Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

18 May 2012 - №19

 

"Məktəbimiz Rusiya ilə Azərbaycan arasında körpüdür"

 

Təqdimat: Aida Şahvələd qızı Quliyeva 1950-ci ildə Mingəçevir şəhərində anadan olub. 1967-ci ildə Mingəçevir şəhər 3 nömrəli məktəbi bitirib, Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsil alıb. Tarixçidir. Universiteti bitirdikdən sonra aspiranturaya daxil olub, AMEA-nın Tarix İnstitutunda baş laborant işləyib. 1977-ci ildən Moskvada yaşayır. 1997-ci ildən Moskvadakı 157 nömrəli Azərbaycan məktəbinin direktorudur. Təhsil sahəsindəki xidmətlərinə görə 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.  

Rusiya Federasiyasının paytaxtı çoxmillətli Moskva şəhərində hazırda müxtəlif millət və xalqlara məxsus 36 etnomədəni komponentli ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan biri də Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta məktəbdir. 1997-ci ildə fəaliyyətə başlamış təhsil ocağı bu il özünün 15 illiyini qeyd etməyə hazırlaşır. Məktəbin açılmasının təşəbbüsçüsü və yarandığı vaxtdan direktoru işləyən Azərbaycan Respublikasının əməkdar müəllimi Aida Quliyeva vaxtaşırı olaraq doğulub boya-başa çatdığı Azərbaycana gəlir, xidməti işi ilə bağlı Təhsil Nazirliyində olub aidiyyəti rəsmi şəxslərlə görüşür. Onunla görüşümüz də elə belə səfərlərinin birində - ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində Təhsil Nazirliyində oldu.  Məqsədimiz rəhbərlik etdiyi təhsil ocağının 15 ildə keçdiyi inkişaf yolu, mövcud durumu, uğurları, problemləri ilə bağlı ondan müsahibə götürmək idi.  

- Aida xanım, istərdik söhbətimizə 15 ildən əvvəlki tarixdən başlayaq. Moskvada Azərbaycan məktəbi açmaq ideyası hansı zərurətdən yaranmışdır? İdeyanı gerçəkləşdirmək necə mümkün oldu?

- Sualınıza cavab verməzdən öncə məktəbimizin açılmasında bizə böyük kömək göstərmiş ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə öz dərin ehtiramımı bildirmək istəyirəm. Xoş bir təsadüf üzündən mənim budəfəki səfərim çox əlamətdar vaxta düşüb. Bu gün ulu öndərin doğum günüdür (Müsahibə mayın 10-da götürülüb. - Y.Ə.).Bir neçə gündür şahidiyəm ki, Azərbaycan xalqı ümummilli liderin anadan olmasının 89-cu ildönümünü necə böyük təntənə ilə, əsl bayram kimi qeyd edir. Bu münasibətlə hamınızı ürəkdən təbrik edirəm. Bu böyük insan bir ata kimi həmişə mənim qəlbimdədir. Sağlığında onun kölgəsi həmişə bizim kimi vətəndən kənarda yaşayan azərbaycanlıların üzərində idi. Mən çox sevinirəm ki, ulu öndərimizin başladığı bütün böyük işlər, onun müdrik daxili və xarici siyasəti, təhsilə göstərdiyi diqqət, xarici ölkələrdəki Azərbaycan diasporlarına qayğısı bu gün onun layiqli varisi Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğur və qətiyyətlə davam etdirilir.

Bu il bizim üçün həm də onunla əlamətdardır ki, məktəbimizin yaranmasının 15-ci ildönümünü qeyd etməyə hazırlaşırıq.

Sualınızın cavabına gəldikdə isə onu deyə bilərəm ki, Moskvada Azərbaycan məktəbinin olmasını mən çoxdan, hələ sovet vaxtından arzulayırdım. 90-cı illərin əvvəllərində bunun üçün münbit şərait də yaranmışdı. O vaxt yanvar hadisələri baş verəndə mən ilk dəfə Moskvada çoxlu azərbaycanlı yaşadığını gördüm. Həmin azərbaycanlılarla ünsiyyətdən hiss etdim ki, onların uşaqlarının çoxu Azərbaycan dilini bilmir və ya çox zəif bilir. Elə o vaxtdan da məktəb açıb,  buradakı azərbaycanlılara öz doğma dillərini öyrətmək ideyasını gerçəkləşdirmək üçün çalışmağa başladım. Azərbaycanın Moskvadakı nümayəndəliyinə getdim, məsələ qaldırdım. Nəhayət, 1992-ci ildə Azərbaycanın Rusiyadakı səfirliyində mənim fəal iştirakımla Rusiyada çoxdan yaşayan və yaxın zamanlarda bura gəlmiş azərbaycanlıların uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün bazar günü məktəbi yaradıldı. Məktəbin direktoru mən idim. Biz həftədə iki dəfə - şənbə və bazar günləri məşğul olurduq. Lakin tezliklə gördüm ki, təkcə bazar günü məktəbi ilə bu böyük işin öhdəsindən gəlmək çətindir. Müntəzəm fəaliyyət göstərən Azərbaycan məktəbi olmalıdır. Müvafiq proqram tərtib etdikdən sonra təhsil departamentinə getdim. Ancaq bizi eşidən olmadı. Yalnız bu haqda məlumat ümummilli liderimiz Heydər Əliyevə çatandan sonra onun köməyi ilə bu iş öz həllini tapdı. Moskva hökumətinin qərarına əsasən 1997-ci ildə bizim məktəb, yəni 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta ümumtəhsil məktəbi yaradıldı. 2011-ci ildə məktəbimizə Azərbaycan xalqının böyük oğlu, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, uzun illər Kosmik Uçuşların İdarə Olunması üzrə Dövlət Komissiyasının sədri işləmiş general-leytenant Kərim Kərimovun adı verilmişdir.

- Sizin məktəb adi ümumtəhsil məktəblərdən nə ilə fərqlənir? Hansı proqramları reallaşdırırsınız?

- Məktəbimiz dövlət məktəbidir və Moskva hökuməti tərəfindən maliyyələşdirilir. Əsas məqsədimiz Moskvada yaşayan azərbaycanlılara Azərbaycan dilini, tarixini, öz xalqının adət-ənənələrini, mədəniyyətini öyrətməklə yaşadıqları yerin, ölkənin xalqının mədəniyyətinə, ənənələrinə, dilinə hörmət etmək və qiymətləndirmək imkanı verməkdir. XI sinfi bitirənlərə attestat verilir.

Tədris ocağımızda Azərbaycan dili və ədəbiyyatının tədrisinin də daxil olduğu baza fənlərlə yanaşı, tarix, musiqi, təsviri incəsənət, dünya bədii mədəniyyəti və texnologiya üzrə inteqrativ kurslar da nəzərdə tutulub.

Məktəbdə təhsilləndirmə proqramı, fənlər üzrə tədris proqramları, əlavə təhsil proqramı, fənlər üzrə müəllif inteqrativ  kurs proqramları və s. mövcuddur.

Azərbaycan komponenti ilə bağlı proqramları, yəni Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyasına dair proqramları, dərslikləri Bakıdan alırıq, burada onlar tərcümə olunur və təsdiq edilir. Digər fənlər - riyaziyyat, fizika, biologiya və b. Rusiyanın proqramları əsasında tədris olunur. Azərbaycan blokundan başqa bütün fənlər rus dilində keçilir.

Onu da deyim ki, məktəbimiz əslində yeni yaradılmamış, bizə verilən 157 nömrəli rus məktəbinin bazasında fəaliyyətə başlamışdır. Bizi, bir növ geridə qalmış bu məktəbə birləşdirmişdilər. Bizim əvvəlki uşaqlar mikrorayon uşaqları olaraq çox zəif idilər. Yeni gələnlərin isə əksəriyyətini qaçqın ailələrin uşaqları təşkil edirdilər. Onları oxutmaq, məktəbdə təhsilin səviyyə və keyfiyyətini yüksəltmək böyük güc tələb edirdi. Bizim kollektiv bunun öhdəsindən gəldi. Müəllimlərimiz təhsilin səviyyəsini yüksəltmək üçün çox vaxt dərsdən sonra da qalıb şagirdlərlə pulsuz məşğul olurdular. Çalışırdıq ki, millətimizin başı uca olsun.

Biz Moskvada yeganə Azərbaycan məktəbiyik. Hər zaman bu yeganə olmağımızın məsuliyyətini hiss edirik. Fərqindəyik ki, Azərbaycanla sıx bağlıyıq və biz burada məhz Azərbaycanı təmsil edirik. Elə işləməliyik ki, xalqımıza başucalığı gətirək.

Bizim məktəbin əhəmiyyəti böyükdür. Biz təkcə təhsil vermirik, həm də Rusiya ilə Azərbaycan arasında körpü rolunu oynayırıq. Ona görə də çalışırıq ki, hər addımımız doğru, düzgün, təmiz olsun, kənardan bizə heç kəs irad tuta bilməsin. Çalışırıq ki, güclü olmağımızı işimizlə sübut edək. Əslində bütün etnomədəni məktəblər öz ölkələri ilə Rusiyanın arasında körpü rolunu oynayırlar. Rusiya bizim böyük strateji tərəfdaşımızdır və bunu nəzərə almaq lazımdır. Məktəbimiz vasitəsilə biz həm də rus məktəblilərini Azərbaycan mədəniyyəti ilə tanış edirik.  Məktəbimizdə dərslər birnövbəlidir. İkinci növbədə əsasən dərnəklər fəaliyyət göstərir. Onların sayı 30-dan çoxdur.

Məktəbimizin 2 strukturu var. Biri Azərbaycan mədəniyyəti şöbəsidir. Biz onda rəqs keçirik, alətləri öyrədirik. İkinci strukturda isə rus dilini öyrədirik. Bizim məktəb rus dilinin xarici dil kimi öyrədilməsi üzrə baza məktəbidir.

- Məktəbinizin mövcud maddi-tədris bazası fəaliyyətinizi normal qurmağa imkan verirmi?

- Məktəbimiz beşmərtəbəli binada yerləşir. 560 şagird yerlik bina 1965-ci ildə inşa olunub. Sonuncu dəfə 7 il öncə məktəbdə əsaslı təmir işləri aparılıb. Nə qədər qorusaq da saxlamaq olmur, bina köhnə olduğundan uçub-dağılır. Hazırda təmirə ciddi ehtiyac yaranıb.

Düzdür, indilikdə bina tələbatımızı ödəyir. 41 sinif komplektimiz və 420 şagirdimiz var. Tədris bir növbədə aparılır. Lakin bu bizi qane etmir. Biz məktəbimizi daha da genişləndirmək, gücləndirmək, daha çox azərbaycanlı uşağı oxutmaq istəyirik. İstəyirik ki, bizə indi olduğu kimi təkcə qaçqın uşaqlar, oxuya bilməyənlər yox, Moskvada yaşayan ziyalı azərbaycanlıların övladları da gəlsinlər. Ziyalılar öz uşaqlarını bura gətirməyəndə digərləri də fikirləşir ki, deməli məktəb güclü deyil, orada nə isə yoxdur. Biz niyə uşaqlarımızı ora aparaq. Bu vəziyyəti aradan qaldırmaq üçün məktəbimizin maddi-tədris bazası gücləndirilməlidir. Bunun üçün şərait də var. Belə ki, məktəbimiz geniş həyətyanı sahəyə malikdir və həmin sahəni mən məktəbin adına müddətsiz özəlləşdirmişəm. Müvafiq sənədlər əlimizdədir. Bu sahədə əlavə tədris korpusu və ya bağça binası tikmək olar. Çünki bağça yaşlı uşaqlar da elə bizim kontingentimizdir.

Yeri gəlmişkən deyim ki, bir çox  məsələlərdə, xüsusən də Azərbaycan komponenti ilə bağlı dərsliklərlə, ölkəmizə aid atributlarla təminatda Azərbaycan Respublikasının Təhsil Nazirliyi bizə çox kömək edir. Biz Azərbaycana aid bütün dərslikləri, tədris vəsaitlərini nazirlikdən alırıq.

- Şagirdlərinizin nə kimi uğurları var? Moskva, Rusiya üzrə, beynəlxalq səviyyəli bilik yarışlarına, müsabiqələrə qatılanlar olurmu?

- Məktəbimizdə 23 millətin nümayəndələri oxuyur. Onların içində birinci yerdə azərbaycanlılardır. Onlar çoxluq təşkil edir. Sonra ruslar, daha sonra digər millətlərin nümayəndələri gəlir. Bütövlükdə isə 420 şagirdimiz var. Tədris birnövbəli olduğundan günün ikinci yarısı Azərbaycan blokuna ayrılıb. Bu blokun əsasını təşkil edən əlavə təhsil proqramı özündə 33 dərnəyi birləşdirir. Həmin dərnəklər  müxtəlif mədəniyyətlərin spesifikasını özündə ehtiva edir. Dərnək məşğələləri həftənin bütün günləri, hətta bazar günü də təşkil edilir. Öz şagirdlərimiz həftədə 6 dəfə bu dərnəklərdə məşğul olurlar. Bazar günü təşkil olunan rəqs və musiqi dərnəkləri isə digər məktəblərdən gələnlər üçündür. Onlar bizə həm şənbə, həm də bazar günləri gəlirlər. İstəyənlərə milli xörəklərimizi bişirməyi də öyrədirik. Dərnək üzvləri arasında tələbələr də var. Bunlar bizim məzunlarımız olub müxtəlif ali məktəblərdə təhsil alanlardır. Məktəbdəki mövcud aura onları cəlb edir, kollektivdən ayrılmaq istəmirlər, burada özlərini evlərindəki kimi hiss edirlər. Bu dərnəklər uşaq və gənclərə milli mədəniyyətimizlə dərindən tanışlıq imkanı verdiyi kimi, onların asudə vaxtlarını səmərəli keçirməyə, faydalı işlərlə məşğul olmağa şərait yaradır, pis yola düşmələrinin qarşısını alır.

Müxtəlif sahələrdə istedadlı şagirdlərimiz çoxdur. Son illər hər il təhsildəki nailiyyətlərinə görə 3-4 şagirdimiz qızıl və gümüş medallara layiq görülür. Bu il bir şagirdimiz qızıl, bir şagirdimiz gümüş medal aldı. Şagirdlərimiz müxtəlif yarış və müsabiqələrdə də fərqlənir, mükafata layiq yerlər tuturlar.

Bu il kosmonavtikanın 50 illiyi ilə bağlı keçirilən layihə müsabiqəsində 9 layihə üzrə yerin 8-ni bizim şagirdlər tutmuşdur.

Cari ilin aprel ayında Azərbaycanda keçirilən ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq layihə Olimpiadasında (İNEPO-AVRASİYA) məktəbimizin X "A" sinif şagirdi Nikolay Surkovun geobiosenologiya üzrə layihəsi III yeri tutdu. Nəzərə alsaq ki, biz həmin müsabiqədə birinci dəfə iştirak edirdik, bu, kifayət qədər yüksək göstəricidir.

Bu günlərdə isə məlum oldu ki, bizim məktəb Sankt-Peterburqda keçirilən ekoloji coğrafiyaya dair layihə müsabiqəsində də I yeri tutmuşdur.

Moskvada etnoqrafiya üzrə layihə yarışında da stend üzrə I olduq. Fənn olimpiadalarında iştirak edirik. Moskvada keçirilən "Qalaktikanın kəşfi üfüqləri" mövzusunda müsabiqədə 2 mükafata layiq yerimiz oldu. Nəzərə alsaq ki Moskvada 2300 məktəb var, razılaşın ki, bu da kiçik nailiyyət deyil. Lakin mən istəyirəm ki, biz bundan da güclü olaq.

- Məktəbinizin pedaqoji kollektivi sizin ideyalarınızı, yenilikçi təşəbbüslərinizi həmişəmi dəstəkləyir? Müəllimlərinizin peşəkarlıq səviyyəsi sizi qane edirmi?

- Mənim komandam, mən pedaqoji kollektivimizi belə adlandırıram, çox işgüzar adamlardan təşkil olunub. Bu komanda olmadan heç bir iş getməz. Tək əldən səs çıxmaz. Mən necə güclü olsam da, hər işin öhdəsindən tək gələ bilmərəm. İşçi kollektivimizin 71 üzvü var. Onların 64-ü müəllim, qalanları texniki işçidir.

Müəllimlərin səviyyəsi əsasən yüksəkdir, ancaq zəifləri də var, necə deyərlər, hər kollektivdə olduğu kimi. Bizdə il yarım öncə attestasiya keçirildi. Hamımız keçdik. Bizi ciddi yoxladılar. Sənədlərə baxılmaqla yanaşı, ciddi sual-cavab da aparıldı. Çalışıram ki, fəal işimlə kollektivə nümunə göstərəm. Moskva hökumətinin müxtəlif yığıncaqlarında ildə heç olmasa bir dəfə çıxış edirəm. 36 etnomədəni komponentli məktəbin rəhbərləri arasında yeganə direktoram ki, bu təhsil ocaqlarının problemləri barədə Rusiya Federasiyasının Dövlət Dumasında çıxış etmişəm. Milli məsələ ilə bağlı nazirlikdə keçirilən "dəyirmi masa"da çıxışım olub. Öz uğurlarımızdan, problemlərimizdən, gələcəkdə məktəbimizi necə görmək istədiyimizdən danışmışam.

Mən irəlidə məktəbimizin 2 strukturunun olduğunu, həmin strukturlardan birinin rus dilinin öyrədilməsi təşkil etdiyini demişdim.  Cəmi 13 məktəbdə (söhbət etnomədəni məktəblərdən gedir), o cümlədən bizim məktəbdə belə bir layihə var. Rus dilində heç nə bilməyən uşaqlara bu dili öyrədirik. Bu, məktəbin tərkibində 1 illik strukturdur və o uşaqlar da məktəbin kontingenti hesab olunur. Kiçik, yəni 8 yaşadək uşaqlar rus dilini 1 ildə öyrənirlər, 8-13 yaşlılar isə yox. Biz təklif etdik ki, 8-13 yaşlı uşaqlar üçün bu struktur 2 illik olsun. Lakin təklifimiz qəbul olunmadı. Ümidimiz var ki, nə vaxtsa eşidərlər.

Bizim burada işləyən müəllimlərimiz çox hazırlıqlıdırlar. Mən onlara misal olaraq Elmira İsmayılovanı, Sevda Seyidovanı, Solmaz Rəsulovanı, İrina Morozovanı, Yekaterina Salnikovanı, Gülnarə Zeynalovanı, Leyla İsmayılovanı xüsusi qeyd etmək istəyirəm. Onların hamısı xüsusi kurslardan keçiblər. Xüsusi metodika əsasında, xüsusi proqramla işləyirlər.

Orta məktəbimizdə də güclü müəllimlərimiz var. Yelena Yelyanova, Svetlana Balaxanova, Tatyana Ryabıx, Lidiya Kovalyova, Sevda Abbasova, Elmira İsmayılova, Larina Vyaçeslavovna, Svetlana  Surkova, Azərbaycan bloku üzrə müavinim Ramidə Baydalova və başqalarının adlarını çəkə bilərəm. Təsərrüfat işləri üzrə müavinim Mariya Şinikovadan da çox razıyam. Onda bizim millətə qarşı böyük hörmət var. Məktəbin işinin, həyətinin gözəlliyi onun adı ilə bağlıdır.

Məktəbimizin güclü musiqi bloku var. Bu sahədə Şölə Qədirqızı, Qorxmaz Axundov, Svetlana Xamatova, Sevil İsmayılovanın işi təqdirəlayiqdir.

Yaxşı müəllimlərimizin zəhməti qiymətləndirilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu işdə bizə yaxından  kömək edir. İndiyədək 26 müəllim təhsil nazirinin əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına və fəxri fərmanlara layiq görülüb. Müəllimlərimizin əməyini dəyərləndirdiyinə görə  Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm. Bu mükafatlar müəllimlərimizi ruhlandırır.

Müəllimləri işə özüm qəbul edirəm. Məni və müavinlərimi isə dairə təhsil departamenti təsdiqləyir.

- Məktəb həyatını gözəlləşdirən, zənginləşdirən, şagirdlərin tərbiyəsində, dünyagörüşünün zənginləşməsində, bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayan məktəb tədbirləridir...

- Düz deyirsiniz, onlar həqiqi mənada məktəbin həyatıdır. Bizdə demək olar ki, bütün şagirdlər, müəllimlər bu həyatla tam mənasında yaşaya bilirlər. Tədbirlərimiz o qədər çox olur ki. Azərbaycana aid bütün milli və dövlət bayramlarını xüsusi mərasimlərlə, yaddaqalan formada qeyd edirik. Eləcə də Rusiya bayramlarını. Bu il gözəl Novruz bayramı keçirdik. Teatrlaşdırılmış şəkildə. Moskva məktəblərindən də şagirdlər dəvət etmişdik. Hər sinif öz bayram xonçasını təqdim etmişdi. Digər məktəblərdən münsiflər heyəti vardı. Xonça müsabiqəsi keçirildi, uşaqlara hədiyyələr verildi. Yeri gəlmişkən deyim ki, həmin bayram şənliyi Azərbaycan Dövlət  Televiziyası tərəfindən çəkilib burada nümayiş də etdirilmişdir.

Faciəli günlərimizə - 20 Yanvara, Xocalıya aid də tədbirlər keçirir, klassik şair və yazıçılarımızın yubileylərini qeyd edir, elm, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər təşkil edirik. Bunu ona görə edirik ki, uşaqlar onları tanısınlar.

İki muzeyimiz var: "Kosmonavtika" və "Dostluq". Hər iki muzey eksponatlarla zəngindir və tez-tez kütləvi tədbirlər keçirir. Kosmonavtika muzeyimizin 40 illiyi ilə əlaqədar bu ilin aprelində məktəbimizdə "Biz Qalaktikanın uşaqlarıyıq" mövzusunda böyük konfrans keçirdik. Konfransda Rusiya Federasiyasının qəhrəmanı, kosmonavt A.Y.Kaleri, Kərim Kərimovun qızı S.Kərimova və digər hörmətli qonaqlar iştirak edirdilər. Konfrans çərçivəsində "Dostluq-157" kosmik gəmisində digər planetlərə "uçuş" təşkil olundu. Gözəl teatrlarımız var. Onlar maraqlı əsərlər tamaşaya qoyurlar.

- Məktəbinizin əlaqələri barədə nə deyə bilərsiniz? Hansı tədris müəssisələri ilə, o cümlədən də Azərbaycanda, əməkdaşlıq edirsiniz?

- Moskvadakı məktəblərin bir çoxu ilə, eləcə də Bauman adına Ali Texniki Məktəblə, Dilçilik İnstitutu ilə sıx əlaqələrimiz var.

Ümumrusiya Azərbaycanlıları Konqresi ilə  artıq 5-ci ildir ki, bir layihə həyata keçiririk. Əslində bu məqsədli proqramdır. Bu layihə çərçivəsində şagirdlərimiz imtahan verərək Rusiyanın ali məktəblərinə qəbul olunurlar. Bu çox vacib proqramdır. Biz orta təhsil veririk. Əgər məzunlarımız təhsillərini davam etdirə bilməsələr, yarımçıq qalarlar. İndi Moskvada Asiya-Afrika İnstitutunda, Dilçilik İnstitutunda Azərbaycan şöbələri açılıb. Orada Azərbaycan dili keçilir. Deməli, bizim şagirdlər o ali məktəblərə qəbul oluna bilərlər. Artıq bu yöndə addımlar atılır. Bizim 2 müəllimimiz həmin institutlarda dərs deyir.

Azərbaycanda isə Bakıdakı 160 nömrəli Klassik Gimnaziya, 23 nömrəli məktəblə, Slavyan Universitetinin məktəb-lisey kompleksi ilə, Mingəçevir 2 nömrəli məktəblə sıx əlaqə saxlayır, birgə layihələr həyata keçiririk.

- Planlarınız barədə nə deyə bilərsiniz?

- Əlbəttə, var. Mənim bir proqramım var. İstəyirəm təhsil ocağımız linqvistik məktəb olsun. Azərbaycan dili etnomədəni blok kimi yox, xarici dil kimi tədris olunsun. Bunun üçün təbii ki, mövcud baza gücləndirilməli, müasir maddi-texniki baza olmalıdır. Belə bazanın yaradılması üçünsə bizə kömək lazımdır.

- Müsahibə üçün sağ olun. 

Müsahibəni apardı:  Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov