Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında
təntənəli tədbir keçirilirdi. Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının professorları, tələbələri,
Azərbaycanın tanınmış bəstəkarları, digər ziyalılar -
hamının üzündə fərəh, sevinc hissi sezilirdi. Onlar
sevimli müəllimləri, istedadlı alim Nailə Mehdiyevanın
80 illik yubileyini təbrik etməyə gəlmişdilər.
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz
Əlizadə, professor Cəmilə Həsənova, Aygün Səmədzadə və
başqaları çıxış edərək Nailə xanımın keçdiyi şərəfli
ömür yolu və yaradıcılığı haqqında söz açdılar.
Bildirildi ki, o, konservatoriyadakı təhsilini uğurla
başa vurduqdan sonra musiqi tarixi kafedrasında işləməyə
başlayır. Sonralar burada dosent, professor vəzifələrinə
kimi yüksəlir, kafedra müdiri, tarix-nəzəriyyə
fakültəsinin dekanı olur. İşinin çoxluğuna baxmayaraq,
dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi elmi
dərəcəsini də alır.
N.Mehdiyeva müntəzəm olaraq bir sıra tədqiqat işlərilə
də mətbuatda çıxış edib elmi maraq dairəsinin geniş
olduğunu göstərir. Onun ən böyük uğuru isə pedaqoji sahə
ilə bağlıdır. Bildiklərini tələbələrinə dərindən
aşılamaq üçün əlindən gələni əsirgəmir, şərhlər
verməkdən yorulmurdu. Təki sabahın musiqiçiləri dərin
biliyə yiyələnsinlər. Gəncləri tələbəlik illərindən
zəhmətə alışdırmaq üçün çoxlu elmi ədəbiyyat tövsiyə
edirdi. Onun zəngin təcrübəsindən, biliyindən Qazaxıstan
Konservatoriyası da bəhrələnirdi. Belə ki, həmyerlimiz
dəfələrlə oranın müəllimləri üçün "açıq dərs"lər
verməyə dəvət olunmuş, 8 il buraxılış imtahanları
zamanı dövlət komissiyasına sədrlik etmişdir.
Qeyd edildi ki, 1993-cü ildən Nailə Mehdiyeva öz
fəaliyyətini Ankaranın məşhur Bilkənd Universitetində
davam etdirib. Burada Avropa musiqi tarixi, dünya opera
incəsənəti tarixi, iyirminci yüzilliyin çağdaş musiqi
tarixindən mühazirələr oxuyan azərbaycanlı xanım eyni
zamanda həmin universitetin musiqi və səhnə sənətləri
fakültəsində musiqi tarixi kafedrasına rəhbərlik edib.
Nailə xanımın vətəndən kənarda da elmi yaradıcılığı
məhsuldar olub. O, Bilkənd simfonik orkestrinin ifa
etdiyi əsərlər haqda məlumatlar yazıb ərsəyə
gətirmişdir. Sonradan bunlar ingilis, fransız, alman
dillərinə tərcümə olunaraq disklərə köçürülmüşdür. Nailə
xanım Türkiyədə də maarifçilik işinə öz töhfələrini
vermişdir. Belə ki, onun bəstəkarların həyat və
yaradıcılığı, simfonik opera əsərlərinin təhlili
əsasında yazdığı proqramlardan təkcə Bilkənd
Universitetinin tələbələri bəhrələnmirdilər. Onlardan
Türkiyənin başqa ali məktəblərində də geniş istifadə
edilirdi.
Azərbaycan musiqi mədəniyyəti, bəstəkarlarımızın
yaradıcılığı haqqında geniş məlumatların Türkiyə
ictimaiyyətinə çatdırılmasında Nailə xanımın əvəzsiz
xidməti var.
Çıxış edənlər yubilyarı təbrik edərək ona uzun ömür,
cansağlığı, pedaqoji işlərində daha böyük uğurlar
arzuladılar.
İradə ƏSƏDOVA |