Respublikamızda
təhsil quruculuğu istiqamətində əsaslı islahatların
aparılması artıq öz müsbət nəticələrini verməkdədir. Bu
istiqamətdə geniş imkanların yaradılması, bütün
fəaliyyət növləri üzrə keyfiyyətin yaxşılaşdırılması,
təhsil müəssisələrinin ixtiyarında olan proqramların
əsaslı şəkildə yeniləşdirilməsi, təlim-tərbiyə işində
çoxcəhətliliyin təmin edilməsi, dünya təhsil sisteminə
inteqrasiya, müəssisələrin maddi-texniki bazasının
möhkəmləndirilməsi və atılan digər məqsədyönlü addımlar
bu sahədə daha böyük uğurların əldə olunmasını təmin
edir.
Müasir təhsil konsepsiyasında gənc nəslin həyata sosial
yönümdən hərtərəfli hazırlanması ideyası aparıcı yer
tutur. Bu intensiv hazırlama təlim-tərbiyə prosesinin
texnologiyasına yeni baxış tələb edir. Ölkəmizin
iqtisadi qüdrətinin getdikcə artması, maddi imkanların
güclənməsi yeni sahələrin inkişafı üçün də zəmin yaradıb.
Turizm, bank sektoru, qida sənayesi, inşaat və digər
sahələrdə baş verən irəliləyiş bu istiqamətdə ixtisaslı
kadrlara tələbatı artırıb. Bu tələbatın ödənilməsində
isə texniki peşə məktəblərinin rolu getdikcə artmaqdadır.
Müstəqilliyin ilk illərində texniki peşə məktəblərinə
maraq xeyli azalmışdı. Bu isə bir sıra obyektiv və
subyektiv səbəblərdən qaynaqlanırdı. Maddi-texniki
bazanın, işəgötürən təşkilatlarla peşə məktəbləri
arasında əlaqələrin zəifləməsi, təcrübə keçmək üçün
istifadə olunan iş sahələrinin bağlanması və digər
amillər bu sahənin inkişafı üçün ciddi əngəllər
yaradırdı. Sevindirici haldır ki, ölkə iqtisadiyyatı
gücləndikcə bu sahəyə yönəldilən dövlət vəsaiti də
artmağa başlayıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev təhsilin bu sahəsini hər zaman
diqqət mərkəzində saxlayır. Dövlət başçısı 2007-ci ildə
"Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı"nı təsdiq etməklə bu sahənin sürətli inkişafı
üçün güclü stimul formalaşdırıldı. Bu çox mühüm bir
sənəd idi. Maddi-texniki bazanın möhkəmləndirilməsi,
idarəetmə strukturunun təkmilləşdirilməsi, adambaşına
maliyyə idarəetmə sisteminə keçid, hər bir iqtisadi
rayonda əhalinin texniki peşə təhsilinə olan tələbatını
ödəmək üçün mövcud peşə məktəbləri və peşə liseyləri
bazalarında peşə təhsili mərkəzlərinin yaradılması və
digər məsələlər Dövlət Proqramında öz əksini tapıb.
Sənəddən irəli gələn vəzifələrin icrası istiqamətində
intensiv iş aparılır. Peşə təhsilinin ictimai statusunun
yüksəlməsi, işəgötürən təşkilatlarla təhsil müəssisələri
arasındakı problemlərin həlli məqsədilə müxtəlif dövlət
və qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət
əlaqələndirmə şurasının yaradılması, peşə məktəblərinin
təmir olunması, onlara əyani vəsaitlərin verilməsi və
digər görülən işləri misal göstərmək olar. Peşə təhsili
müəssisəsi kimi bizim təhsil ocağı da müasir tipli
avadanlıqlarla - stol, stul, kompüter, mebellərlə təmin
olunub. Həmçinin liseyin bədii ədəbiyyat fondu artırılıb,
dərsliklər fondu zənginləşdirilmişdir. Əlbəttə ki, bütün
bunlar bizi daha əzmlə işləməyə həvəsləndirir.
Təhsil Nazirliyi son illər peşə məktəblərinin inkişafı
istiqamətində mühüm vəzifələr müəyyənləşdirərək onların
icrasını uğurla həyata keçirməkdədir. Nazirlik bir çox
xarici təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində
hazırlanan layihələrin həyata keçirilməsi istiqamətində
mühüm addımlar atır. Peşə təhsilinin sürətli inkişafını
təmin etmək məqsədilə Təhsil Problemləri İnstitutu
nəzdində Peşə Təhsilinin İnkişaf Mərkəzi yaradılıb.
Mərkəzin yaradılmasında əsas məqsəd peşə təhsili
sahəsində mövcud problemlərin araşdırılması və onların
həlli ilə əlaqədar elmi tədqiqatların aparılması, peşə
təhsili standartlarının, kurikulumun hazırlanması, peşə
təhsili müəssisələrinin idarəetmə və mühəndis-pedaqoji
heyətinin ixtisas səviyyəsinin yüksəldilməsi üzrə
tədbirlərin həyata keçirilməsi və regionların
sosial-iqtisadi inkişafına uyğun olaraq yeni peşə
təhsili müəssisələrinin yaradılması ilə əlaqədar
təkliflərin hazırlanmasını təmin etməkdir.
Düşünürəm ki, peşə təhsilinin inkişafı üçün bu sahəyə
ənənəvi baxışların yenilənməsinə ehtiyac var. Peşə
məktəbləri, ilk növbədə, şagirdlərin ixtisaslara
peşəkar formada yiyələnməsini təmin etməlidirlər. Daha
dəqiq desək, onların istehsal sahəsində yenidən təcrübə
toplamasına ehtiyac qalmamalıdır. Məktəbin nəzdində
təlim-təcrübə keçmək üçün lazımi şərait yaradılmalı,
müəllim və ustalar sənətin sirlərini xırdalıqlarına
qədər şagirdlərə öyrətməlidirlər.
Texniki peşə məktəblərinin yetirmələri elm-bilik
cəhətdən də öz yaşıdlarından geri qalmamalıdır. Çünki
savadsız adam sürətlə inkişaf edən cəmiyyətlə ayaqlaşa
bilməz. Müasir elmi biliklərin təcrübədə yaradıcılıqla
tətbiq olunması, dərk edilməsi və mənimsənilməsi
təfəkkürün yüksək inkişaf səviyyəsinin
formalaşdırılmasını tələb edir. Bu isə texniki peşə
məktəbi və liseylərdə fəaliyyət göstərən müəllim və
ustaların qarşısında əlavə öhdəliklər qoyur. Bəs
şagirdlərin idrak qabiliyyətini inkişaf etdirmək üçün
müəllimlər öz fəaliyyətlərində hansı prinsiplərə
əsaslanmalıdır? Fikrimcə, hər müəllim öz imkanlarını, iş
şəraitini, şagirdlərin səviyyəsini, mövcud maddi-texniki
bazanı nəzərə alıb ilk gündən müəyyən mərhələlərlə
onların növbəti inkişaf səviyyələrini müəyyənləşdirməklə
uğura zəmin yaratmağı bacarmalıdır. Yəni məqsədə çatmaq
üçün təlim prosesinin intensivləşdirilməsi və
humanistləşdirilməsi, həmçinin müasir təlim
texnologiyalarından geniş istifadə etməklə çalışmaq
lazımdır ki, tədris olunan materiallar günün
tələblərinə cavab versin. Keyfiyyətli təhsil uğura
aparan yolun başlanğıcıdır. Sadəcə vətənə faydalı
övladlar yetişdirmək üçün səyləri daha da artırmaq
lazımdır. Bu, bizim müəllimlik və vətəndaşlıq
borcumuzdur. Vətənə layiqli vətəndaşlar yetişdirmək
vəzifəsi çətin və şərəfli, eyni zamanda müqəddəs
missiyadır. Gəlin hər birimiz öz vəzifəmizi layiqincə
yerinə yetirək. Bu Vətən bizim hamımızındır.
Rəna QURBANOVA,
15 nömrəli Bakı Peşə Liseyinin direktoru |