Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım
Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyəti
Azərbaycana səfəri çərçivəsində mayın 14-də Bakı Slavyan
Universitetində (BSU) olmuşdur.
AzərTAc xəbər verir ki, qonaqlar BSU-nun Bolqar Dili və
Mədəniyyəti Mərkəzi ilə tanış olmuş, ali məktəbin
rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal
Abdullayev ilə görüşmüş və səmimi qəbula görə dərin
minnətdarlıqlarını bildirmişlər. Professor K.Abdullayev
qonaqları səmimi salamlayaraq onlara BSU-nun
strukturundan, zəngin elmi və tələbəlik həyatından,
hərtərəfli fəaliyyətindən söz açmışdır.
T.Tsaçeva vurğulamışdır ki, iki ölkə arasında
münasibətləri inkişaf etdirmək üçün Azərbaycan və
Bolqarıstanın ali məktəbləri arasında əlaqələri inkişaf
etdirmək lazımdır. O, bolqarşünas tələbələrin
təhsillərini Bolqarıstan universitetlərində davam
etdirmələri imkanlarını vurğulamışdır.
BSU-nun professor-müəllim heyəti və tələbələri ilə
görüşdə K.Abdullayev bildirmişdir ki, başçılıq etdiyi
ali təhsil ocağında hazırda bolqarşünaslıq ixtisası üzrə
35 tələbə təhsil alır.
T.Tsaçeva vurğulamışdır ki, vətəndən minlərlə kilometr
uzaqda milli bolqar kostyumları geyinmiş, onun ana
dilində danışan gəncləri görmək olduqca xoşdur. Sədr
qeyd etmişdir ki, bu gün başçılıq etdiyi nümayəndə
heyəti çox məzmunlu görüşlər keçirmişdir. Bu görüşlərin
ən başlıcası Azərbaycan Respublikasının Prezidenti ilə
keçirilən görüş olmuşdur.
T.Tsaçeva bildirmişdir ki, BSU-nun bir qrup tələbəsi
üçün tezliklə Bolqarıstan parlamentində stajkeçmə təşkil
ediləcəkdir. O, görüş iştirakçılarının çoxsaylı
suallarına cavab vermiş, "Xatirə kitabı"nda ürək
sözlərini yazmışdır.
Sonra bolqar kostyumları geyinmiş tələbələr bolqar
dilində şeir oxumuş, mahnı ifa etmişlər. |