Bəzən
həyatda insan sənət seçərkən valideynlərinin məsləhətinə,
arzu və istəyinə uyğun hərəkət edir. Bu cür seçim
çoxlarına uğur gətirir. Təbii ki, əksinə də olur. Bəzən
də elə olur ki, haqqında düşünmədiyin, bir qədər çətin
görünən bir peşənin yolçusu olursan. Bizə təsadüf kimi
görünən bu seçim isə bəlkə də bir zərurətdən doğur.
Uşaqlıqda həkim, yaxud da müəllim olmaq istəməyən az
adam tapılar. Bu istəyin gerçəkləşib-gerçəkləşməməsi də
tale işidir.
Aytən Mütəllimova həkim ailəsində dünyaya göz açıb,
valideynlərinin hər ikisi insanların sağlamlığı
keşiyində dayanan, bu adı şərəflə daşıyan tibb işçisidir.
Ağ xalatın cazibəsi Aytəni elə uşaqlıqdan özünə cəlb
etmişdi. Kim soruşsa, həkim olacağını söyləyirdi, lakin
belə olmadı. O, müəllim olacağına qərar verəndə hamıdan
çox atası Fikrət sevindi. Sən demə, o, ürəyində bu
arzunu çoxdan gəzdirirmiş, Aytənin müəllim olmasını
istəyirmiş. Beləcə Göyçay rayonundakı 3 nömrəli tam orta
məktəbin rus bölməsini bitirən Aytən Mütəllimova nənəsi,
ibtidai sinif müəllimi Mülayim xanımın yolunun davamçısı
oldu.
Pedaqoji fəaliyyətə 10 il əvvəl Göyçay məktəblərinin
birində başlayan Aytən tez bir zamanda ailə vəziyyəti
ilə əlaqədar Bakıya köçməli olur. Hazırda Xətai
rayonundakı 17 nömrəli tam orta məktəbdə çalışır,
ibtidai sinif müəllimidir. Aytən müəllim deyir: "Belə
bir deyim var: Pis sənət yoxdur, pis sənətkar olur".
Peşələrin də pisi yoxdur, əgər işini sevirsənsə, ona hər
cür gözəllik gətirə bilərsən. Mən öz peşəmi sevirəm,
odur ki, hansı çətinlik olursa-olsun öhdəsindən gəlməyə
iradəm, gücüm çatır. Çoxları elə düşünür ki,
kiçikyaşlılarla işləmək çətindir. Məncə, yox! Doğrudur,
hələ məktəbin nə olduğunu bilməyən, əlində qələm tutmağı
bacarmayan uşaqları ram etmək o qədər də asan olmur,
onları düşdükləri bu mühitə alışdırmaq üçün vaxt
lazımdır. Bir az səbr etmək gərəkdir, sonra hər şey öz
qaydasına düşür, onlar öyrənmək, sən də öyrətmək
istəyirsən. Beləcə, hərflər, rəqəmlər yan-yana düzülür,
dünənki şıltaq, ərköyün uşaqdan əsər-əlamət qalmır...
Ötən illər ərzində Aytən təcrübəsini zənginləşdirib,
ölkədə aparılan təhsil islahatının uğurla həyata
keçirilməsi üçün öz töhfəsini verməyə çalışıb. Son 3
ildə isə kurikuluma əsaslanan tədris prosesinin qarşıya
qoyduğu yenilikləri mənimsəməyə, müvafiq kurslarda bir
qədər də təkmilləşməyə səy göstərib. Daim öz üzərində
çalışır, zamanın axarından geridə qalmır, öyrəndiklərini
tədris prosesində tətbiq etməkdən çəkinmir. Yaxşı bilir
ki, bu gün həyatın tələbləri başqadır, indi şagirdlərə
həyati bacarıqlara əsaslanan təhsil vermək lazımdır.
Şagirdlərin intellektinin inkişafı ön plana çəkilməli,
intellekt, bacarıq və vərdişlərin formalaşmasını təmin
edən təlim metodlarından istifadə olunmalıdır. Aytən
müəllimin bu mühüm amilə üstünlük verməsi ona təlim
prosesində yüksək göstəricilər əldə etməyə zəmin yaradıb.
O, şagirdlərinə sərbəst düşünməyə, müstəqil fikir
yürütməyə imkan yaradır, onların arzu və istəklərini
nəzərə alır. 45 dəqiqənin quru, cansıxıcı keçməməsi üçün
əlindən gələni edir. Dərsin gedişi zamanı istifadə
etdiyi vasitələrlə şagirdlərin diqqətini cəlb edir,
onların təlim prosesinə həvəsini, marağını artırır.
Sözsüz ki, tədrisin maraqlı və məntiqli alınmasında onun
kurikulum əsasında aparılması böyük rol oynayır. Aytən
müəllim dərsləri qeyri-ənənəvi şəkildə qurmaqla sinifdə
bütün şagirdləri eyni vaxtda problemin həllinə cəlb edir,
hər kəsin fikri öyrənilir, cavabı qiymətləndirilir.
Təhsildə uğur qazanmağın bir cəhəti də valideynlərlə
qarşılıqlı münasibətin qurulmasıdır. Bu mənada Aytən
müəllimin öyünməyə haqqı var. Dərs dediyi II "b"
sinfində valideynlər, demək olar ki, tədris prosesinin
əsl iştirakçılarına çevriliblər. Ona görə də ortaya
çıxan problem, çətinlik operativ həllini tapır. Məktəbdə
fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyası da bu
işdə onlara köməkçi olur.
Müəllim yaradıcı insandır, onun işləməsi üçün normal
mühit olmalıdır. Bu mühitin formalaşması isə rəhbərdən
çox asılıdır. Aytən müəllim çalışdığı kollektivdən,
müəllimlər arasındakı mehriban, işgüzar münasibətdən,
direktor Bədəl Bədəlovun qayğısından da razılıq hissi
ilə danışdı: Hər bir təhsil müəssisəsində elə mühit
olmalıdır ki, orada müəllim rahat işləyə bilsin. Məktəb
rəhbəri hər bir yeniliyin tətbiqinə maraq göstərməlidir.
Bu gün informasiya-kommunikasiya texnologiyaları
həyatımıza geniş şəkildə daxil olub, təhsil sahəsi də
həmçinin. İşlədiyim məktəbdə bu mühüm məsələ daim
diqqətdə saxlanılır. Bədəl müəllim təhsilin səviyyəsini
yüksəltmək üçün mövcud imkanlardan maksimum yararlanmağa
şərait yaradır, hər bir pedaqoqa qayğı ilə yanaşır.
Aytən müəllim də hamı kimi böyük arzularla yaşayır.
Milli təhsilimizin çoxsaylı təəssübkeşləri sırasında
özünə layiqli yer tutmaq, sayılıb-seçilən müəllimlərdən
biri olmaq, yetişdirdiyi şagirdlərin uğurlarına sevinmək,
ən başlıcası, müəllim adının şərəfini, nüfuzunu qorumaq!...
Və bir də şagird sevgisini qazanmaq. Onun ilk uğurları
isə istəklərinə çatacağına əminlik yaradır...
H.BAXŞƏLİYEV |