Açılış
mərasimində birinci xanım Mehriban Əliyeva iştirak edib
Mayın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva Xətai rayonundakı 3
nömrəli uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində
yerləşən yay istirahət düşərgəsinin əsaslı təmir və
yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsdi və
istirahət düşərgəsində yaradılmış şəraitlə yaxından
tanış oldu.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin,
Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və
qayğısını əks etdirən fotostendlər vardır.
Azərbaycanın birinci xanımına məlumat verildi ki, Heydər
Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi çərçivəsində yay istirahət
düşərgəsində yenidənqurma işləri 2010-cu ilin fevralında
başlanmışdır.
Bildirildi ki, 120 yerlik dördmərtəbəli düşərgədə
uşaqların istirahəti və əyləncəsi üçün yüksək şərait
yaradılmışdır.
Burada uşaqlar kompüterlər vasitəsilə
informasiya-kommunikasiya texnologiyalarının sirlərinə
yiyələnəcəklər. Düşərgənin kitabxanasında bir çox
sahələrə dair ədəbiyyat toplanmışdır. Balacalar buradakı
geniş yeməkxananın xidmətindən istifadə edəcəklər.
Birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı
ki, düşərgədə uşaqların əylənmələri üçün maraqlı
tədbirlər təşkil ediləcəkdir. Binanın dördüncü
mərtəbəsində məhz bunun üçün əlverişli şərait
yaradılmışdır.
Mehriban xanım Əliyeva burada 3 nömrəli uşaq evinin
əməkdaşları və uşaqlarla görüşdü, yay istirahət
düşərgəsinin hazır olması münasibətilə onları təbrik
etdi.
Azərbaycanın birinci xanımı binanın eyvanından açılan
gözəl mənzərəni seyr etdi.
Qeyd edildi ki, düşərgədə uşaqların idmanla məşğul
olmaları üçün də hər cür şərait vardır. Burada futbol
meydançası yaradılmış, hovuz tikilmişdir. Düşərgənin
müxtəlif ağacların və dekorativ kolların əkildiyi
həyətində müasir işıqlandırma sistemi qurulmuş, əyləncə
guşələri yaradılmışdır. Yay istirahət düşərgəsinin
binasında təhlükəsizlik kameraları və siqnal sistemi
quraşdırılmışdır.
Bildirildi ki, binanın oğlanlar üçün nəzərdə tutulan
ikinci mərtəbəsində hər biri 15 nəfərlik dörd yataq
otağı vardır. Buradakı 200 nəfərlik iclas zalında
müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi avadanlıq
quraşdırılmışdır. Binanın üçüncü mərtəbəsi isə qızlar
üçün nəzərdə tutulmuşdur.
Məlumat verildi ki, Xətai rayonundakı 3 nömrəli uşaq evi
1937-ci ildən fəaliyyət göstərir. Burada 3 yaşdan 18
yaşa qədər valideyn himayəsindən məhrum olmuş 102 uşaq
yaşayır və tərbiyə olunur. 1989-cu ildən 1990-cı ilə
qədər kimsəsiz uşaqlar yay fəslində uşaq evinin Xəzər
rayonunun Buzovna qəsəbəsində yerləşən sağlamlıq
zonasında dincəlirdilər. 1991-ci ildən sağlamlıq zonası
yaşayış üçün yararsız hala düşdüyündən fəaliyyətini
dayandırmışdır. Bu düşərgə Heydər Əliyev Fondu
tərəfindən əsaslı təmir edildikdən sonra qapılarını
yenidən uşaqların üzünə açmışdır.
AzərTAc |