Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27
dekabr tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq
sahəsində Milli Fəaliyyət Proqramı"nda Təhsil Nazirliyi
tərəfindən həyata keçirilməsi nəzərdə tutulan
tədbirlərin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq
sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə bağlı
Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin
(əlavə olunur).
2. Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin,
yerli təhsili idarəetmə orqanlarının və təhsil
müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını
təmin etsinlər.
3. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planını
çoxaldaraq yerlərə çatdırsın.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri"
məlumat-informasiya məcmuəsində dərc olunmasını və
tədbirlər planı ilə birlikdə nazirliyin İnternet
səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova
həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 may 2012-ci il |