Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

12 yetirməsi Nobel mükafatı almış müəllim

 

Yeni Zelandiya dünya elminə bir sıra dahilər bəxş edib. 4443000 əhalisi olan bu ölkə 3 Nobel mükafatçısı yetişdirib. Onların arasında ən məşhuru, mübaliğəsiz olaraq demək olar ki,  radioaktivlik və atomun quruluş nəzəriyyəsinin banilərindən biri Ernest Rezervorddur. Rezervordun adı elm tarixində həm də ona görə yüksək zirvədədir ki, onun 12 tələbəsi Nobel mükafatı laureatıdır.  O, alfa və beta şüalarını kəşf etmiş və onların təbiətinin izahını vermişdir. 1903-cü ildə F.Soddi ilə birlikdə radioaktivlik nəzəriyyəsini yaradıb. 1911-ci ildə atomun planetar modelini təklif edən alim 1921-ci ildə neytronun mövcudluğunu əvvəlcədən xəbər vermişdi. 1908-ci ildə kimya üzrə Nobel mükafatı alıb. 

Məktəb illəri 

İngilis fiziki Ernest Rezervord 1871-ci il avqustun 30-da Yeni Zelandiyada Nelson şəhəri yaxınlığında anadan olub. O, tikinti ustası olan Ceyms Rezervord və şotlandiyalı məktəb müəllimi Marta (Tompson) Rezervordun ailəsində doğulmuş 12 uşaqdan biri  idi. Həkim olmadığından uşaqlardan 3-ü müxtəlif xəstəliklərdən vəfat etmişdi. Balaca Ernest iricüssəli, heyrətləndirici yaddaşa, qeyri-adi gücə malik idi.   O, əvvəlcə yerli ibtidai və orta məktəbi bitirib, daha sonra Nelson Kollecinə daxil olaraq xüsusi təqaüdə layiq görülüb.  Burada özünü xüsusən də riyaziyyat sahəsində istedadlı tələbə kimi göstərib.  Təhsildə qazandığı uğurları sayəsində Ernest tezliklə daha bir təqaüdə layiq görülməklə ölkənin ən böyük şəhəri olan Kreytçerdəki Keterberi Kollecinə daxil olmaq  imkanı qazanıb.    Kollecdə oxuyarkən fizika və kimya müəllimləri E.Bikerton və riyaziyyatçı C.Kuxun ona böyük təsiri olub. 1892-ci ildə Ernest humanitar elmlər sahəsində bakalavr dərəcəsi aldıqdan sonra riyaziyyat üzrə aldığı təqaüd hesabına kollecdə məşğələləri davam etdirib.  Növbəti il Ernest fizika və riyaziyyat imtahanlarını hamıdan yaxşı verərək  humanitar elmlər magistri olub. Onun magistrlik işi hələ 10 il əvvəl kəşf olunmuş yüksəktezlikli radiodalğaların tədqiqinə həsr olunmuşdu. Ernest bu hadisəni öyrənmək üçün simsiz radioötürücü icad etmişdi.  Bu qurğu vasitəsilə o, uzaq məsafədən həmkarlarının göndərdiyi radiosiqnalları qəbul edirdi. 

1894-cü ildə E.Rezervorda təbiətşünaslıq sahəsində bakalavr dərəcəsi təqdim olundu. Keterberi Kollecində belə bir ənənə mövcud idi: humanitar sahədə magistr dərəcəsi almış və kollecdə qalmış hər bir tələbə elmi araşdırmalarını davam etdirməli və təbiət elmləri sahəsində bakalavr dərəcəsi almalı idi. Beləliklə də Ernest 23 yaşında 3 dərəcə - humanitar elmlər sahəsində bakalavr, təbiətşünaslıq sahəsində bakalavr,  humanitar sahədə magistr dərəcələri alıb. Kreytçerdə qısa zaman ərzində yerli məktəbdə müəllimliklə məşğul olan Rezervord elm sahəsində qeyri-adi qabiliyyətləri sayəsində Böyük Britaniyada Kembric Universitetinin təqaüdünə layiq görülür. Ernest bu xəbəri atasının kartof tarlasında işləyərkən alıb. O, ətrafındakılara baxaraq uzaqgörənliklə deyib: "Bu, yəqin ki, mənim qazıb çıxardığım sonuncu kartofdur". O, zəhmətkeş ailədə anadan olmuşdu. Buna görə də uşaq yaşlarından əməyə alışmışdı. Məhz zəhmətsevərliyi nəticəsində o, mümkün olan 600 baldan 580-i toplayaraq İngiltərədə təhsilini davam etdirmək imkanı qazanmışdı.  

Rezervordun parlaq kəşfi 

O, Kembricdə məşhur Kavendiş laboratoriyasında, dünyanın ən böyük elmi-tədqiqat mərkəzlərindən birində araşdırmalar aparıb. Kavendiş laboratoriyası dünyaya 15 Nobelçi alim bəxş edib. Rezervord burada ingilis fiziki Con Tompsonun rəhbərliyi altında işləyib. Rezervordun radiodalğaların tədqiqi sahəsində işləri Tompsonda dərin təəssürat yaradıb və o, 1896-cı ildə cəmi bir il əvvəl kəşf olunmuş rentgen şüalarının qazlarda elektrik boşalmalarına təsirini öyrənməyi təklif edib. Onların birgə əməkdaşlığı və Tompsonun mənfi elektrik yükə malik elektronu kəşf etməsi uğurla nəticələnib. Öz tədqiqatlarına əsaslanan Tompson və Rezervord belə bir mülahizə irəli sürdülər ki, rentgen şüaları qazdan keçərkən  qaz atomları parçalanır, nəticədə eyni sayda müsbət və mənfi yüklü zərrəciklər ayrılır. Alimlər bu zərrəcikləri ion adlandırıblar. Bu işlərdən sonra Rezervord atom strukturunun öyrənilməsi ilə məşğul olub.

1899-cu ildə Rezervord Kanadanın Monreal şəhərindəki Makginli Universitetində professor  vəzifəsini qəbul edib. O, burada uran elementinin radioaktiv şualanması ilə bağlı bir sıra vacib eksperimentlərə başlayıb. Təcrübələrin nəticəsi kimi alimin 66 elmi məqaləsi, "Radioaktivlik" kitabı nəşr olunub.  Alim tezliklə alfa və beta şüalanmalarını kəşf edib. Daha sonra fizik müəyyən edib ki, radioaktiv torium elementi qazabənzər radioaktiv məhsul buraxır. O, bu məhsulu şüalanma adlandırıb. Sonrakı tədqiqatlar göstərib ki, digər radioaktiv elementlər - radium və aktinium da şüalanma buraxırlar. Bu və digər kəşflər əsasında Rezervord belə bir  əhəmiyyətli elmi nəticəyə gəlmişdi ki, bütün radioaktiv elementlər alfa və beta şüalar buraxır. Daha çox maraq kəsb edən məqam isə ondan ibarət idi ki, istənilən radioaktiv elementin radioaktivlik  xüsusiyyəti müəyyən zaman keçdikdən sonra zəifləyir. Bu nəticələr belə bir elmi qənaətə gəlməyə əsas verirdi ki, bütün radioaktiv elementlər atomların vahid ailəsinin məhsuludur. Makginli Universitetində aparılan elmi tədqiqatlar əsasında Rezervord və onun həmkarı Frederik Soddi yaratdıqları radioaktivlik nəzəriyyəsinin müddəalarını ifadə etdilər. Bu müddəaya əsasən, radioaktivlik o zaman baş verir ki,  atomdan böyük sürətlə zərrəcik ayrılır və bu itki nəticəsində  bir kimyəvi elementin atomu digər elementin atomuna çevrilir. Rezervord və Soddinin bu nəzəriyyəsi  atomların dəyişilməz və bölünməz olmasına dair əvvəllər mövcud olmuş  konsepsiyalarla ziddiyyət təşkil edirdi. Rezervord əldə olunmuş nəticələri daha da inkişaf etdirmək üçün bir sıra eksperimentlər apardı, bu araşdırmalar onun təklif etdiyi nəzəriyyəni təsdiq etdi.  Rezervordun elmi işləri bütün dünyada alimlər tərəfindən dərin  maraqla qarşılanmışdı.  Aparıcı  elmi-tədqiqat mərkəzləri, Avropanın məşhur universitetləri Rezervordu əməkdaşlığa dəvət edirdilər. Elmi araşdırmalar mərkəzinə yaxın olmaq məqsədilə Rezervord tezliklə İngiltərədəki Mançester Universitetində professor vəzifəsini tutdu. O, burada radioaktivliyin öyrənilməsi üzrə məktəb yaratdı. 1908-ci ildə radioaktiv maddələrin kimyasında elementlərin parçalanması sahəsində tədqiqatlarına görə kimya üzrə  Nobel mükafatına layiq görüldü. İsveç Kral Akademiyası bildirirdi ki, "Rezervordun kəşfi parlaq nəticəyə yol açıb: elementE digər elementə çevrilə bilər". Rezervord mükafatı alarkən zarafatla demişdi ki, "Eelə mən özüm də fizikdən  kimyaçıya çevrildim". 

Planetar model 

Nobel mükafatını aldıqdan sonra Rezervord nazik qızıl folqaların uranın radioaktiv parçalanma məhsulu olan  alfa zərrəciklərlə bombalanması nəticəsində müşahidə olunan hadisələrin öyrənilməsi ilə məşğul olub.   Alim müəyyən etmişdi ki,  alfa zərrəcikləri əksetmə bucağının köməyi ilə davamlı elementlərin strukturunu öyrənmək mümkündür. O zaman mövcud olmuş təsəvvürlərə görə, atom  tərkibində müsbət və mənfi yüklərin bərabər paylandığına görə alfa zərrəciklərin hərəkət istiqamətini dəyişə bilməyən  modeldir. Qüvvədə olan Tompson modeli atomu içərisində yüklənmiş elektron olan cism kimi təsvir edirdi. Lakin bu model atomun xassələrini açmırdı. Rezervord müəyyən etmişdi ki, qüvvədə olan nəzəriyyədən fərqli olaraq,  alfa zərrəciklərinin müəyyən qismi gözlənilən istiqamətlərdən böyük məsafədə uzaqlaşır.  Öz araşdırmaları ilə  Rezervord təsdiq etmişdi ki, alfa zərrəciklərinin kifayət qədər böyük hissəsi gözləntilərə rəğmən daha uzaq məsafədə, bəziləri hətta 90 dərəcədən artıq məsafədə  ayrılırlar. Bütün bu proseslər üzərində fikirləşən Rezervord 1911-ci ildə atomun yeni modelini təklif etmişdi. Bu gün hamı tərəfindən qəbul olunmuş modelə əsasən, yüklənmiş müsbət zərrəciklər atomun ağırlıq mərkəzində, mənfi zərrəciklər (elektron) nüvənin orbitində, ondan kifayət qədər uzaq məsafədə  yerləşib.  Bu model Günəş sisteminin  modelinə uyğun olaraq onu nəzərdə tutur ki, atomlar əsas olaraq boş məkandan ibarətdir. Rezervordun elmi qənaətləri klassik mexanikanın prinsipləri ilə bir araya gəlmirdi. Fırlanan yüklü zərrəcik özündən elektromaqnit dalğaları buraxaraq enerji itirməlidir. Hesablamalara görə isə elektronun nüvəyə düşməsi vaxtı çox qısadır.   Rezervordun nəzəriyyəsi 1913-cü ildə danimarkalı fizik Nils Borun elmi işlərindən sonra birmənalı qəbul olunmağa başladı. Məhz Bor Rezervordun planetar modelinə prinsipcə yeni keyfiyyət - kvant ideyasını gətirmişdi.   Bor sübut edirdi ki, Rezervordun terminlərdə təklif etdiyi strukturlar hidrogen atomunun, eləcə də daha ağır elementlərin atomlarının artıq elmə məlum olan fiziki xassələri  ilə izah oluna bilər. Nils Borun məşhur postulatlarına görə, elektronlar müəyyən enerji vəziyyətində şüalanırlar. O göstərmişdir ki, atomu təsvir etmək üçün klassik mexanika kifayət deyil. Atomların sonrakı tədqiqatı kvant mexanikasının yaranmasına gətirib çıxarmışdır. Bu sahə bir çox müşahidə olunan faktların izahını mümkün etmişdir. Rezervord atomun planetar modelini kəşf etmək üçün on ildən çox vaxt sərf etdi. Alim alfa zərrəciklərinin qızıl folqadan səpilməsi təcrübəsinin 20 minə yaxın fotoşəklini çəkdi və onları araşdırdı. 1900-cü ildə başlanmış  iş 1913-cü ildə başa çatdı. Bu, elm naminə fədakarlıq idi. Rezervord 1920-ci ildə neytron və deytronların mövcudluğunu əvvəlcədən xəbər vermişdi. Onun bu sahədə işləri nüvə energetikasının əsasını təşkil edirdi.      

Böyük alim, böyük müəllim 

Məlumdur ki, Ernest Rezervord  təkcə böyük alim yox, həm də  böyük müəllim olub. "Mən onun müasiri olan digər hər hansı bir böyük alimin  laboratoriyasında bu qədər görkəmli fizikin işlədiyini yadıma sala bilmirəm. Elmin tarixi göstərir ki, böyük alimin böyük insan olması məcburi deyil, lakin böyük müəllim hökmən böyük insan olmalıdır",-deyə Rezervordun tələbəsi olmuş Nobel mükafatı laureatı, akademik Pyotr Kapitsa 1966-cı il mayın 17-də London Kral Cəmiyyətində müəlliminin xatirəsinə həsr olunmuş  çıxışında qeyd edirdi.   Onun sözlərinə görə, bir çox fiziklər, xüsusilə, nəzəriyyəçilər  elmi mübahisələri çox sevirlər; mübahisə prosesi onlar üçün təfəkkür üsuludur. "Mən heç vaxt eşitməmişəm ki, Rezervord mübahisə etsin.  O, öz fikrini çox qısa və tam aydınlığı, konkretliyi ilə  ifadə edərdi; Əgər ona etiraz edərdilərsə, o, maraqla onlara qulaq asardı, bununla da diskussiyalar başa çatardı. Rezervord hələlik heç bir konkret nəticə əldə etməyən tələbəsinə  çox az diqqət yetirərdi. O, xırda himayəçiliklə məşğul olmazdı.  Rezervord tez-tez qısa müddətə laboratoriyaya gələr və hər dəfə belə bir irad bildirərdi: "Nədi bu, yenə  bir yerdə toplaşmısınız? Nəticələr nə vaxt olacaq?". Mən Kavendiş laboratoriyasında yeni çalışmağa başlayanda onun bu cür iradları mənə çox güclü təsir edirdi, xüsusən də ona görə ki, onlar uca səslə və onun üzünün sərt ifadəsi ilə deyilirdi. Sonradan mən əmin oldum ki,  bu, onun ani fikirləridir: Rezervord bunları Yeni Zelandiya fermerlərindən əxz etmişdi. Onlar öz tabeliklərində olan işçiləri ruhlandırmaq üçün bəzən bu kimi "xoş" sözlər deyirdilər".

Bir haşiyə: Bir  axşam dahi fizik laboratoriyaya daxil olub. Gec olsa da, alim tələbələrindən birini  laboratoriya cihazına doğru əyilmiş vəziyyətdə görüb. Tələbə və müəllim arasında belə bir dialoq olub:

- Siz bu gec saatda nə edirsiniz?

- İşləyirəm.

-  Bəs gündüz nə edirsiniz?

- Əlbəttə, işləyirəm. 

- Bəs, səhər tezdən yenə işləyirsiniz?

- Bəli, professor, səhər tezdən də işləyirəm,-deyən tələbə təriflənəcəyi ümidilə müəlliminə baxıb. Rezervord tutulub və əsəbiliklə soruşub:

- Qulaq asın, bəs siz nə vaxt  düşünürsünüz? 

Tələbələri üstündə əsən  müəllim  

Tələbələrinin elmi təşəbbüslərini dəstəkləmək, əldə olunan nəticələri düzgün qiymətləndirmək, onlara istiqamət vermək bacarığı  Rezervordun bir alim kimi ən gözəl xüsusiyyətləri olub. Dahi fizik tələbələrinin üstündə əsirdi. Onun  şagirdlərində qiymətləndirdiyi ən yaxşı keyfiyyətlər  təfəkkürün müstəqilliyi, təşəbbüskarlıq, şəxsiyyət  idi. Bununla belə, demək lazımdır ki, Rezervord çox həssas psixoloq kimi insanın fərdi xüsusiyyətlərini üzə çıxarmaq üçün əlindən gələn hər şeyi edirdi. Akademik Kapitsa xatirələrində qeyd edirdi: "Kembricdə işləyərkən mən bir dəfə Rezervorda dedim ki, tələbələrindən biri uğursuz ideya üzərində işləyir, boş yerə vaxt itirməklə məşğuldur. Cavabında Rezervord gözlənilmədən dedi: "Mən bilirəm ki, o, ümidsiz problem üzərində işləyir, lakin bu problem onun özünə məxsusdur və əgər bu iş nəticəsiz başa çatsa belə, əvəzində o, müstəqil surətdə düşünməyi öyrənəcək və bu onu digər problemə gətirəcək ki, bunun da eksperimental nəticəsi olacaq".  Kapitsann sözlərinə görə, Rezervord insanda orijinal düşüncəni və müstəqilliyin tərbiyə olunması üçün hər şeyi qurban verməyə hazır idi. Və əgər bu keyfiyyətlər üzə çıxardısa, Rezervord öz qayğısını əsirgəməz, hər vasitə ilə onun işini həvəsləndirərdi.   Rezervord hesab edirdi ki, elmi tədqiqatlara yenicə başlamış alimə texniki cəhətdən çətin iş tapşırmaq düzgün deyil. Yeni işçiyə, hətta o, əgər istedadlı olsa belə uğur lazımdır, ən xırda uğursuzluqlar onda  əsaslandırılmamış məyusluq yarada bilər. Əgər şagirdin uğuru varsa, onu ədalətli olaraq qeyd etmək və qiymətləndirmək lazımdır. O, hər bir yeni tədqiqat işini tələbələrinə təqdim edərkən qeyd edərdi ki, "ümid edirəm ki, bu, vacib mövzudur, çünki hələ bilmədiyimiz çox şeylər var".

Yetirmələrinə qayğı ilə yanaşar, onlara axşam saat 6-dan sonra işləməyə icazə verməzdi. O deyirdi ki, pis o insandır ki, həddən artıq çox işləyir və çox az düşünür.  "Şagirdlərim məni gənc qalmağa məcbur edir",-deyən alim hesab edirdi ki, sadəlik ən böyük müdriklikdir. Dünya şöhrətli alim olmasına baxmayaraq, Rezervord elmi dairələrdə, həm də həyatda sadə insan kimi tanınırdı.     Elmi diskussiyalarda alim  "mən sadə insanam, mənə sadə cavab verin",- deyirdi. 

Timsah ləqəbli alim  

Mehriban və səmimi xasiyyətinə görə tələbələri və həmkarları Rezervordu timsah ləqəbi  ilə çağırırdılar. Bunun öz tarixçəsi vardı. 1931-ci ildə Rezervord  bütün səylərini səfərbər edərək sevimli tələbəsi Pyotr Kapitsa üçün laboratoriya binasının tikintisinə 15 min funt-sterlinq topladı. 1933-cü ilin fevralında Kembricdə laboratoriyanın təntənəli açılışı oldu. İkimərtəbəli binanın daş divarında nəhəng timsah təsviri həkk olunmuşdu. Kapitsanın xahişi ilə bu işi məşhur heykəltəraş Erik Qill görmüşdü. Laboratoriyanın giriş qapısının açarı qızıldan hazırlanmış və timsah formasında idi. Rus yazıçısı D.Danilin "Rezervord" adlı kitabında qeyd edir ki, Kapitsa anasına yazdığı məktubunda Rezervordu timsah adlandırmasından bəhs edib. Rezervord özü də izah edirdi ki, daş divardakı timsah təsviri ona həsr olunub.  Bu heyvan heç vaxt geri dönmür, gözüaçıqlığı və sürətli, cəld hərəkətləri ilə Rezervordun həmişə irəliyə doğru canatma səylərini simvolizə edirdi. Rezervord tələbələrinin onu timsah adlandırmasından heç vaxt inciməmişdi. O, həmişə irəliyə baxar və məqsədinə doğru inamla, sürətlə irəliləyərdi.   Onun 12 tələbəsi fizika və kimya sahəsində tədqiqatlara görə Nobel mükafatına layiq görülüb. Pyotr Kapitsa, Mark Olifant, Patrik Blekett, Qans Qeyqer, Frederik Soddi, Nils Bor,   Ernest Uolton, Ceyms Çedvik, Con Kokroft, Eduard Eplton, Otto Qann, Henri Mozli alimin ən tanınmış tələbələridir. Almaniyada Hitlerin hakimiyyətə gəlməsindən sonra Rezervord daha narahat günlər keçirməyə başlayıb. O, Almaniyanın ən məşhur elm adamlarını nasistlərin təqibindən xilas etmək üçün yaradılmış Akademik Yardım Şurasına rəhbərlik edib.

Rezervord kəşflərinin praktikada tətbiq olunmasına heç vaxt inanmayıb. Bir dəfə ondan soruşublar ki, kəşf etdiyi nüvə enerjisi nə zaman praktiki tətbiqini tapacaq. Cavabında alim "Heç vaxt!" deyib. Daha sonra əlavə edib ki, bunun üçün azı 200-300 il gözləmək lazım gələcək. Rezervordun bu açıqlamasından 5 il sonra dünyada ilk atom reaktoru işə salındı, daha 8 il sonra isə dünyada ilk atom bombası yaradıldı.

1914-cü ildə ona zadəgan titulu verilib. 1923-cü ildə Britaniya Assosiasiyasının prezidenti seçilib. 1925-1930-cu illər ərzində London Kral Cəmiyyətinin prezidenti olub. Dünyanın ən məşhur universitetlərinin və elmi cəmiyyətlərinin fəxri üzvü seçilib.  1931-ci ildə baron titulu alan alim lord Rezervord of Nelson adlandırılmağa başlanıb. O, Yeni Zelandiyaya anasına bu məzmunda teleqram vurmuşdu: "Mənim lord Rezervord olmağım məndən çox sənin xidmətindir. Oğlun Ernest". Lord titulu alsa da Rezervord  bu imtiyazdan istifadə etmədi, həmişə sadə fermer oğlu  olduğunu bildirirdi. Ernest Rezervord bir vaxtlar Kreytçerdə yaşadığı pansion sahibinin qızı Meri Corcine Nyuton ilə evlənib.  1901-ci il martın 30-da onların yeganə qız övladları dünyaya gəlib. O,  fizikada yeni  elm sahəsinin - nüvə fizikasının banilərindən biri olan atasının doğum günündə göz açıb. 1903-cü ildə Rezervordun London Kral Cəmiyyətinin üzvü seçilməsi onun üçün qızının doğulmasından sonra ikiqat sevinc idi. Ömrünün sonuna kimi çox sağlam və gümrah olan alim 1937-ci il oktyabrın 17-də  Kembricdə qısa sürən xəstəlikdən vəfat edib. 

Ötən əsrdə çox haqlı olaraq fizikanın ən nəhəng simalarından hesab olunan Ernest Rezervordun kəşfləri, onun tələbələrinin bir neçə nəslinin gördüyü işlər elm və texnikanın inkişafına, həm də milyonlarla insanın həyatına böyük təsir edib. Rezervord  xüsusilə də həyatının son günlərində bu təsirin xeyirli olacağı barədə düşünməyə bilməzdi. Lakin o, nikbin idi, insanlara və bütün həyatını həsr etdiyi  elmə inanırdı.  

Hazırladı:  Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov