibi olmasından xəbər verir.

Professor Alxan Bayramoğlunun "Bənzərəm bir qocaman dağa ki..." tədqiqatını da böyük söz ustadının bioqrafiyası ilə yazıları arasındakı boşluğu, şəxsiyyət və sənətkar tandeminin uyarlığını təsdiqləmək baxımından çox uğurlu alınmış yaradıcılıq nümunəsi kimi  qiymətləndirmək olar. 

A.Bayramoğlu  M.Ə.Sabirin elmi tərcümeyi-halını yazarkən "qiymətli tarixi sənəd"  kimi ədibin öz əsərlərinə də müraciət etmişdir.  Belə ki, şairin həyatında baş verən ən mühüm hadisələr ədibin müxtəlif mətbuat orqanlarında dərc edilmiş əsərlərində bu və ya başqa şəkildə öz əksini tapmışdır. Tədqiqatçı alim də elmi tərcümeyi-halın yazılmasında bunun vacibliyini önə çəkir və qeyd edir ki,  "...avtobioqrafik notlar satirik şeirlərdə tipin ifşası zamanı, lirik əsərlərdə isə qəhrəmanın lirik-psixoloji əhvali-ruhiyyəsi fonunda özünü büruzə verir". İctimai məzmunun üstünlük təşkil etdiyi bu satiralarda şairin "mən"i dayanır.

Kitabda ədibin "Şərqi-rus", "Həyat", "İrşad", "Tazə həyat" "Səda" qəzetlərində, "Molla Nəsrəddin" jurnalında fəaliyyətinin əsas xüsusiyyətləri,   onun naməlum müxbir yazıları tədqiq edilir, həm də digər tədqiqatçıların araşdırmalarından kənarda qalan məqamlara aydınlıq gətirilir.

O dövrün  digər mətbuat orqanları - "Həyat", "İrşad", "Tazə həyat", "Tərəqqi", "Molla Nəsrəddin", "İttifaq", "Səda", "Həqiqət", "Yeni həqiqət", "Günəş" və s. vətəndaş şairin  həyatına, şəxsiyyətinə və yaradıcılıq taleyinə biganə qalmamış, onun həyat və fəaliyyətinin müxtəlif məqamlarını işaqlandırmaqla ədibin elmi tərcümeyi-halının yazılmasında, eləcə də bugünkü sabirşünaslıqda qiymətli  mənbə rolunu oynamaqdadır.

Tədqiqatda  M.Ə.Sabirin "Həyat" qəzeti ilə əməkdaşlığı,  onun qəzetdəki poetik və publisistik əsərləri, sonuncu nömrəsindəki müxbir yazısı, Ə.Hüseynzadə və Ə.Ağaoğlu ilə yaradıcılıq əlaqələrinə aydınlıq gətirilir. 

A.Bayramoğlu Sabirin  öz satira ədəbi məktəbinin poetik "manifestini" hələ "Molla Nəsrəddin" jurnalının nəşrindən xeyli əvvəl - 10 fevral 1906-cı ildə "Həyat"  qəzetində dərc olunan "Bir məclisdə on iki kişinin söhbəti"  satirası  ilə elan etdiyi  qənaətinə gəlir.  Həmin satirada oxucuya təqdim olunan tiplər - vəkil, həkim, tacir, molla, sofi,  şair, əvam, qəzetəçi və s. rüsvayçılıq kürsüsünə çıxaraq hərəsi təmsil etdiyi  ictimai zümrəni oxuculara təqdim edir. "Sabiranə poeziya üslubu" adlandırılan   bu vasitə öz geniş meydanını "Molla Nəsrəddin"də tapdı. Müəllif yazır: "Sabir dərhal  öz yaradıcılıq proqramını həyata keçirməyə başladı. Onun "Molla Nəsrəddin"in  oxucularına təqdim etdiyi ilk əsərdə satira oxuna hədəf olan tip  on iki kişinin məclisində qəbul olunan qərara uyğun olaraq özünü oxuculara öz dili, satirik monoloqu ilə təqdim etdi". Burada şairin "Millət necə tarac olur olsun, nə işim var?!" satirasından da söhbət açılır, hər iki satirik əsər ("Bir məclisdə on iki kişinin söhbəti", "Millət necə tarac olur olsun, nə işim var?!") arasında mövzu, ideya-bədii və üslub əlaqələrinin möhkəmliyindən söhbət açılır,  Sabirə  məxsus keyfiyyətlər -  bütün hadisələrin, ifşa hədəfinin daxili  aləminin özünün bütün eybəcərlikləri ilə satirik tipin dialoq və  monoloqları ilə açılması qabardılır və eyni poetik təfəkkürün - Sabir sənətkarlığının təcəssümü kimi qiymətləndirilir. 

Yeni kitabda "Həyat", "İrşad" və "Tazə həyat" qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri olmuş M.Ə.Sabirin Şamaxı və ətraf obalarda baş verən hadisələrə dair  diqqətdən kənarda qalan müxbir yazılarına həsr edilən təhlillər də maraq doğurur.

1906-1907-ci illərdə Bakıda müsəlman müəllimlərinin iki qurultayı olmuşdur. M.Ə.Sabirin həmin qurultaylara olan marağının bir çox cəhətlərini işıqlandıran A.Bayramoğlu  ədibin maarifçilik sahəsində xidmətlərini yüksək  qiymətləndirir.  Qafqaz məktəblərində  müntəzəm bir proqram olmadığından şagirdlərə öyrədilən dərsdən bir fayda hasil olmadığını  öz yazılarında göstərən Sabir bu mühüm işin nizam və intizam dairəsinə sığmadığını  vurğulayır, problemi aradan qaldırmaq üçün təkliflərini verir.

1906-cı ildə müəllimlər qurultayının qəbul etdiyi qərarlardan sonra  yeni tipli dərsliklərin  tərtibi və nəşri  məsələsində canlanma hiss olunur.  Bu işdə yaxından iştirak edən Sabir həmin dərsliklərdə çap olunmaq üçün  "Uşaq və buz", "Yaz günləri", "Cütçü", "Qarğa və tülkü" və s. klassik uşaq əsərlərini qələmə alır. A.Bayramoğlu ədibin "Dəbistan", "Rəhbər" jurnallarının fəal müəllifi kimi bu sahədə atdığı addımlardan söhbət açır.

Sabirşünaslıqda M.Ə.Sabirin məktəbdarlığı, o cümlədən şairin Şamaxıda açdığı "Ümid" məktəbi, ədibin pedaqoji fəaliyyətindəki bir sıra uğurlar haqqında söhbət açılır. Tədqiqatçılar  "Ümid" məktəbinin açılması və fəaliyyətində Sabirin oynadığı rəhbər rolu Haşım bəy Vəzirovun "Yol qeydləri" məqaləsi və Şamaxıdan göndərilən müxbir məktubları əsasında aydınlaşdırmağa çalışırlar. Bu boşluğu A.Bayramoğlunun tapıntısı - M.Ə.Sabirin  "Təşəkkür" məktubu  aradan  qaldırdı. "Şamaxı "Ümid" məktəbinin müəllimi və müdiri Ələkbər Sabir Tahirzadə, lisani-rus müəllimi Hacıbala Zamanov" imzası ilə "Tərəqqi" qəzetinin 17 dekabr 1908-ci il tarixli 129-cu nömrəsində dərc edilən  bu məqalə  bir çox məsələlərə aydınlıq gətirir. "Ümid" məktəbinə  məhz  Sabirin müdirlik etdiyini təsdiqləyən  bu imzanın əhəmiyyətini vurğulayan A.Bayramoğlu qeyd edir ki, məktubun imzasındakı təqdimat Sabirin "Ümid" məktəbini Hacıbala Zamanovla şərikli açması haqqında ehtimalı puça çıxarmış olur və Hacıbala Zamanovun adının qarşısında yazılan "lisani-rus müəllimi" sözləri məktəbdə rus dili dərslərinin də tədris olunduğunu təsdiq edir.

Uğurlu tapıntılardın biri də M.Ə.Sabirin tədqiqatlardan kənarda qalan, "Tazə həyat" qəzetinin 2 iyun 1908-ci il tarixli 125-ci sayında redaksiyanın "Xüsusi müxbirimizdən. Şamaxıdan" qeydi ilə çap olunan  "Cümə" məqaləsidir.

Monoqrafiyada Sabirin banisi olduğu poeziya məktəbi, onun xüsusiyyətləri, nümayəndələri, həmçinin şairin irsinin nəşr tarixi, tədqiqi mərhələləri, sabirşünaslığın  uğurları və problemləri haqqında da maraqlı mülahizələr irəli sürülür. Şübhə yoxdur ki, "Bənzərəm bir qocaman dağa ki..." monoqrafiyası oxucular tərəfindən rəğbətlə qarşılanacaq və müəllifə böyük şöhrət gətirəcəkdir. 

Aygün ƏZİMOVA,
filologiya üzrə fəlsəfə doktoru
 

Professor Alxan Bayramoğlunun "Bənzərəm bir qocaman dağa ki..." kitabı Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov