Mayın
11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil
Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə
keçirilən tələbələrin XVII Respublika fənn
olimpiadasının açılış mərasimi oldu.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq may ayının
əlamətdar hadisələrlə və bayramlarla zəngin olduğunu
qeyd etdi. Mayın 10-da ümummilli lider Heydər Əliyevin
anadan olmasının 89-cu ildönümünün xalqımız tərəfindən
təntənəli şəkildə qeyd edildiyini söyləyən nazir
müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan
dahi şəxsiyyətin ölkə təhsilinin inkişafındakı əvəzsiz
xidmətlərindən danışdı. Qeyd olundu ki, ulu öndərin
siyasi kursunun layiqli davamçısı ölkə başçısı cənab
İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin
inkişafına, gənclərə diqqət və qayğı göstərilir. Son
illər ölkəmizdə gənclərin yüksək səviyyədə bilik və
təhsil almaları üçün hər cür şərait yaradıldığını deyən
nazir dövlətimizin başçısının rəhbərliyi altında xüsusi
istedada malik uşaq və gənclərin yaradıcılıq
potensialının inkişafı istiqamətində görülən işləri
tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Keçirilən
fənn olimpiadasının əhəmiyyətinə toxunan təhsil naziri
bilik yarışının ölkəmizin ali məktəblərində təhsil alan
tələbələrin müxtəlif fənlərə marağının artırılmasına,
həmçinin həmin fənlər üzrə onların hazırlıq səviyyəsinin
nümayiş etdirilməsinə şərait yaratdığını, istedadlı
gənclərin aşkara çıxarılmasına xidmət etdiyini bildirdi.
Nazir Misir Mərdanov ildən-ilə tələbələrin fənn
olimpiadasına marağının artdığını deyərək bununla bağlı
statistik rəqəmləri iştirakçıların nəzərinə çatdırdı.
Məlumat üçün bildirdi ki, olimpiada iştirakçıları 12
fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya,
informatika, Azərbaycan dili, Azərbaycan tarixi,
Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili,
alman dili və rus dili) öz biliklərini nümayiş
etdirəcəklər. Olimpiada ənənəvi olaraq II turda təşkil
olunub. I tur cari ilin mart ayında ali təhsil
müəssisələrində keçirilib və burada 2000-ə yaxın tələbə
iştirak edib. Olimpiadanın yekun turunda 31 dövlət və 8
qeyri-dövlət ali təhsil müəssisəsindən 750 tələbə
iştirak etmək hüququ qazanıb. Bilik yarışına Bakı
şəhərində yerləşən ali təhsil müəssisələri ilə yanaşı,
Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir və
respublikamızın digər şəhərlərində fəaliyyət göstərən
ali təhsil ocaqları da qatılıb. Olimpiadanın yekun
turuna vəsiqə qazanmış tələbələrin fənlər üzrə bölgüsü
göstərir ki, gənclər tərəfindən ən böyük maraq
Azərbaycan dili və ingilis dili fənlərinədir. Belə ki,
II turun iştirakçılarından 115 nəfəri (15,3%) ingilis
dili, 103-ü (13,7%) Azərbaycan dili fənlərini seçib.
Nazir tələbələrin olimpiadaya maraqlarının artmasını
müsbət qiymətləndirərək 2007-ci ildən etibarən ali
məktəb tələbələrinin fənn olimpiadasının Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsi ilə birgə keçirildiyini söylədi. Tələbələrin
fənn olimpiadasının münsiflər heyətində respublikamızın
tanınmış alim və pedaqoqlarının təmsil olunduqlarını
deyən təhsil naziri bütövlükdə bilik yarışının
keçirilməsində əməyi olanlara minnətdarlığını
bildirdi.Çıxışının sonunda nazir Misir Mərdanov
olimpiada iştirakçısı olan tələbələrə bir sıra dəyərli
tövsiyələr verərək onlara nailiyyətlər arzuladı.
Tədbir iştirakçıları tərəfindən Azərbaycan
Respublikasının Dövlət himni oxunduqdan sonra çıxış üçün
söz alan Bakı Dövlət Universitetinin rektoru, Milli
Məclisin deputatı Abel Məhərrəmov, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
sədrinin müavini Şaiq Əsgərov, Lənkəran Dövlət
Universitetinin rektoru Asəf İsgəndərov, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir
üzvü, professor Yusif Məmmədov respublikamızın ali
məktəblərində təhsil alan gənclərin elmi tədqiqat işinə
cəlb olunması, onlarda elmə həvəs oyadılması,
biliklərinin artırılması istiqamətində həyata keçirilən
olimpiadaların, elmi konfransların, müsabiqələrin
əhəmiyyətindən danışdılar. Çıxış edənlər olimpiada
iştirakçılarına müvəffəqiyyətlər dilədilər.
Elə həmin gün respublikanın 39 ali məktəbindən 750
tələbə 12 fəndən öz bilik və bacarığını nümayiş etdirdi.
Qeyd edək ki, olimpiadanın qaliblərinə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
tərəfindən diplomlar, hədiyyələr və pul mükafatları
təqdim ediləcəkdir.
Samirə KƏRİMOVA |