Vaxtilə
böyük alim Azad Mirzəcanzadənin təşəbbüsü ilə Bakıdakı
147 nömrəli texniki-humanitar liseydə keçirilməyə
başlanmış şagird elmi konfransları artıq çoxdan bu
təhsil ocağının yaxşı bir ənənəsinə çevrilib. Şagirdləri
elmi tədqiqatlara həvəsləndirmək, onlarda ilkin
tədqiqatçılıq bacarıq və vərdişləri formalaşdırmaq
məqsədi daşıyan elmi konfransları liseydə iki ildən bir
keçirilir. Elmi tədqiqatlara həvəsləri, maraqları olan,
gələcəkdə özlərini elmdə görməyi arzulayan şagirdlər
müəllimlərinin rəhbərliyi altında müxtəlif fənlərdən
hazırladıqları elmi məruzələrlə tanınmış alimlər
qarşısında çıxışlar edir, bir növ hesabat verirlər.
Liseydə növbəti belə konfrans "Elmin zirvəsini fəth edək"
devizi altında aprelin 23-də keçirildi. Hər elmi
konfransda olduğu kimi, bu dəfə də liseyin müəllim və
şagirdlərinin təşəbbüsü və bilavasitə iştirakı ilə
Azərbaycanın bölgələrinə aid guşələr yaradılmış, hər
guşədə ona həsr olunduğu bölgənin təbii-coğrafi
xüsusiyyətləri, flora və faunası haqqında, faydalı
qazıntılarına, əsas təsərrüfat sahələrinə dair
məlumatlar və müvafiq nümunələr yerləşdirilmişdi.
Konfrans iştirakçıları bu guşələrin önündə ayaq saxlayıb
onlara maraqla tamaşa edirdilər.
Tədbiri giriş sözü ilə açan 147 nömrəli texniki-humanitar
liseyin direktoru, əməkdar müəllim Həlimə Mehdiyeva
konfransın ulu öndər Heydər Əliyevin anadan olmasının
89-cu ildönümünə həsr olunduğunu diqqətə çatdırdı.
Bildirdi ki, dil-ədəbiyyat, tarix, riyaziyyat, təbiət
elmləri, kimya-biologiya, xarici dil və s. bölmələri
əhatə edən konfransda VIII-XI sinif şagirdlərinin elmi
məruzələri dinlənilib müzakirə olunacaq.
Liseyin bir qrup şagirdi Dövlət himnimizi ifa etdikdən
sonra H.Mehdiyeva çıxışını davam etdirərək, son illər
əldə etdikləri uğurlar barədə məlumat verdi. Söylədi ki,
görkəmli alim Azad Mirzəcanzadənin təşəbbüsü, Təhsil
Nazirliyi və Xətai Rayon İcra Hakimiyyətinin birgə
sərəncamı ilə yaradılmış liseylərinə qəbul V sinifdən
yoxlama yolu ilə aparılır.
Liseydə respublikanın bütün bölgələrindən qabiliyyətli
şagirdlər təhsil alır. Tədris ocağının nəticələri
kifayət qədər yüksəkdir. Belə ki, TQDK-nın hər il qəbul
imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirdiyi
respublikanın 10 ən yaxşı ümumtəhsil müəssisəsi arasında
147 nömrəli texniki-humanitar liseyin də adı vardır. 460
nəfər şagird kontingenti olan liseydə yüksək peşəkarlığa
malik müəllimlər çalışır. Müəllimlər arasında elmlər
doktoru, professor, müxtəlif elmlər üzrə fəlsəfə
doktorları, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri
vardır.
Liseyin demək olar ki, bütün məzunları ölkəmizin və
xarici dövlətlərin ən nüfuzlu universitetlərinə qəbul
olunur və müvəffəqiyyətlə təhsil alırlar. Liseyin
istedadlı şagirdləri elmi konfransın iştirakçılarını
şeir və mahnılardan ibarət ədəbi-bədii kompozisiya ilə
salamladıqdan sonra qonaqlar qruplara bölünüb bölmələrdə
iştirak etdilər. Hər bölmədə 4-5 məruzə dinlənildi.
Bizim də iştirak etdiyimiz ədəbiyyat bölməsində öncə
liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur
Nəbiyeva elmi konfransa hazırlıq, bu işdə xüsusi
fəallıq göstərən, şagirdlərin elmi rəhbəri olmuş
müəllimlər barədə məlumat verdi.
Söz şagirdlərə verildi. VIII "a" sinif şagirdi Şahin
Əhmədov "Nizami və Quranşünaslıq", IX "b"sinif şagirdi
Elmira Sadıqova "Xəmsənin təhlili. Fənlərarası əlaqə",
rus bölməsi üzrə XI "z" sinif şagirdi Səbinə Vəliyeva
"Cəmiyyətdə şəxsiyyətin tragediyası" (rus dilində), X
"a" sinif şagirdi Nübar Baydarova "Qədim türk - oğuz
yurdu "Qərbi Azərbaycanda (indiki Ermənistan)
etnotoponimlər", IX sinif şagirdi Narı Kamilli
"M.Füzulinin "Leyli və Məcnun" poemasında felin xəbər
şəkli" mövzularında məruzələr etdilər.
Hər məruzədən sonra şagirdlər dinləyənlər tərəfindən
onlara ünvanlanan sualları cavablandırdılar. Məruzələrin
müzakirəsi zamanı çıxış edən Atatürk Mərkəzinin rəhbəri,
Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın
müxbir üzvü, professor Nizami Cəfərov, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov,
BDU-nun kafedra müdiri, professor Cəlil Həsənov, AMEA
Kosmik Tədqiqatlar İnstitutunun direktor müavini,
professor Tofiq Süleymanov, "Azərbaycan məktəbi"
jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə
doktoru Nəcəf Nəcəfov, "İki sahil" qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə və başqaları elmi məruzələr
üçün fərqli və aktual mövzuların seçildiyini, mövzuların
kifayət qədər mükəmməl işləndiyini, məruzələrdə orijinal
fikirlərin çox olduğunu, bütövlükdə konfransın yaxşı
təşkil olunduğunu qeyd etdilər, şagirdlərə bəzi məsləhət
və tövsiyələrini verdilər. Digər bölmələrdə də müvafiq
müzakirələr aparıldı.
Yusif ƏLİYEV |