Azərbaycan Dillər Universitetində İspan dili mərkəzinin
açılış mərasimi keçirildi. Açılış rəmzini bildirən
qırmızı lent kəsildi. Mərasimdə çıxış edən ADU-nun
rektoru Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil
ocağında tarixi bir gün yaşandığını bildirdi. Cənubi
Qafqaz regionunda ən böyük Amerika mərkəzinin ADU-da
fəaliyyət göstərdiyini deyən S.Seyidov təhsil
müəssisəsində 15-ə yaxın əcnəbi dilin tədris olunduğunu,
eləcə də mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd etdi.
Bir müddət öncə ADU-da Höte İnstitutunun filialının
fəaliyyətə başlamasından danışan rektor təhsil
müəssisəsində ispan dili mütəxəssislərinin, həmçinin
İspaniyadan gələn müəllimlərin çalışdığını vurğuladı.
ADU-nun rektoru ispan dilinin Azərbaycanda
öyrənilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini söylədi.
Rektor mərkəzin ispan dilinin, mədəniyyətinin
öyrənilməsində tələbələrə, eləcə də bütün maraqlı
şəxslərə yararlı olacağına əminliyini ifadə etdi. O,
mərkəzin İspaniya mədəniyyətinin Azərbaycanda,
Azərbaycan mədəniyyətinin İspaniyada təbliği
istiqamətində vacib rol oynayacağını dedi. ADU-nun
rektoru şəxsi kitabxanasından İspan dili mərkəzinə
kitablar hədiyyə etdi.
Tədbirdə çıxış edən İspaniya Krallığının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Kristobal Qonsales -
Aller Xurado dost münasibətinə və mərkəzin fəaliyyəti
üçün yaradılan şəraitə görə ADU-nun rektoruna öz
təşəkkürünü bildirdi. Mərkəzin açılmasında əməyi olan
şəxslərə minnətdarlığını ifadə edən Kristobal Qonsales
- Aller Xurado mərkəzin ispan dilinin tədrisində və
təbliğində mühüm rola malik olduğunu qeyd etdi: "Ölkələrimiz
arasında olan mədəni, eləcə də digər əlaqələrin bundan
sonra da artan tempdə inkişaf edəcəyinə ümidvaram.
Mərkəzin gələcək inkişafı üçün öz dəstəyimi
əsirgəməyəcəyəm". İspan dili kafedrasının müəllimi,
İspaniya vətəndaşı Anxel Konde Munyoz isə çıxışında
pedaqoji fəaliyyətinə toxundu. ADU-da peşəkar ispan dili
mütəxəssislərinin olduğunu deyən A.K.Munyoz belə bir
kollektivdə çalışmaqdan məmnun olduğunu bildirdi.
İspaniyalı pedaqoq mərkəzin açılmasını ispan dilinə və
mədəniyyətinə verilən töhfə kimi qiymətləndirdi.
İspan dili mərkəzinin təmsilçisi, II kurs magistri
Günel Hacıyeva "İspan dili günləri", İspan dili
kafedrasının müəllimi, DELE imtahanlarının
Azərbaycandakı təmsilçisi Elvira İmanova İspaniyanın
Servantes İnstitutunda keçirilən DELE imtahanları və
əhəmiyyəti, "Azərbaycan-Latın Amerika Gəncləri" İctimai
Birliyinin sədri, ADU-nun tərcümə fakültəsinin IV kurs
tələbəsi Mahir Qurbanov isə rəhbəri olduğu təşkilat,
onun fəaliyyət istiqamətləri və həyata keçirdiyi
tədbirlər haqqında məlumat verdilər. İspan dili
kafedrasının müdiri Aybənisə Əliyeva Azərbaycanda ispan
dilinin tədrisinin 20 ilinin tamam olduğunu, bununla
bağlı tədbirlər planı həyata keçiriləcəyini bildirdi.
Sonda tədbir iştirakçıları İspan dili mərkəzində
yaradılmış şəraitlə tanış oldular.
Şakir CƏFƏROV |