Hörmətli
oxucular!
Artıq 20 ildir ki, məktəblilərin kimya olimpiadasını
keçirən münsiflər heyətinin sədri kimi bu illər ərzində
çox istedadlı gəncləri gördüm, onların beynəlxalq və
dünya olimpiadalarına hazırlıqları üçün şərait yaratdım,
komandaların rəhbəri olaraq onların hər bir qələbəsindən
qürur duydum. 2000, 2001, 2003, 2004, 2005-ci illərdə
komandaların rəhbəri olaraq dünyanın ən inkişaf etmiş
ölkələrinin şagirdlərindən daha yüksək nəticə əldə edən
şagirdlərimiz əllərində Azərbaycanın üçrəngli bayrağını
tutaraq səhnəyə çıxdıqda müstəqil Azərbaycanın bütün
sahələrdə olduğu kimi, təhsildə də uğurlu inkişafının
təsdiqini gördüm. Həmin olimpiada qaliblərinin bir çoxu
artıq dünyanın ən nüfuzlu universitetlərini uğurla başa
vurub elm yolunu seçmiş və kimya üzrə fəlsəfə doktoru
olmaq üçün dissertasiya müdafiə etmişlər və bir çoxu da
müdafiə ərəfəsindədir.
1998-ci ildə Beynəlxalq Mendeleyev olimpiadasının qalibi
olaraq Moskva Dövlət Universitetinin kimya fakültəsinə
imtahansız qəbul olunmuş və universiteti fərqlənmə
diplomu ilə bitirmiş Rüfət Əzizov 2007-ci ildə
Moskvada dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almışdır.
2000-ci ildə Beynəlxalq Mendeleyev kimya olimpiadasının
qızıl medalına layiq görülmüş Vüsal Şəfiyev
Moskva Dövlət Universitetinin kimya fakültəsinə
imtahansız qəbul olunmuş və universiteti fərqlənmə
diplomu ilə bitirərək 2005-ci ildə mənim rəhbərliyim
altında elmi tədqiqatlara başlamış və 2010-cu ildə
uğurla dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almışdır.
İsmayıl
Teyyub oğlu İsmayılov
2001-ci ildə Moskvada keçirilən 35-ci Beynəlxalq
Mendeleyev kimya olimpiadasının bürünc medalına layiq
görülərək Moskva Dövlət Universitetinin kimya
fakültəsinə imtahansız qəbul olunmuş, universiteti
müvəffəqiyyətlə bitirərək M.V.Lomonosov adına Moskva
Dövlət Zərif Kimya Texnologiyası Akademiyasının
aspiranturasında oxumuşdur və 2011-ci ildə uğurla
dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almışdır.
Sənan Eminov
2003, 2004, 2005-ci illərdə Yunanıstanda, Almaniyada və
Tayvanda keçirilən dünya kimya olimpiadalarında uyğun
olaraq bürünc, qızıl və qızıl medal və kuboka sahib
olaraq (dünyanın mütləq birincisi) Almaniyanın Yakobs
Universitetinə daxil olmuş və 2010-cu ildə universiteti
uğurla bitirərək iki ixtisas üzrə diplom almışdır. Sonra
Böyük Britaniyada İmperial Kollecdə magistraturanı
uğurla başa çatdıraraq orada doktoranturaya
saxlanılmışdır.
Hörmətli oxucular!
Belə gənc alimlərin biri olan Elşad Abdullayev
haqqında xüsusi söhbət açmaq istərdim. 2012-ci il mayın
9-da ABŞ-ın Luiziana Texniki Universitetinin mikro və
nanosistem boruları kafedrasının müdiri, professor Yuri
Lvovdan aldığım məktub bu xüsusiliyin səbəbidir. Öncə
Elşad Abdullayev haqqında ilkin məlumat vermək istərdim.
Elşad
Abdullayev 2000 və 2001-ci illərdə Beynəlxalq Mendeleyev
kimya olimpiadalarında uyğun olaraq gümüş və bürünc
medallara layiq görülüb, Moskva Dövlət Universitetinin
kimya fakültəsinə imtahansız daxil olub oranı fərqlənmə
diplomu ilə bitirib. 2006-cı ildə ABŞ-ın Luiziana
Texniki Universitetinin doktoranturasına daxil olmuş və
2010-cu ildə uğurla dissertasiya müdafiə edərək kimya
üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Elşad
Abdullayev hazırda ABŞ-da ən perspektivli gənc
alimlərdən biridir. Yuri Lvovun məktubu bunu çox yaxşı
təsdiq etdiyindən onun tərcüməsini oxuculara təqdim
etməyi vacib saydım.
Neft Kimya Prosesləri İnstitutunun direktoru, professor
Vaqif Abbasova
İlk öncə Sizə Neft-kimya sahəsində 3-6 oktyabr tarixində
Bakıda keçiriləcək Beynəlxalq Məmmədəliyev konfransına
məni də dəvət etdiyiniz üçün minnətdarlığımı
bildirirəm. Bu çox vacib hadisədir, çünki elm və
tədqiqatların daha da inkişaf etdirilməsinə və həmçinin
ABŞ alimləri ilə əlaqələrin güclənməsinə kömək edir.
Ancaq mən bu tarixdə Rusiyada keçiriləcək başqa bir
konfransa dəvət aldığım və artıq təsdiqlədiyim üçün bu
konfransda iştirak edə bilməyəcəm. Bizim elmi
əməkdaşlığımıza hörmət əlaməti olaraq mən doktor Elşad
Abdullayevdən bizim tədqiqatları təmsil etmək üçün bu
konfransda iştirak etməyi xahiş etdim.
Doktor Abdullayev çox parlaq bir alimdir. O, artıq
ABŞ-da tanınmışdır, əslən Azərbaycan Respublikasındandır
(mən bilirəm ki, siz onu kəşf etmiş və daim dayaq
olmusunuz). O, bizim universitetdə tədqiqatçı professor
kimi fəaliyyət göstərir, korroziyaya qarşı təbəqələrin
axtarışına və Amerika Milli Elm Fondu (MEF) tərəfindən
maliyyələşdirilən polimer nanoqarışıqların tədqiqatına
başçılıq edir. Qısa bir zaman kəsiyində o, bir çox elmi
jurnallarda
məqalələr çap etdirmiş (nüfuz gücü 24 olan tanınmış
Proqress of Polymer Science jurnalı da daxil olmaqla),
bir sıra qrantlar almış, 5 sənaye kontraktı və qoruyucu
təbəqələrin tətbiqi üzrə MEF-in qrantını almışdır.
Doktor Abdullayev 20-dən artıq müxtəlif təşkilatların
mükafatları ilə təltif olunmuşdur. Bunlara Amerika
Kimyaçılar Birliyi, Qoruyucu Texnologiyalar üzrə Qərb
Cəmiyyəti, Rusiya Gənclər Təşkilatı, Moskva Dövlət
Universiteti və Azərbaycan Respublikası Təhsil
Nazirliyini göstərmək olar. O, Azərbaycanı Birləşmiş
Ştatlarda yüksək səviyyədə təmsil edir.
Yekun olaraq onu bildirirəm ki, Sizinlə əməkdaşlığımızı
yüksək qiymətləndirir və daha da möhkəmlənməsinə ümid
edirəm (bu yaxınlarda bir dizel yanacağı sintezi üçün
nanokatalizatorların tədqiqatında irəliləyiş əldə
etmişik, bu Sizin üçün maraqlı ola bilərdi). Bu il gələ
bilməməyimə baxmayaraq, gələcəkdə Bakıda keçirilən
Beynəlxalq Məmmədəliyev konfransında iştirak etmək mənə
də maraqlıdır. Sizə tədqiqatlarınızda və akademik
fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Yuri Lvov,
ABŞ-ın Luiziana Texniki Universitetinin mikro və
monosistem boruları kafedrasının müdiri, professor
Mən
fəxr edirəm ki, Azərbaycan təhsilinin belə yetirmələri
var və fəxr edirəm ki, onların uğurlarında az da olsa
mənim də payım var. Bu gənclərin keçən əsrin ortalarında
dahi Azərbaycan alimi, dünya şöhrətli akademik Yusif
Məmmədəliyevin banisi olduğu Azərbaycan kimya elmi
məktəbinin XXI əsrdə ən layiqli davamçıları olacaqlarına
əminəm.
Çox hörmətli Prezidentimiz İlham Əliyev cənablarının
elmin bütün sahələrinin, o cümlədən təbiət elmlərinin
inkişafına böyük diqqət və qayğı göstərməsi, ölkəmizdə
neft və qaz sənayesinin sürətli inkişafı, yeni Neft
Kimya kompleksinin yaradılması haqqında ölkə başçısının
sərəncamı istedadlı gənc alimlərin yetişməsi üçün çox
böyük zəmin yaradır. Hər birimiz bu zəmindən istifadə
edərək istedadlı gənclərin vaxtında aşkar olunması,
onlarla sistemli hazırlıq işinin təşkili prosesində fəal
iştirak etməliyik. Bu, elm adamlarının mənəvi borcudur.
Elmdə layiqli varislərin yetişdirilməsi hər bir alimin
müqəddəs işidir.
Vaqif ABBASOV,
Azərbaycan Milli Elmlər Akademiyasının akademik
Y.M.Məmmədəliyev adına Neft Kimya Prosesləri
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya
elmləri doktoru, professor |