Müasir təlimin əsas xüsusiyyətlərindən biri dərslərdə
yeni təlim metodlarından istifadəyə üstünlük verilməsi,
İKT vasitələrinin yaradıcılıqla tətbiqidir. Bu sahədəki
təcrübəni nümayiş etdirmək üçünsə tez-tez "açıq
dərs"lərin keçilməsi faydalıdır. Bunu nəzərə alaraq mən
də vaxtaşırı "açıq dərs"lər təşkil edirəm. Növbəti
keçirdiyim "açıq dərs" IX sinifdə Xəlil Rzanın "Mənim
dilim" şeirinin tədrisi mövzusunda idi. Dərsin əsas
məqsədi şeirin məzmununun öyrədilməsi, rejimin qoyduğu
qadağalara baxmayan şairin ana dilimizin ən yüksək milli
dəyər olduğunu cəsarətlə söylədiyini şagirdlərə
çatdırmaq, X.Rza sənətkarlığı ilə ilkin tanışlıq,
şagirdlərdə əməkdaşlığın, birgə işləmək bacarığının
yaradılması, bədii təfəkkürün inkişaf etdirilməsi idi.
"Açıq dərs"də fərdi iş, kiçik qruplarla iş, bütün
siniflə iş formalarından, müsahibə, ifadəli oxu,
müəllimin izahı, Venn diaqramı kimi metod və
priyomlardan istifadə etdim. Resurs kimi IX sinif üçün "Ədəbiyyat"
dərsliyi, X.Rzanın "Seçilmiş əsərləri", kompüter,
müxtəlif disklərdən istifadə nəzərdə tutulmuşdu.
İlk əvvəl sual-cavab yolu ilə keçmiş dərsi (X.Rzanın
həyatı və yaradıcılığı) şagirdlərdən soruşdum. Şairin
ədəbiyyatımızdakı mövqeyi, təhsili, mövzular aləmi,
tərcüməçilik fəaliyyəti ilə bağlı suallara şagirdlərdən
qaneedici cavablar aldım. Şagirdlər istiqlal şairinin:
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram
və s. kimi alovlu misralarını səsləndirdilər.
Motivasiya yaratmaq məqsədi ilə şagirdlərin diqqətini
lövhəyə yazılanlara yönəldib söhbətin nədən getdiyini
onlardan soruşdum: - O nədir ki, onsuz insan cəmiyyəti
mövcud ola bilməz; canlılardan yalnız insana məxsusdur;
belə deyirlər ki, dünyada ən şirin şey də, ən acı şey də
odur; millətin ən ümdə mənəvi dəyəri odur; insanlar
arasında ən mühüm ünsiyyət vasitəsidir.
Şagirdlər dərhal cavab verdilər ki, söhbət dildən gedir.
Şagirdlərin doğru söylədiklərini təsdiq edib onlara
bildirdim ki, dil, ana dili, Azərbaycan dili ilə
əlaqədar dil dərslərində öyrəndikləri, inşa yazılarda
istifadə etdikləri aforizmləri xatırlasınlar. Onlar
çətinlik çəkmədən müxtəlif məşhur adamların fikirlərini
səsləndirdilər: "Ananın südü bədənin mayəsi olduğu kimi,
ananın dili də ruhun qidasıdır" (F.Köçərli), "Ana
dilində danışmaq böyük mədəniyyətdir" (Hegel), "Ana dili!
Nə qədər möhtəşəm, müqəddəs, nə qədər uca bir qüvvə!" (N.Nərimanov),
"İnsan öz dilinin altında gizlənibdir, danışmağa
başlayandan sonra ağıllı və ya ağılsız olduğu bilinir" (Həzrət
Əli), "Türkün dili tək sevgili, istəkli dil olmaz, Özgə
dilə qatsan, bu əsil dil əsl olmaz" (M.Şəhriyar), "Artıran
söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa,
əhlin eylər ol miqdar söz" ( M.Füzuli).
Şagirdlərdən biri Azərbaycan dili ilə bağlı belə bir
fikir səsləndirdi. İngilis, rus və Azərbaycan dillərini
öyrənən fransızdan soruşurlar:
- İngilis dilini nə üçün öyrənirsən?
- Beynəlxalq dil olduğu üçün.
- Rus dilini nə üçün öyrənirsən?
- Onun vasitəsilə rus ədəbiyyatını öyrənmək üçün.
- Bəs Azərbaycan dilini nə üçün öyrənirsən?
- Bu dildə bir özgə gözəllik var.
Sonra şagirdlərdən birinə Azərbaycan dili haqqında
yığcam məlumat verməsini tapşırdım. Şagird dilimizin 50
milyondan çox azərbaycanlının ünsiyyətinə xidmət
etdiyini, bu günə qədər müxtəlif adlarla adlandığını,
ölkəmizdə ana dilimizə yüksək səviyyədə dövlət
qayğısının olduğunu, Konstitusiyamızın 21-ci maddəsilə
Azərbaycan dilinin dövlət dili kimi təsbit edildiyini
söylədi.
Sonra tədqiqat sualını lövhədə yazdım: - İmperiya
şəraitində "Mənim dilim" şeirini yazmaq üçün şairdə
hansı keyfiyyətlər olmalıdır?
Əvvəlcə şeir sinfin bədii qiraətdə seçilən
şagirdlərindən biri tərəfindən ifadəli şəkildə oxundu.
Sinif qruplara bölündükdən sonra liderlər seçildi və
qruplar adlandırıldı. Mövzu ana dili olduğu üçün
şagirdlər ədəbi dilimizin inkişafında mühüm rolu olan
dörd sənətkarın adını seçdilər: "Nəsimi", "Xətai",
"Füzuli", "Vaqif".
Qruplara iş vərəqləri payladım və tapşırıqlar verdim.
Bütün qruplar üçün təxminən eyni xarakterdə olan
tapşırıqlarda şeiri 4 hissəyə bölüb hər qrupa bir
parçası verilmişdi. Həmin parça qrupun əzbərləmək
qabiliyyəti güclü olan şagirdi tərəfindən əzbərlənməli,
digər şagirdlər həmin parçanı öz sözləri ilə danışmağı,
yəni şairin fikirlərini kiçik ifadə şəklində
söyləməlidilər. Qruplar bir-birinin fikirlərinə əlavələr,
düzəlişlər edə və ehtiyac yaranarsa sual verə bilərdilər.
Hər qrup ona ayrılan parçaya aid şəkil də çəkməli idi.
Şagirdlər "Koroğlu" uvertürasının ahəstə sədaları
altında tapşırıqları yerinə yetirdilər. Tapşırığın
icrasına ayrılmış 10 dəqiqə başa çatdıqdan sonra
şagirdlər tapşırığı tələb olunan qaydada
cavablandırdılar.
Şeirin müasirliyi nədədir? Sualıma bir neçə şagirdin
cavabı təxminən eyni oldu:
Ana dilindən bəhs edən əsər həmişə müasirdir. Əlavə
etdim ki, bu gün ana dilimizi lazımsız söz axınlarından
qorumaq lazımdır. Şeirdəki hansı fikirlərin bayaq
söylədiyimiz aforizmlərlə səsləşməsi barədəki sualıma da
şagirdlər doğru olaraq bildirdilər ki, F.Köçərlinin,
dilimizin şirinliyindən bəhs edən məşhurların fikirləri
ilə X.Rzanın fikirləri arasında bir yaxınlıq görürlər.
Tədqiqat sualının cavablandırılmasına kömək məqsədi ilə
şagirdlərə bildirdim ki, keçmiş SSRİ-də rus dilinin az
qala ana dili səviyyəsində təbliğ olunduğu bir ölkədə "Mənim
dilim" kimi cəsarətli şeir yazmaq X.Rzanın
yaradıcılığında bir təsadüf yox, dərk olunmuş bir
zərurət idi. Həm də bu şeir şairin sovet imperiyasının
siyasətinə zidd olan yeganə şeiri deyildi".
Sonra şagirdlər Venn diaqramı quraraq B.Vahabzadənin "
Latın dili" şeiri ilə X.Rzanın "Mənim dilim" şeirini
müqayisə etdilər. Qruplar maraqlı fikirlər
səsləndirdilər. Hər iki əsərin ortaq xüsusiyyətləri kimi
göstərilənlərin bir qismi: Hər iki şeir milli mənəvi
dəyərlərimizə bağlı sənətkarlar tərəfindən yazılıb, hər
iki əsərin müəllifi bu və ya digər dərəcədə imperiyanın
zərbini dadmış insanlardır, hər iki şeirdə milli
dillərin sıxışdırılmasına qəti etiraz var, hər iki
şeirdə dil millətin mənəvi diriliyi kimi verilir.
Yenidən sinfə müraciət edərək dil məsələsinin yalnız
yazarların deyil, həm də siyasətçilərin, dövlət
rəsmilərinin işi olduğunu deyib bildirdim ki, dilimizin,
ədəbiyyatımızın, mədəniyyətimizin böyük dostu,
himayədarı olan iki böyük dövlət xadiminin (şagirdlər
yerlərindən Ş.İ.Xətai və Heydər Əliyevin adlarını
çəkdilər) fikirlərini xatırlamasaq, məncə, bugünkü dil
haqqındakı fikirlərimiz yarımçıq qalar. Şagirdlərdən
biri Ş.İ.Xətainin "...ey türk oğulları, bir ovuc
torpağını dünyanın var-dövlətinə, dilinin bir sözünü ləl-cəvahirata
dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın..."
vəsiyyətini söylədi. Ulu öndərimiz Heydər Əliyevin
sözlərini isə şagirdlər onun öz səsində videolent
vasitəsilə dinlədilər: "Hər bir insan üçün onun milli
mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".
Hamı ayağa qalxdı, Azərbaycanın himni oxundu.
Müəllim və qruplar tərəfindən qiymətləndirmə aparılandan
sonra "açıq dərs" ev tapşırığının verilməsi ilə başa
çatdı.
Firəngiz İSKƏNDƏRQIZI,
Sabirabad rayonu Qəzli kənd orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi |