Məğrurə
Məhəmməd qızı İmanlı idmanı çox sevir. İdmanın şahmat
növü üzrə məşğul olur. O, iki dəfə Azərbaycan və üç
dəfə Bakı çempionudur. 1998-ci ildə Bakıda həkim
ailəsində anadan olub, Sabunçu rayonunun Zabrat
qəsəbəsindəki 307 nömrəli tam orta məktəbin VIII sinif
şagirdidir. 14 yaşlı Məğrurə şahmat oynamağa 4-5
yaşlarından başlayıb. Sonralar valideynləri bu idman
növünə olan böyük həvəsini görüb onu Bakı Şəhəri üzrə 1
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq -
Gənclər İdman Şahmat-Dama məktəbinə qoyurlar. O, burada
təcrübəli müəllim, beynəlxalq qrossmeyster Fərid
Abbasovdan şahmatın sirlərini öyrənməyə başlayır.
- Məğrurə, səndə idmanın şahmat növünə olan həvəs hardan
yarandı və ilk qələbəni necə xatırlayırsan?
- Əvvəlcə fürsətdən istifadə edərək üstümdə əməyi olan
müəllimlərimə və valideynlərimə sonsuz təşəkkürümü
bildirirəm. Babam şahmatı çox sevir və gözəl oynayır.
O, mənim demək olar ki, ilk müəllimim olub. Boş
vaxtlarında həmişə məni öyrədər, etdiyim səhvləri oyun
zamanı deyərdi. 4-5 yaşlarımdan şahmatı seçdim və ilk
sirlərini öyrəndim. Təxminən 5-6 yaşlarımda sərbəst
oynamağa başladım. Ailəmizdə bacımın da şahmata marağı
çox olub. Valideynlərim məndən qabaq onu şahmatçı görmək
istəyirdilər. Bu məqsədlə onu şahmat məktəbinə qoydular.
Mən də bacımın yanında şahmatı öyrənirdim.
Valideynlərim mənim şahmata olan həvəsimi, bacımdan
yaxşı oynadığımı gördülər. Onun yerinə məni şahmat
məktəbinə apardılar.
Şahmatda ilk addımlarımı atmağa başladım. 2007-ci ilin
yanvarında 10 yaşlı qızlar arasında Bakı və Azərbaycan
çempionu oldum. Sonralar dəfələrlə Bakı və Azərbaycan
çempionatlarında I yerə çıxdım.
- Şahmatda hansı fiqurları daha çox sevirsən?
- Bütün fiqurların öz yeri var. Ancaq mən üç fiquru çox
sevirəm. Vəzir, fil və at fiqurlarını həmişə özümə yaxın
bilmişəm. Oyunlarımda həmin fiqurlara daha çox üstünlük
verirəm.
- Şahmat oynayanda hansı hissləri keçirirsən?
- Həmişə həyəcanlı oluram. Oynamağa başlayanda
çalışıram ki, həyəcanımı boğum və heç bir səhvə yol
verməyim. Tələsmədən düzgün qərarlar vermək istəyirəm.
Hər bir rəqib oyunçudan yaxşı nəsə öyrənməyə çalışıram.
- Güclü rəqiblərlə mübarizə aparmaq azyaşlı Məğrurəyə
çətin gəlmirki?
- Bir oyunçu kimi gücümə güvənirəmsə, heç vaxt güclü
rəqiblərlə oynamaq çətin deyil. Çempion olmaq hər bir
idmançının arzusudur. Bu yolda mübarizə aparmaq
lazımdır. Ən böyük arzum Avropa və dünya çempionu
olmaqdır. Gələcəkdə özümü tanınmış və məşhur şahmatçı
kimi görmək istəyirəm.
Bakı Şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat-Dama məktəbinin
direktoru Natiq Ələkbərov:
- Son on ildə idman məktəbinin nəticələri yüksək
səviyyədədir. 2006-cı ildən bəri dünya və Avropa
çempionatlarında yetirmələrimiz çoxlu medallar qazanıb.
Bu da biz müəllimləri çox sevindirir. Bundan başqa, biz
2011-ci ilin nəticəsinə görə Təhsil Nazirliyinin
keçirdiyi ilin ən yaxşı məktəbi, 2011-ci ilin dekabr
ayında Gənclər və İdman Nazirliyinin keçirdiyi "Yaxşıların
yaxşısı" nominasiyalarının qalibi olduq. 2011-ci ildə
üç məşqçimiz əməkdar məşqçi adına, 1 idmançımız
beynəlxalq qrossmeyster, iki idmançımız isə beynəlxalq
usta adına layiq görüldü. Bu yaxınlarda 14,16,18 yaşlı
şahmatçılar arasında Azərbaycan çempionatı keçirildi.
Həmin çempionatda məktəbimizin iki idmançısı, dəfələrlə
Azərbaycan çempionu Məğrurə İmanlı və Elxan Bayramov
Avropa çempionatına vəsiqə qazandılar.
Məğrurə İmanlı çalışqanlığı, iti zəkası, idmana olan
marağı ilə digərlərindən həmişə fərqlənir. O, şahmat
məktəbinə qəbul olanda bu idman növü haqqında kifayət
qədər anlayışı var idi. Məğrurəni irəliyə aparan yaxşı
cəhətlərindən biri həmişə öz üzərində işləməsidir. O,
2011-ci ildə Azərbaycan çempionu adını qazanmışdır.
Məğrurə İmanlı haqqında onu demək olar ki, qısa müddət
ərzində bu qədər yüksək nəticəni qazanan yeniyetmə
şahmatçının böyük gələcəyi var. İnanırıq ki, o,
ölkəmizin adını həmişə dünya arenalarında uca tutacaq,
üçrəngli bayrağımızı zirvələrə ucaldacaq.
Məğrurə İmanlının qazandığı uğurlarda peşəkar və
təcrübəli şahmat müəllimi, beynəlxalq qrossmeyster Fərid
Abbasovun də əziyyəti böyükdür. O, yetirməsi haqqında
bu fikirdədir:
- Məğrurə özünə güvənən, prinsipial, nümunəvi və
nizam-intizamlı bir oyunçudur. O, güclü yaddaşa malik
şahmatçıdır. Onunla işləmək rahatdır, çünki o, boş
vaxtlarında öz üzərində çalışmağı çox sevir və verilən
tapşırıqlara düzgün əməl edir. Şahmatda böyük məsuliyyət,
özünə qarşı tələbkarlıq və əzmkarlıq lazımdır. Mən
bunların hamısını Məğrurədə görürəm. Belə davam eləsə,
onu tezliklə Avropa və dünya çempionu kimi görərik. Biz
ona güvənirik.
Məğrurə İmanlı həm də dərs əlaçısıdır
Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 nömrəli tam
orta məktəbin direktoru İqbal Kərimov Məğrurənin
nümunəvi bir şagird olduğunu dedi. Bildirdi ki, o, dərs
əlaçısı kimi məktəb kollektivinin hörmətini qazanıb.
Müəllimləri həmişə onun güclü hafizəyə, iti zəkaya malik
olduğunu söyləyirlər.
"Ailəmizin arzusu Məğrurəni məşhur şahmatçı kimi
görməkdir"
Babası Feyzulla Qasımov: O, ailədə ortancıl övladdır.
Ailəmizin arzusu Məğrurəni məşhur şahmatçı kimi
görməkdir. Biz onun əldə etdiyi uğurlarına ürəkdən
sevinirik.
Öyrəndik ki, Məğrurə bu il Avropa və dünya
çempionatlarında iştirak edəcək. İnanırıq ki, o,
qarşıdakı mötəbər yarışlarda ölkəmizi layiqli təmsil
edərək üçrəngli dövlət bayrağımızı zirvələrə qaldıracaq.
Bu şərəfli və çətin yolda ona uğurlar arzulayırıq.
Rəşad ZİYADOV |