Məktəblilərin
hərbi-vətənpərvərlik ruhunda tərbiyə almaları, onların
baş verə biləcək fövqəladə hallara hazırlıqlı olmaları
günümüzün ən vacib məsələlərindən biridir. Bu baxımdan
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin
təşkilatçılığı və Təhsil, Gənclər və İdman
nazirliklərinin dəstəyi ilə ümumi təhsil məktəblərinin
şagirdləri arasında keçirilən "Gənc xilasedici və
yanğınsöndürən" yarışı böyük əhəmiyyət kəsb edir.
Şuşa rayonunun məktəbliləri də bu yarışa xüsusi maraq
göstərmiş və böyük məsuliyyətlə həmin tədbirdə iştirak
etmişlər. Müsabiqənin rayon mərhələsində uğur əldə
edərək I yer tutmuş 10 nömrəli tam orta məktəbin
komandası zona yarışlarında iştirak etmək hüququ
qazanmışdır. Zona yarışları Sumqayıt Regional Mərkəzində
Abşeron, Xızı, Şuşa, Qubadlı rayon və Sumqayıt şəhər
məktəblilərinin iştirakı ilə keçirilmişdir. Sevindirici
haldır ki, müsabiqənin son dərəcə gərgin və maraqlı
keçən bu mərhələsində də Şuşa məktəbliləri qalib
gələrək I yeri tutmuş və ümumrespublika yarışlarında
iştirak etmək hüququ qazanmışlar. Qələbənin
qazanılmasında 10 nömrəli tam orta məktəbin şagirdləri
- Xəyal Əlizadə, Mehralı Mehralıyev, Binnət Cabbarlı,
Samiq Tahirov, İlqar Mehralıyev, Raqif Rəhimov və
Ağasif Məmmədov böyük fəallıq göstərmişlər.
Şagirdlərimizin yarışlara hazırlaşmasında, bu
mübarizələrdə uğurlu iştirakında 10 nömrəli məktəbin
direktoru Rafael Ağayevin və GÇH rəhbəri Kənan
Əbdüləzimovun böyük zəhməti olmuşdur. Biz inanırıq ki,
komandamız final mərhələsində də uğurla iştirak
edəcəkdir.
Ceyhun MƏMİYEV,
Şuşa RTŞ-ın əməkdaşı |