1998-ci il fevralın 22-də Bakıda dünyaya göz açan
Ənvər Kərimov doğulduğu gündən evdə musiqi səsi eşidib.
Anası, əməkdar artist Töhvə Kərimovanın ifa etdiyi
musiqilər sanki balaca Ənvərin ilk laylaları olub.
Beləcə, illər ötdükcə musiqi sədaları altında o,
böyüyüb boya-başa çatıb. Musiqinin sehrindən ayrıla
bilməyən, istedad və bacarığı ilə hələ uşaq ikən
fərqlənən balaca Ənvər nəhayət, 2007-ci ildə Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas
musiqi məktəb studiyasının truba ixtisası üzrə
Azərbaycan Respublikasının əməkdar artisti Vladislav
Kuznesovun sinfinə daxil olub. Burada təhsil aldığı
illərdə o, dəfələrlə rəngarəng konsert proqramları ilə
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının
səhnəsində, Bakı Musiqi Akademiyasının böyük və
Kapelxauz Kamera Musiqi zallarında çıxış edib.15 dekabr
2011-ci ildə isə Ənvər Musiqi Akademiyasının 90
illiyinə həsr olunmuş konsertdə öz məharətini göstərib.
Həmin il o, Bakıda keçirilən nəfəs və zərb alətləri
ifaçılarının II Respublika müsabiqəsinin laureatı
olaraq I yeri qazanıb. Bolqarıstanın Stara Zaqora
şəhərində keçirilən VI Beynəlxalq müsabiqədə I yerlə
mükafatlandırılıb.
Hazırda Ənvər Kərimov Azərbaycanın xalq artisti
T.Göyçayevin bədii rəhbərliyi altında Gənclər simfonik
orkestrinin və Azərbaycanın əməkdar artisti
V.Kuznesovun bədii rəhbərliyi altında fəaliyyət göstərən
"Golden Brass" mis nəfəs alətləri ansamblının solistidir.
O, gözəl, əsrarəngiz səsə və parlaq texnikaya malikdir.
Hazırda yeniyetmə musiqiçi Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb
studiyasının 5-ci və Bakıdakı 47 nömrəli tam orta
məktəbin 8-ci siniflərinin şagirdidir. Dərslərini yaxşı
oxuyur. Ən çox sevdiyi fənn riyaziyyatdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29
mart 2012-ci il tarixdə imzaladığı "Gənc istedadların
xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncamı ilə
Ənvər Kərimovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl
kitabı"na yazılmaqla o, xüsusi aylıq təqaüdə layiq
görülüb.
Sifai SƏFƏROVA |