Laçın
harayı şahidlərin dilində "Ürəyimə damıb ki, Laçına da
qovuşacam, Sahibimə də..."
Zeynalova Tamara Əlfəsiyab qızı -
1992-ci ilin yazı Laçına qara gəldi. Allah elə günləri
heç Tanrı bəndəsinə göstərməsin. Evdə oturmuşduq.
Kəndimiz - Piçənizdən yuxarıda Meşəli deyilən kənd vardı.
Kəndin aşağısında isə 10-15 hektar boş düzəngahlıqdı.
Bir də gördük 80-ə yaxın yük maşını bir-birinin ardınca
düzülüb budu qalxır üzü yuxarı, bizim kəndə sarı.
Meşəli kəndində böyük mal ferması vardı. Bax, o fermanın
mallarını doldurdular o maşınların kuzovuna... Kəndə
qaçaqaç düşdü. Həyat yoldaşım Təvəkkül məni də o mal-heyvan
gətirilən maşınların birinin kabinkasına oturdub Ağdama
yola saldı.
1992-ci il may ayının 17-si idi. 9 gün əvvəl Şuşa işğal
olmuşdu. 9 gün idi ki, nəslimizin bütün başıpapaqlıları
Şuşa müsibətində itkin düşən əzizlərimizi oba-oba,
cığır-cığır gəzib axtarırdılar. Gözümün ilki, ilk
övladım Sahib ailəli idi. Sumqayıtda kirayədə yaşayır,
fəhlə işləyirdi. Üç körpə oğlu vardı, ilki 6, ortancılı
4 yaşında, sonbeşiyi 6 aylıq idi. Laçında vəziyyət
qarışanda gəlib rayonumuzu qoruyan könüllülərə qoşuldu
oğlum. Yoldaşı Sveta Şuşalı qızı idi. Gəlinimin anası
Zülfirə Şuşada qalmışdı. Mayın 8-də Sahib getdi
Zülfirəni tapıb gətirsin Laçına. Axşama xəbər gəldi ki,
Şuşanı ermənilər işğal edib.
Qızım,
iyirmi ildi "bala" deyib, "Sahib" deyib dağa-daşa ün
salıram. Gəlinim bilmir "anam" deyib ağlasın, yoxsa "ərim".
O gün, bu gün nə Sahibi, nə də Zülfirəni gördüm deyən
olmayıb. Sahibin sonbeşiyinin indi 20 yaşı var. Bilmir
ata sözü nə olan sözdü. Amma həmişə deyir ki, nənə,
nolar atamdan bir az danış. Atamın boy-buxunu necəydi,
xasiyyəti necəydi? Onda ürəyim şan-şan olur.
Şuşa əldən gedəndə mənim ürəyimə qorxu düşdü ki, Laçın
da əlimizdən gedəcək. Laçın camaatı yük maşınlarının
kuzovlarında çıxdı Laçından. Yoldaşım Laçınsız, Sahibsiz
cəmi 8 il yaşaya bildi. Mən dözürəm hələ, buna dözmək
demək mümkünsə... Laçında 12 uşaq anası olmuşam. 6
balamın məzarı Laçındadı.
Laçının işğalından üç gün əvvəl rayonun mərkəzinə qrad
atdılar. Beş nəfər yaxın qohumumuz yerindəcə keçindi. O
beş nəfərdən biri - Seyfəli qonşu Arduştu kəndindən idi,
cənazəni gətirdilər kəndə, dəfn etdilər, səhər qaçaqaç
düşdü, imkan olmadı ki, yası keçirilsin.
Həmişə deyərdim ki, Allahım, nə vaxt ölsəm, ölümüm
Laçında olsun. Kimin ağlına gələrdi ki, o qədər təmiz
havası, suyu, sərinliyi, yaxşı firavan yaşayışı olan
yurdlarımız düşmənə qalacaq. Hər şeyimiz yağıya qaldı
qızım. Torpaqlarımız da, qazandıqlarımız da... - Cavan
balalarımız da... Ürəyimə damıb ki, Laçına da qovuşacam,
Sahibimə də... Tutaydım Sahibin balalarının əlindən,
qalxaydım Laçına, deyəydim, "oxaaay Vətənə gəldim, imana
gəldim".
"Laçında bitən meyvələrin dadını axtarıram 20 ildi"
Əhmədov
Bəhmən Əhməd oğlu -
Laçının Piçəniz sovetliyinin Qırmızı Güney kəndində
doğulmuşam. Laçın deyəndə, gözümə görünür uca zirvəsi
dumanlarla öpüşən qarlı dağlar, sinəsi güllü-çiçəkli
yamaclar, zirvələrdən axan buz bulaqlar, dağların belinə
dolanan Həkərinin şırıltısı... Anadan olduğum kəndin hər
iki tərəfindən qoşa çay axırdı. Gecələr yatanda
bilmirdik hansı çayın zümzüməsinə qulaq kəsilək. İndi
İnternetdə baxmışam, bizim kənddə, əmimgilin qapısında
ermənilər 57 dənə arı pətəyi saxlayırlar. Oxuduğum
məktəbdə erməni balalarına dərs keçirlər.
İşğaldan 4 gün əvvəl qardaşım oğlu Şahin Laçının
mərkəzinə atılan qraddan dörd nəfər qohumla birgə şəhid
oldu.
Xocalı qırğınında içimdə dünyam uçub-töküldü mənim.
Dedim xoş günlərimiz bitdi daha. Şuşadan sonra da, Laçın
ortada, mühasirədə qaldı. Qaçhaqaçda bacım qızı Rəfiqə
həlak oldu. Qayğı qəsəbəsini keçəndə qardaşım Tahirlə
Əhliyətin oğlanları Məmmədnən Şahin şəhid oldular. Heç o
günahsızlara el qaydasınca dəfn edilmək də qismət olmadı.
Yolun qırağında basdırdıq, nişanə də qoymadıq ki, qəbir
olduğu bilinməsin. Mən bu 75 illik ömrümdə belə bir
nəticəyə gəlmişəm ki, o zaman ümummilli liderimiz Heydər
Əliyev hakimiyyətdə olsaydı, bütün bu faciələr baş
verməzdi.
20 ildi Vətəndə Vətənsizəm. Əvvəl "laçınlıyam" deyərdim
soruşanlara, indi "laçınsızam" deyirəm. Laçında bitən
meyvələrin dadını axtarıram 20 ildi. İnsan gözünü harda
açıbsa, o torpaq hər zaman çəkir onu. Hər yay piyada
qalxıram Hacıkənd tərəfə, ordan baxıram Kəpəzə, deyirəm
Kəpəz, yol ver Laçına gedim... Laçının iyini alıram
oralardan. Fələklə davadayam, bala, deyirəm, ölmərəm ey
laçınsız, köç başlasın Laçına... dizin-dizin,
sürünə-sürünə yalayaram torpağımı... hər quşa öz yuvası,
qızım, insana da öz od-ocağı... Bu dünya belə qalmaz
deyirəm. Prezidentimiz də çalışır, Qarabağ məsələsinin
həlli yollarını axtarır. İnanırıq ki, dövlət başçımızın
qətiyyətli mövqeyi və iradəsi sayəsində biz
torpaqlarımıza qayıdacağıq. Laçınsız-Şuşasız elə bil
Azərbaycan qollarsız bədəndi. Hərdən istəyirəm üzümü
göyə tutub haraylayam: "Laçın heeeyy... Ay Laçın, mən
sənə qurban Laçın".
"... Anamın məzar yerini, köhnə evimizi bir də görə
bilsəydim..."
Məmmədova
Tünzalə Əfqan qızı -
Mən Laçının Piçəniz kəndində yaşamışam. 1985-ci ildənəm.
Laçın işğal olanda 6 yaşım vardı. Yük maşınının
kuzovunda bir-birimizə sıxılıb kənddən çıxdıq. Qayğı
qəsəbəsini keçəndə maşınımızı atəşə tutdular. Anam
Rəfiqə orada həlak oldu. Anamı elə öldüyü yerdə, yol
qırağında basdırdılar. Ağlayıb özümü öldürürdüm. Anamı
qoyub getmək istəmirdim. Laçınlı günlərim analı, atalı
günlərim deməkdi mənimçün. Hələ də elə bilirəm, yuxu
görürəm. Kənddəki evimizi heç unuda bilmirəm.
Birmərtəbəli yığcam bir evdi. Atam usta idi. Çoxlu
material, qapı-pəncərə almışdı, hazırlaşırdı ki, təzə ev
tiksin. Anam hər səhər saçlarımı darayardı, məni öpüb
oxşayardı... Deyirəm, ay Allah, bir möcüzə yarat, yenə
anam sağ ola, anamın sağ olduğu günlərə qayıdam. Yenə
kənddəki o balaca evimizdə yaşayam. İndi ailəliyəm, iki
uşaq anasıyam. Şükür Allaha. Amma yenə də Laçındakı
günlərimin həsrətini çəkirəm. Deyirəm, evdən gəlin
köçəndə anam Rəfiqə xeyir-duamı verib məni ər evinə yola
salaydı. Arzularımın hamısı ürəyimdə dəfn olunub. 6
yaşında ana itirən, 8 yaşından xala evinə pənah aparan
bir körpənin hansı arzuları göyərər ki? Yenə Laçına
qayıda bilsəydik, anamın məzar yerini, köhnə evimizi bir
də görə bilsəydim, bəlkə də ürəyimin qubarı bir az
əriyərdi...
"Nənəm deyir ki, çoxlu kitab oxusam əmimin bağlı
qapısının açarını taparam"
Zeynallı Sahib Abbas oğlu -
Mənim 5 yaşım var. Məni Bakıda alıb atamgil. Amma nənəm
deyir ki, mən Laçındanam. Mənim bir əmim olub Sahib
adında, ermənilər onu oğurlayıb. Nənəm də əmimin adını
verib mənə.
Atama deyirəm ki, 6 yaşım tamam olsun, mənə bir avtomat,
bir əsgər toqqası, bir də əsgər maskası al, gedim əmimi
düşmənlərdən alım gəlim. İndi mən hazırlıqda oxuyuram...
nənəm deyir ki, çoxlu kitab oxusam, əmimin bağlı
qapısının açarını taparam. Deyir ki, hansısa kitabın
içində o açar barədə yazıblar. Mən yekəlib mütləq o
açarı tapacam. Xala, sən o açarın yerini bilirsənsə mənə
de də...
İndidən sənə uğur diləyirəm, balaca kişi! Sən axtardığın
o açarın yerini özün tapacaqsan... Çünki bir məqsədə
çatmaq üçün əsas ürəkdəki təpərdi, o da səndə var...
Hazırladı: Ellada UMUDLU |