Bakının Nizami rayonundakı 238 nömrəli tam orta məktəbin
bir qrup müəllim və şagirdi "Qardaş məktəb" layihəsi
çərçivəsində Türkiyə Əmlak Bankı İlkögrətim məktəbinin
dəvəti ilə 19-26 aprel tarixlərində Türkiyədə olub.
238 nömrəli tam orta məktəbin direktoru İlqar Talıbovdan
aldığımız məlumata görə, nümayəndə heyəti Mustafa Kamal
Atatürkün məzarını ziyarət etmişdir.
Qonaqlar hər il Türkiyədə keçirilən 23 aprel - Milli
Suverenlik və Uşaq Bayramında iştirak etmişdir. Tədbirdə
Azərbaycanın və Türkiyənin Dövlət himnləri ifa
olunmuşdur. Hər iki məktəbin şagirdləri maraqlı
nömrələrlə çıxış etmişlər. Tədbirdə çıxış edənlər
məktəblilərin timsalında bütün türk dünyasının
uşaqlarını Milli Suverenlik və Uşaq Bayramı münasibəti
ilə təbrik etmişlər.
Aprelin 24-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
məktəbin nümayəndə heyəti ilə görüşmüşdür. Rəcəb Tayyib
Ərdoğan nitqinə ulu öndər Heydər Əliyevin "Biz bir
millət, iki dövlətik" sözləri ilə başlamışdır. O,
uşaqları bayram münasibəti ilə təbrik etmişdir. V sinif
şagirdi Aydan Heydərli Baş nazirə bütün azərbaycanlı
uşaqlar adından "Bir ürəkdə iki can, Türkiyə -
Azərbaycan" deyərək gül dəstəsi vermişdir. Baş nazir
uşaqlarla şəkil çəkdirmişdir.
Sonra azərbaycanlı qonaqlar Türkiyənin bir sıra tarixi
yerlərində, muzey və qoruqlarında olmaqla qardaş xalqın
adət-ənənələri və tarixi ilə yaxından tanış olmaq
imkanı qazanmışlar.
Rəşad ZİYADOV |