Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM)
azərbaycanlı şagirdlər arasında Rusiya tarixinə dair
olimpiada keçirilib. Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Rusdilli
Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının
iştirakı ilə Rusiyanın Azərbaycandakı səfirliyi və "Rossotrudniçestvo"nun
Bakı nümayəndəliyi tərəfindən həyata keçirilən olimpiada
"Salam, Rusiya" layihəsi çərçivəsində təşkil edilib.
Olimpiadada Bakının və Sumqayıtın 100-dən çox IX və XI
sinif şagirdi iştirak edib. Olimpiadanın yazılı test
tapşırıqlarının yerinə yetirilməsini nəzərdə tutan
birinci mərhələsindən əvvəl "Araz" Ekologiya liseyi və
160 nömrəli klassik gimnaziya şagirdlərinin ifasında
ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Olimpiadanın ikinci mərhələsində "Gənc tarixçi"
müsabiqəsində şagirdlər Rusiya dövlətçiliyinin
yaranmasının 1150 illiyi, Rusiyanın Polşanın hərbi
müdaxiləsindən azad edilməsinin 400 illiyi və Rusiyanın
1812-ci il Vətən müharibəsində qələbəsinin 200 illiyi
mövzularında məruzələrlə çıxış ediblər.
Uşaqların Rusiya tarixi ilə bağlı bilikləri və onların
natiqlik qabiliyyəti münsiflər heyəti tərəfindən yüksək
qiymətləndirilib.
Olimpiadanın yekunlarının elan, habelə qaliblərin təltif
edilməsi mərasimi bu ilin iyununda "Rusiya günü"ndə
təntənəli şəkildə keçiriləcək. Olimpiada qaliblərinin
"Salam, Rusiya" layihəsi çərçivəsində Rusiyaya
ekskursiyaya gedəcək qrupa daxil edilməsi nəzərdə
tutulub.
Hicran ƏKBƏROVA |