Bu
il 50 yaşını qeyd edəcək Sumqayıt Dövlət Universiteti
gənclik şəhərinin ilk və yeganə ali təhsil ocağıdır.
Əvvəllər neft-kimya institutunun filialı kimi fəaliyyət
göstərmiş bu təhsil müəssisəsinin bazasında artıq neçə
ildir ki, müasir dövlət universiteti yaradılmışdır.
Yubiley münasibətilə universitetdə silsilə tədbirlər
təşkil olunur. Belə tədbirlərdən biri də filologiya
fakültəsinin Sumqayıt yazarları ilə keçirdiyi görüş idi.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu
öndər Heydər Əliyevin büstü önünə çiçək dəstələri
qoydular. Azərbaycan ədəbiyyatı klassiklərinə aid
guşənin qarşısında xatirə şəkilləri çəkdirildi.
Sonra tədbir kiçik akt zalında davam etdi. Universitetin
rektoru, professor Nadir Qəhrəmanov qonaqları
salamlayaraq bu ali təhsil ocağının Sumqayıt ziyalıları,
o cümlədən yazıçı və şairlərlə sıx əlaqələrinin olduğunu
vurğuladı. Bildirildi ki, SDU yalnız ali təhsil ocağı
kimi deyil, həm də şəhərin qaynar mədəni mərkəzlərindən
biri kimi tanınır. Rektor bu görüşün də yaddaqalan
olacağına inam ifadə etdi.
Azərbaycan
və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent
Avtandil Ağbaba SDU-nun 50 illiyinə həsr olunmuş silsilə
tədbirlərin sırasında bu görüşün əhəmiyyətini qeyd etdi.
Kafedranın dissertantı Vəsilə Əbülhəsənovanın Sumqayıt
ədəbi mühiti haqqında məruzəsi maraqla dinlənildi.
Sonra şairlərdən Sabir Sarvan, Gülnarə Cəmaləddin, Rafiq
Yusifoğlu, Əvəz Mahmud Lələdağ, İbrahim İlyaslı, Rafiq
Oday, Əli Nəcəfxanlı, Məmməd Namaz, 3-cü kurs tələbəsi
Orxan Zaman və başqaları yubileyi qeyd olunan
universitet haqqında ürək sözlərini söylədilər, yeni
şeirlərini oxudular. Yazarlar tələbələri maraqlandıran
sualları da ətraflı cavablandırdılar.
E.UMUDLU |