Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər
rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva
Şüvəlan qəsəbəsindəki 78 nömrəli körpələr evi-uşaq
bağçasının əsaslı təmir və yenidənqurmadan sonra
açılışında iştirak etmişdir.
Mehriban xanım Əliyeva rəmzi açılışı bildirən lenti
kəsdi və körpələr evi-uşaq bağçasında yaradılmış
şəraitlə yaxından tanış oldu.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin
uşaqlara diqqət və qayğısını əks etdirən fotostend
qurulmuşdur.
Bildirildi ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində aparılmış yenidənqurma işləri nəticəsində
120 yerlik körpələr evi-uşaq bağçasında uşaqların
təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait
yaradılmışdır. İki mərtəbədən və zirzəmidən ibarət
binada yenidənqurma işlərinə 2011-ci ilin fevralında
başlanmışdır.
Körpələr
evi-uşaq bağçasında balacalar xüsusi otaqlarda
gimnastika və intellektual idman növü sayılan şahmatla
məşğul olacaqlar. Uşaqların öz fantaziyalarını rəsm
vasitəsilə reallaşdırmaq imkanı da olacaqdır. Onların
musiqi zövqünü formalaşdırmaq üçün isə xüsusi otaq
yaradılmışdır.
Diqqətə çatdırıldı ki, körpələr evi-uşaq bağçasının
idman zalı təhlükəsiz qurğularla təchiz olunmuşdur.
Burada altı qrup - bir orta, bir kiçik, iki böyük və iki
məktəbə hazırlıq qrupları vardır.
Məlumat verildi ki, binanın zirzəmisində anbar,
camaşırxana, qabyuma, arxiv və digər otaqlar yerləşir.
Yeməkxana da müasir tələblərə cavab verir. Uşaqların
naharla təminatı mərkəzləşmiş qaydada həll edilir. Bunun
üçün binanın zirzəmisindəki mətbəxdə hazırlanan yeməklər
yük lifti vasitəsilə mərtəbələrə paylanır. Hər qrupun
ayrıca mətbəxi vardır.
Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki,
körpələr evi-uşaq bağçasının həyətyanı sahəsində abadlıq
işləri aparılmışdır. Həyətdə uşaq oyun meydançaları
yaradılmış, 50 kubmetrlik içməli su, 80 kubmetrlik
yanğın əleyhinə su anbarları tikilmişdir. İşıqlandırma
sisteminin tamamilə yeniləndiyi körpələr evi-uşaq
bağçasında təhlükəsizlik kameraları və siqnal sistemləri
də quraşdırılmışdır.
Beləliklə, Azərbaycanın gələcəyini təmin edəcək sağlam
ruhlu, müasir düşüncəli uşaqlar yetişdirmək üçün Heydər
Əliyev Fondu növbəti uğurlu layihələri həyata
keçirmişdir.
AzərTAc |