Dövlət
Dəmir Yolu Liseyi 1923-cü ilin mart ayında
dəmiryolçular məktəbi kimi yaradılıb. Fəaliyyət
göstərdiyi müxtəlif dövrlərdə dəfələrlə adı dəyişilsə də,
məktəbin profili olduğu kimi qalıb. Lisey 1967-ci ildən
Azərbaycan Dövlət Dəmir Yolu ilə yanaşı, Bakı
Metropoliteni üçün də ixtisaslı kadrlar hazırlamağa
başlayıb. İndiyə kimi 40 minə qədər məzunu olmuş
liseydə işləyən müəllim və şagirdlər dəfələrlə Çexiya,
Polşa Bolqarıstan, Ukrayna və Rusiya Federasiyasında
təcrübə mübadiləsində olaraq öz bilik və bacarıqlarını
artırmışlar.
Liseyin direktoru, əməkdar mühəndis Fərrux Abbasov
bildirdi ki, rəhbərlik etdiyi pedaqoji kollektiv
yeni-yeni uğurlara imza atmaq üçün səylə çalışır.
Artıq lisey Rusiya Federasiyasının Buryatiya
Respublikasının paytaxtı Ulan-Ude şəhərindəki 1 nömrəli
peşə liseyi ilə əməkdaşlıq haqqında müqavilə bağlayıb.
Nəticədə təhsil ocağında ixtisaslı kadrların
keyfiyyətinin yüksəldilməsi sahəsində ciddi işlər gedir.
Bu gün liseydə şagirdlər stansiya köməkçisi,
elektrovozun və metropolitenin maşinist köməkçisi
ixtisaslarına həvəslə yiyələnirlər. Həm də pedaqoji
kollektiv növbəti ildə Dəmir Yolu Liseyinin 90 illiyini
yüksək səviyyədə qeyd etmək üçün hazırlıq işlərinə
başlayıb.
Şakir CƏFƏROV |