"Əgər
akademiki ölümündən 10 il sonra hələ xatırlayacaqlarsa,
deməli, o, elm klassikidir". Bu sözlər hələ sağlığında
ikən bütün dünyada fizika elminin canlı klassiki hesab
olunan akademik, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı,
görkəmli sovet fiziki, sovet elminin təşkilatçılarından
biri, böyük elm, yüksək səviyyəli eksperimentator və
istedadlı konstruktor Pyotr Kapitsaya məxsusdur.
Uşaqlıq illəri
Pyotr Leonidoviç Kapitsa 1894-cü il iyulun 9-da
Kronştadda hərbi mühəndis general Leonid Kapitsanın
ailəsində anadan olub. Atası təhsilli ziyalı, istedadlı
mühəndis idi, o, rus silahlı qüvvələrinin inkişafında
mühüm rol oynayıb. Anası Olqa İeronimovna təhsilli qadın
olub. O, ədəbiyyat, pedaqoji və ictimai fəaliyyətlə
məşğul olub. Rus mədəniyyəti tarixində özünəməxsus iz
qoyub.
Pyotr əvvəlcə gimnaziyada, daha sonra Kronştad real
məktəbində oxuyub, oranı "əla" qiymətlərlə bitirib.
Fizika və elektrotexnikaya ciddi maraq göstərməsi ilə
fərqlənib. Xüsusi qabiliyyətinə görə ona məktəbin
laboratoriyasında müstəqil surətdə təcrübələr aparmağa
icazə verilib. Müxtəlif kimyəvi və fiziki təcrübələr
qoyan Pyotr cihazları özü təmir edirdi. Xüsusən də
saatları dağıtmaq və onları yenidən yığmaq ona çox
maraqlı gəlirdi.
1902-ci ildə Pyotr Sankt-Peterburq Politexnik
İnstitutuna daxil olub. 1914-cü ilin avqustunda Birinci
Dünya müharibəsi başlayıb. 3-cü kurs tələbəsi olan
Kapitsa bir çox yaşıdları kimi orduya çağırılıb. Bir
müddət müharibənin Polşa cəbhəsində sanitar dəstəsində
sürücü olub, yaralıları daşıyıb. 1916-cı ildə ordudan
tərxis olunan Pyotr instituta qayıdıb. O vaxt məşhur
fizik Abram İoffe onu fizika laboratoriyasında
eksperimentlərə cəlb edib. Elə həmin il Kapitsanın "Rus
fizika-kimya cəmiyyəti jurnalı"nda ilk məqaləsi dərc
olunub. 1918-ci ildə İoffe Peterburqda ağlagəlməz
çətinliklər şəraitində Rusiyada ilk elmi-tədqiqat fizika
institutlarından birini yaradıb. Kapitsa bu mərkəzin
ilk əməkdaşlarından olur. İnstitut sovet
fizika, nəzəri və texniki fizika elminin inkişafında çox
mühüm rol oynayır. İnstitutu bitirdikdən sonra onu
fizika-riyaziyyat fakültəsində müəllim saxlayırlar.
İnqilabdan sonra olduqca mürəkkəb bir dövrdə İoffe var-qüvvəsi
ilə alim və tələbələrini, gənc fizikləri qoruyub
saxlamağa can atırdı. Onların arasında Kapitsa da var
idi. Kapitsanın hələ 18 yaşı var idi, sovet fizika
elminin gələcək banisi olan Abram İoffe onu Peterburq
Politexnik İnstitutunda elmi tədqiqat işlərinə cəlb
etmişdi. Seminarların bütün iştirakçıları
eksperimentator idilər və çox çətin vəziyyətdə
işləyirdilər; zəruri avadanlıqlar, cihazlar, alətlər
çatışmırdı. Hətta eksperiment aparılacaq cihazı yığmaq
üçün sadə məftil belə yox idi. Buna baxmayaraq, olduqca
mürəkkəb eksperimentlər qoyulurdu. 1920-ci ildə Kapitsa
və N.Semyonov (sonralar Nobel mükafatına layiq görülmüş
kimyaçı alim) atomun maqnit sahəsini müəyyən etməyə cəhd
etdilər. İoffe Kapitsanın xarici elmi ezamiyyətə
göndərilməsində israr edirdi. Lakin yeni qurulmuş
bolşevik hökuməti buna icazə vermirdi. Bu məsələ yalnız
proletar yazıçısı, ölkədə böyük nüfuza sahib Maksim
Qorkinin müdaxiləsi ilə həll olundu. Nəhayət, Kapitsaya
Böyük Britaniyaya getməyə icazə verildi.
Lakin tezliklə Rusiya tarixi mərhələyə - inqilab və
müharibə mərhələsinə daxil oldu. Onun taleyinə faciəli
qismət düşdü. Bir ay ərzində o atasını, gənc arvadı
Nadejda Çernosvitovanı, 2 yaşlı oğlunu, yenicə doğulmuş
qızını itirdi. Bu 1919-cu ilin qışında vətəndaş
müharibəsi zamanı baş verdi. O zaman ölkədə "ispanka"
adlandırılan qrip epidemiyası tüğyan edirdi.
Taleyinə ağır günlər düşmüş Kapitsa tam ümidsizliyə
qapılmışdı. Ən yaxınlarını itirdikdən sonra yaşamaq
getdikcə mənasızlaşırdı... Onun üçün xaricə elmi
ezamiyyət taleyüklü və müəyyən qədər də xilasedici oldu.
Şagirdinin daxili iztirablarını çox yaxşı anlayan İoffe
onu xaricə göndərilən rus elmi qrupuna daxil etdi. Bu
qrup Avropanın elm mərkəzləri ilə əlaqə yaratmalı idi.
Kapitsanın payına İngiltərə, Kembric düşdü.
Müəllim-tələbə dostluğu
Kapitsa
1921-ci ilin mayında İngiltərəyə yollanıb. O, məşhur
fizik Ernest Rezervordun bütün dünyada məşhur olan
Kavendiş laboratoriyasına düşə bilib. Lakin Rezervordun
elm məktəbinə düşmək heç də asan deyildi. Özünün bütün
səmimiyyəti ilə Rezervord rusiyalı gəncə bildirib ki,
xaricilər üçün onun cəmi 30 yeri var və onların hamısı
artıq tutulub. Kapitsa başa düşəndə ki, itirməyə bir
şeyi qalmayıb, Rezervorddan soruşub: "Professor, sizin
tədqiqatların dəqiqliyi neçə faiz təşkil edir?". "Hardasa,
5 faiz",-deyə Rezervord cavab verir. "Əgər 30-a daha bir
nəfəri əlavə etsək, onda tədqiqatın dəqiqlik faizi
eksperiment səhvləri çərçivəsində olacaq, elə deyilmi
professor",-deyə Kapitsa alimə sual verib. "Çünki siz
böyük dəqiqlik dalınca qaçmırsınız". Gəncin məntiqli
sual-cavabı qarşısında tutulan böyük Rezervord "Yaxşı,
qalın!", - deyərək Kapitsanı laboratoriyasına qəbul
edib. Lakin o, bu sözləri də əlavə etməyi unutmayıb: "Əgər
siz elmi iş əvəzinə bolşevik təbliğatı ilə məşğul
olsanız, mən buna dözə bilməyəcəyəm". Pyotr Kapitsa məhz
bu cür Kembricdə özünə yol açıb. Rezervord bundan heç
vaxt heyfsilənməyib. Müəllim-tələbə münasibəti dostluğa
çevrilib. Onların uzun illik əməkdaşlığı (1921-1934-cü
illər) dünya əhəmiyyətli bir sıra elmi kəşflərə yol açıb.
Kapitsanın ikinci həyatı belə başlayıb.
"Mən ona və onun mənə qarşı münasibətinə çox borcluyam",
- deyə sonralar Kapitsa müəllimi barədə yazırdı.
Rezervordun mühazirələrində iştirak etməklə yanaşı,
Kapitsa eyni zamanda Kavendiş laboratoriyasında yeni işə
başlayan gənc fiziklər üçün məcburi olan fiziki
praktikumlardan keçməli idi. Bu praktikumlara Ceyms
Çedvik (Nobel mükafatı laureatı) rəhbərlik edirdi.
Praktikumlar iki ilə nəzərdə tutulmuşdu, lakin cəmi 2
həftə ərzində bütün zaçotları verən Kapitsa laboratoriya
əməkdaşları və Rezervordun özünü belə heyrətləndirdi.
Kapitsanın qabiliyyətini görən Rezervord ona alfa
zərrəciklərini öyrənməyi tapşırdı. Bunlar Rezervordun "sevimli"
zərrəcikləri idi. Onun bütün tələbələri alfa
zərrəcikləri ilə məşğul idi. Kapitsa zərrəciklərin
impulsunu müəyyən etməli idi. Bunun üçün Kapitsaya güclü
maqnit sahəsi lazım idi. Çox güclü maqnit sahəsinin
yaradılması üzrə işlər getdikcə müstəqil xarakter aldı
və o, alfa zərrəciklərinin impulsunun öyrənilməsi
işindən, nüvə fizikasından uzaqlaşdı. Lakin onun
1922-ci ildə Kembricdə müdafiə etdiyi doktorluq işi
"Alfa zərrəciklərinin maddələrdən keçməsi və maqnit
sahəsinin alınması" idi.
Kembricdə
işləyərkən Kapitsa tərəfindən çox güclü maqnit
sahələrinin yaradılması problemi öz həllini tapdı. O,
buraya Vilson kamerasını yerləşdirməyi təklif etdi.
Nəticədə ilk dəfə olaraq maqnit sahəsi tərəfindən
əyilmiş alfa zərrəciklər əldə olundu. Zərrəciklərin
hərəkət trayektoriyasının əyrilik radiusu əsasında
hissəciyin yükünü, enerjisini, kütləsini müəyyən etmək
mümkün oldu. Lakin Pyotr Kapitsanın aşağı temperatur,
aşağı temperaturlu texnika və fizika sahəsində uğurları
xüsusilə dəyərli oldu. 1937-ci ildə Kapitsa əvvəllər
elmə məlum olmayan maye heliumun yüksəkaxıcılıq
qabiliyyətini kəşf etdi. Bundan başqa, Kapitsa cəmi
6-7 atmosfer təzyiqdə qazların durulaşdırılması üçün
unikal maşın yaratdı. Əvvəlki maşınlarda qazı 200-300
atmosferə qədər sıxmaq lazım idi.
Kapitsa məhz aşağı temperaturlar fizikası sahəsindəki bu
nailiyyətlərinə görə fizika sahəsində Nobel mükafatı
laureatı olub.
"Rusiyadan olan dahi"
Ötən əsrin əvvəlləri - 20-ci illər müasir fizikanın
təşəkkülündə ən səmərəli və məhsuldar dövr hesab olunur.
Kavendiş laboratoriyasında və Avropanın digər elmi
mərkəzlərində ən ağlagəlməz eksperimentlər qoyulurdu.
Elmi dairələrdə çox gərgin elmi diskussiyalar davam
edirdi. Kvant qanunauyğunluqlarının öyrənilməsinə ilk
cəhdlər edilirdi. Kavendiş laboratoriyası müzakirələr
və mübahisələr meydanına çevrilmişdi. Pyotr Kapitsa da
tezliklə bu mühitə daxil oldu. İoffe məktəbi ona bu
sahədə ilk elmi baza bilikləri vermişdi. Gənc fizik
yenilikçi mühəndis risklərinə tam hazır idi. Baxmayaraq
ki, Kapitsanın güclü maqnit sahəsinin alınması məqsədilə
apardığı eksperimentlər laboratoriyada güclü
partlayışlarla müşayiət olunurdu, o, bundan əsla
qorxmurdu. Kapitsanın eksperimentləri Kavendişin köhnə
divarlarında tez-tez əks-səda yaradırdı, eksperimentlər
isə maddə və sahənin quruluşu barədə əvvəlki bilikləri
zənginləşdirirdi. Kembricdə Kapitsanın elmi nüfuzu
sürətlə artırdı. 1929-cu ildə London Kral Cəmiyyəti ona
professor fəxri adı verdi. Müəllimi Rezervord "Rusiyadan
olan dahi"nin təşəbbüsləri üçün xəsislik etmirdi. Artıq
30-cu illərdə Kavendiş laboratoriyasının əməkdaşları
Rezervordun qüsurlarından söz düşəndə qeyd edirdilər ki,
ser Rezervord Pyotr Kapitsanın tədqiqatları üçün həddən
çox vəsait xərcləyir. Əlbəttə ki, söhbət
laboratoriyanın həyətində Pyotr Kapitsa üçün ayrıca
müasir laboratoriyanın (Mond laboratoriyası)
tikintisindən gedirdi. Rezervordun təkidi ilə London
Kral Cəmiyyəti xüsusi olaraq Kapitsa üçün yeni
laboratoriya yaratdı. Laboratoriya alman əsilli sənayeçi
və kimyaçı Lüdviq Mondun Kral Cəmiyyətinə vəsiyyət
etdiyi vəsait hesabına inşa olunmuşdu və onun şərəfinə
Mond laboratoriyası adlanırdı.
Rezervord tələbəsinə inanırdı, ona böyük ümidlər
bəsləyirdi. Bu qədər maliyyə xərcləri və şərəfə
Rezervordun heç bir şagirdi layiq görülməmişdi. Mond
laboratoriyasında çox güclü maqnit sahəsi tədqiq
olunurdu. Tezliklə Kapitsa ən müasir elmi problemlərin
müzakirə olunduğu seminarlar təşkil edir. Avropanın ən
istedadlı alimləri bu seminarlarda iştirak edirdilər.
"Kapitsa klubu" adlandırılan bu seminarlarda bəzən ən
aktual elmi problemlər ətrafında qızğın müzakirələr
aparılırdı. Klubun ən məşhur qonaqları qismində tez-tez
Nils Bor, Born, Ernest Rezervord və digər məşhur alimlər
iştirak edirdi. Mond laboratoriyasında Kapitsa aşağı
temperaturları öyrənirdi. O, tez-tez Rusiyaya gəlirdi.
13 il İngiltərədə yaşayan Kapitsa vətəndaşlığını
dəyişməmişdi. Baxmayaraq ki, ingilis həyat tərzi onun
üçün artıq yad deyildi.
1934-cü
ildə sovet hakimiyyəti növbəti dəfə vətənə gələn
Kapitsaya Kembricə qayıtmağı qadağan etdi. Ona hətta öz
müəllimi Ernest Rezervordla danışmağa belə icazə
vermədilər.
"Məni qala tikməyə, kanal qazmağa məcbur etmək olar,
lakin mənim ruhumu heç kim ala bilməz..."
Sovet hökumətinin Kapitsaya İngiltərəyə qayıtmağı
qadağan etməsi onun müəllimi Ernest Rezervord və Avropa
elmi cəmiyyətləri tərəfindən hiddətlə qarşılandı.
Rezervord sevimli tələbəsinin müdafiəsinə qalxdı. O
bəyan etdi ki, Kapitsa Mond laboratoriyası olmadan,
laboratoriya da onsuz yaşaya bilməz. 1934-cü il aprelin
24-də London qəzetləri "Kembric Sovetlərin qərarından
şokdadır", "Kembric tədqiqatlarının sonu", "Rusiya
professoru saxlayıb; İngiltərə böyük alimi itirir", "Elm
aləmi üçün fəlakət" kimi başlıqlarla dərc olunmuşdu.
İngiltərədə yaşadığı 13 il ərzində Kapitsa Londonda
ikinci dəfə evləndiyi Anna Krılova ilə bir neçə dəfə
mühazirələr oxumaq və kurortların birində dincəlmək üçün
vətənə qayıtmışdı. Kremldə Kapitsanı "uzunmüddətli
xarici ezamiyyətdə olan sovet fiziki" kimi tanıyırdılar.
Sovet rəsmi hakimiyyət orqanları dəfələrlə müraciət
edərək ondan Sovet İttifaqında daimi yaşamağı xahiş
etmişdilər. O bu təklifə maraqla baxırdı, lakin öz
şərtini də irəli sürürdü. Bu şərt isə əsasən Kapitsanın
Avropa səfərlərinə əngəl yaradılmaması ilə bağlı idi.
Məhz bu şərti Moskva qəbul etmirdi və nəticədə bu məsələ
həll olunmamış qalırdı. 1934-cü ilin yayında Kapitsa
növbəti dəfə arvadı ilə Sovet İttifaqına səfərə gəldi.
Lakin İngiltərəyə dönmək istəyəndə məlum oldu ki,
onların Avropaya qayıtmaq vizaları ləğv olunub. Sovet
rəhbərliyi ilə kəskin və faydasız toqquşmadan sonra
Kapitsa vətəndə qalmağa məcbur oldu. Onun arvadına isə
İngiltərəyə uşaqlarının yanına dönməyə icazə verdilər.
Beləliklə də sovet rejimi akademik Kapitsanı ailəsindən,
sevimli işindən, laboratoriyasından ayırdı. O,
sarsılmışdı.
Alimin yaşadığı ruhi-mənəvi sarsıntıları onun
İngiltərəyə arvadına göndərdiyi məktublar sübut edir.
Məktublardan birində o yazırdı: "İndi həyat mənim üçün
son dərəcə mənasızdır. Mənim yumruqlarım sıxılır və mən
saçlarımı yolmağa və dəli olmağa hazıram. Mənim
laboratoriya cihazlarım, mənim ideyalarımla başqaları
yaşayır və işləyir, mən isə burada oturmuşam, başa düşə
bilmirəm ki, bu, nə üçün lazımdır. Bəzən mənə elə gəlir
ki, mən dəli oluram".
Bir neçə müddətdən sonra Anna Alekseyevna Moskvaya
ərinin yanına köçdü, daha sonra isə oğlanları (Sergey və
Andrey Kapitsalar sonralar sovet elminin görkəmli
nümayəndələri oldular) da vətənə döndülər. Rezervord
sovet hakimiyyətindən Kapitsanın elmi işlərini davam
etdirməsi üçün İngiltərəyə dönməsinə icazə verməsini
xahiş etmişdi. Lakin bütün müraciətlər nəticəsiz qaldı.
1935-ci ildə Kapitsaya SSRİ Elmlər Akademiyasının yeni
yaradılmış Fiziki Problemlər İnstitutunun direktoru
postunu təklif etdilər. Lakin Kapitsa bir il bu təklifi
rədd etdi. Öz sevimli tələbəsini itirməsi ilə barışmaq
məcburiyyətində qalan Rezervord sovet hökumətinə Mond
laboratoriyasını satın almağı və onu dəniz yolu ilə SSRİ-yə
çatdırmağa razılıq verdi. Laboratoriyanın daşınması və
onun Fiziki Problemlər İnstitutunda bərpası üzrə
danışıqlar bir neçə il davam etdi. Rezervordun özü üçün
də Kapitsanın Rusiyada qalması əsl dram idi və nəticədə
sevimli tələbəsindən uzaq düşən Rezervord tezliklə
həyatla vidalaşdı.
Kapitsa sovet hökumətinin düzgün hesab etmədiyi bir çox
qərarlarını açıqca tənqid edirdi. O, yalnız tədricən
totalitar sistemin reallıqlarını anlamağa başladı. Alim
sanki qəfəsdə idi. Bəzən o, ümidsizliyə qapılırdı. "Məni
qala tikməyə, kanal qazmağa məcbur etmək olar, lakin
mənim ruhumu heç kim ala bilməz. Əgər məni ələ salmaq
istəsələr, onda mən alnıma güllə sıxaraq həyatıma son
qoyacam".
Bu hələ son deyil
"Qəm yemə və kədərlənmə. Həyat ən mürəkkəb problemləri
həll edir, əgər ona kifayət qədər vaxt verilsə",-deyən
Kapitsa bu qənaətdə idi ki, elmi həqiqət həyatda hər
zaman özünə yol açacaq. Lakin bu yolu sürətli və daha
düz etmək birbaşa insanların özündən asılıdır.
Və Kapitsa artıq Moskvada öz işlərini təşkil etməyə
qərar verdi. Hər şey sıfırdan başlanmalı idi. Onun artıq
40 yaşı var idi. Lakin tükənmək bilməyən elm yanğısı onu
dinc qoymurdu. 1938-ci ildə Kapitsa "SSRİ Elmlər
Akademiyasının məruzələri" və "Nature" jurnalları
redaksiyasına qeyri-adi xəbər göndərdi: "Mayelərin
müqavimət olmadan yüksəkaxıcılıq qabiliyyəti kəşf olunub".
Bu görünməmiş fiziki hadisə yalnız aşağı temperaturlarda
maye heliumda müşahidə olunurdu. Maye heliumun
yüksəkaxıcılıq qabiliyyətinin kəşfi heç şübhəsiz ki,
istedadlı alimin ən parlaq elmi nailiyyəti idi. Maye
heliumu öyrənmək, laborator tədqiqatları aparmaq
məqsədlə kifayət qədər helium əldə etmək üçün Kapitsa
xüsusi qurğu işləyib hazırlamışdı. Bu işdə də
Kapitsanın uşaqlıqlan böyük maraq göstərdiyi ixtiraçılıq
qabiliyyətinin böyük rolu olmuşdu. Tezliklə Kapitsanın
elmi uğuru Avropanın bütün elmi cəmiyyətləri tərəfindən
maraqla qarşılandı və qəbul olundu.
Gənc alimlərin havadarı
Sovet hakimiyyətinin Kapitsanı Mond laboratoriyasından
ayırması onun elmi taleyinə ilk yüksək zərbə idi.
Müharibədən bir il sonra, 1946-cı ildə ona daha bir
zərbə vuruldu: Moskva Texniki İnstitutunun nəzdində öz
əlləri ilə yaratdığı laboratoriyanı da əlindən aldılar.
Kapitsanı müstəqilliyinə və nadir müşahidə olunan
cəsarətli davranışlarına görə vəzifəsindən azad etdilər.
Bu cəsarət və müstəqilliyini o, müharibəyə qədər 3 dəfə
- 1935, 1937, 1938-ci illərdə nümayiş etdirdi. 1935-ci
ildə görkəmli rus riyaziyyatçısı Nikolay Luzinin
müdafiəsi üçün sovet rəhbərliyinə məktub yazdı. Öz
məktubu ilə Kapitsa riyaziyyatçını həbsdən xilas etdi.
1937-ci ildə tanınmış fizik-nəzəriyyəçi Vladimir Fok
həbs olundu. Yenə də Kapitsa özündə cəsarət toplayaraq
Stalinə ünvanladığı məktubda riyaziyyatçının azad
olunmasını xahiş etdi. Alimin təkidli xahişlərindən və
açıqca nümayiş etdirdiyi cəsarətin təsirindən Stalin bu
xahişi rədd etmədi.
1938-ci ilin aprel günlərindən birində Fiziki Problemlər
İnstitutunun əməkdaşı, sovet nəzəriyyəçi fiziklərin
rəhbəri Lev Landau işə gəlmədi. Dərhal da hamıya məlum
oldu ki, bunun səbəbi nədir. Yenə də Kapitsa dərhal
Stalindən Landaunun işinə müdaxilə etməsini və onun
tezliklə azad olunmasını tələb etdi. Əks halda,
rəhbərlik etdiyi institutdan istefa verəcəyi ilə
hədələdi. Landau bir ildən sonra azadlığa buraxıldı.
Kapitsa və totalitar sovet rejimi
Böyük Vətən müharibəsi illərində Kapitsanın alim-mühəndis
dahiliyi düşmən üzərində hərbi üstünlüyün təmin
olunmasında qiymətsiz idi. Müharibə illərində Kapitsa 2
dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına , 2 Stalin
mükafatına layiq görüldü, "Qırmızı Əmək Bayrağı" ordeni
ilə təltif olundu. Sovet rejimi bir dahi alim, elm
təşkilatçısı kimi onunla hesablaşmağa məcbur idi...
1945-ci ilin avqustunda Kapitsa akademik İqor Kurçatovla
birlikdə SSRİ atom bombasının hazırlanması üzərində
işləyən Xüsusi komitənin tərkibinə daxil olur. Onlara
fövqəl etimad göstərildi. Komitədə yalnız 2 fizik -
Kapitsa və Kurçatov təmsil olunurdu, komitəyə isə
Lavrenti Beriya rəhbərlik edirdi. Bu isə tezliklə
fəlakətə gətirib çıxardı. Kapitsa əmin oldu ki, belə bir
adamın rəhbərliyi altında işləyə bilməyəcək, ona görə də
Stalinə 2 məktub yazaraq Beriya haqda bütün
narazılıqlarını əsaslandırdı. Məktublarında Kapitsa heç
nəyi gizlətmədi. Bundan əlavə, məktubu Beriyanın özünə
də göstərməyi xahiş edirdi! Məktubda isə qeyd olunurdu
ki, Beriya atom layihəsinə rəhbərlik edir, lakin işlərin
mahiyyətindən bixəbərdir. Kapitsa Beriyanı notu oxuya
bilməyən dirijora bənzədirdi. Bütün bunlar rejimə boyun
əyməyən akademikə qanlı divan tutmaq üçün kifayət idi.
Məlumdur ki, Stalin onun haqqında - "bütün alimlərin
dostu" ifadəsini işlətmişdi. "Mən onu işdən azad edirəm,
lakin sən ona toxunma",-deyə Stalin Beriyaya Kapitsa
barədə tapşırıq vermişdi. Kapitsanı gözdən saldılar,
lakin o, Beriya ilə qarşıdurmadan sağ qaldı. Məşhur
fiziki Xüsusi komitədən uzaqlaşdırdılar. Ev dustağı oldu.
Yaratdığı institutdan kənarlaşdırıldı. 1949-cu ilin
dekabrında bütün ölkə Stalinin 70 illiyini qeyd edəndə
Kapitsa tədbirlərə qatılmadı. Buna görə də M.Lomonosov
adına MDU-da professor vəzifəsindən də kənarlaşdırıldı.
Lakin bütün bu təzyiqlər onun iradəsini sındırmadı.
Yaratdığı laboratoriyadan, başına topladığı
əməkdaşlarından məhrum olan Kapitsa bir neçə aydan
sonra özünün bağ evində kiçik laboratoriya yaratdı.
O, burada hidrodinamika ilə məşğul olmağa başladı.
Məşhur akademiklə hər hansı əlaqədən qorxan keçmiş
əməkdaşları gizlində ona kömək edirdilər. Yalnız
Stalinin ölümündən 2 il sonra Kapitsa instituta qayıda
bildi. 1955-ci ilin yanvarında Kapitsa Fiziki Problemlər
İnstitutunun direktorluğuna bərpa olundu. O, ömrünün
sonuna kimi instituta rəhbərlik etdi. Sonrakı illərdə
Kapitsa plazma fizikası ilə məşğul oldu. 1965-ci ildə
30 illik fasilədən sonra Kapitsa Kembricə səfər etdi.
Gecikmiş mükafat
Nobel mükafatını Kapitsa çox gec, 1978-ci ildə 84
yaşında ikən aldı. 1978-ci ildə İsveç Nobel komitəsi
P.Kapitsaya teleqram göndərərək ona aşağı temperaturlar
fizikası sahəsində fundamental tədqiqatlarına görə Nobel
mükafatına layiq görüldüyünü xəbər verdi. Demək olar ki,
mükafat tam 40 il gecikmişdi. Alimin silahdaşları onun
mükafatı çox gec almasını ədalətsiz qərar
adlandırmışdılar. "Problemi görmək onu həll etməkdən çox
çətindir. Birinci üçün təxəyyül, ikinci üçün isə yalnız
bacarıq lazımdır", - deyən Kapitsaya görə, işgüzarlıq
olmadan heç bir istedad nəticə verə bilməz. O bu
prinsipə ömrü boyu əməl etmişdi.
Pyotr Kapitsa 1984-cü il aprelin 8-də özünün 90 yaşına
3 ay qalmış vəfat edib.
Hazırladı: Oruc MUSTAFAYEV |