İsmayıllı
rayonunun Lahıc qəsəbə tam orta məktəbinin direktoru,
əməkdar müəllim Hikmət Haqverdilidən aldığımız məlumatda
bildirilir ki, təhsil ocağının beynəlxalq əlaqələri
ilbəil genişlənir. Hazırda məktəbin müəllim və
şagirdləri artıq neçə illərdir ki, ABŞ, Fransa,
Almaniya, Sloveniya, Norveç, Türkiyə, İraq, Gürcüstan,
Litva, İsveçrə və s. ölkələrdən olan həmkarları ilə, "SPAKE"
kimi beynəlxalq təşkilatla dostlıq əlaqələrini uğurla
davam etdirirlər.
Belə əlaqələrdən biri də Sloveniyadan olan professor
Vesna Çrnivets ilə yaranıb. Bu dostluq əlaqəsinin də
maraqlı tarixçəsi var. Bir neçə il əvvəl məktəbin məzunu
Billurə Bayramova Fransanın Bakıdakı şirkətlərindən
birində çalışarkən həmin xanımla tanış olub. Bu tanışlıq
da tezliklə Bayramovlar ailəsi ilə əsl dostluğa çevrilib.
Onlar birlikdə Lahıca gəliblər və məktəblə də tanış
olublar. Bir əsrdən çox yaşı olan bu məktəbin müəllim və
şagird kollektivi xarici qonaqda çox böyük təəssüratlar
yaradıb. Beləliklə də Vesna xanım sənətşünas olduğu üçün
onda "Gənclik və media" layihəsi üzərində işləmək fikri
meydana çıxıb. Layihə çərçivəsində xalqımızın
adət-ənənələri, milli dəyərləri, tarix və mədəniyyət
abidələrinin qorunmasını əhatə edən video-foto
müsabiqəsi elan olunub. Məktəbin 35 şagirdini əhatə edən
5 qrup işə başlayıb. Bir həftə ərzində şagirdlərin
çəkdiyi video və fotolar əsasında Azərbaycan, ingilis və
sloven dillərində "Lahıca xoş gəlmisiniz!" adlı disk
işıq üzü görüb. Həmin diskin təqdimat mərasimi və İkinci
Dünya müharibəsinə həsr olunmuş sərginin nümayişi
2010-cu ilin fevralında Lahıc məktəbində, apreldə isə
Azərbaycan Universitetində I layihənin final mərhələsi
keçirilib. Bu zaman nümayiş olunan sərgi çoxsaylı
tamaşaçıların böyük marağına səbəb olub.
2011-ci ilin fevralında xanım Vesna Çrnivetsin
rəhbərliyi ilə "Xalqımın milli geyim və rəqsləri"
mövzusunda keçən II layihəyə bu məktəbin şagirdləri də
qoşularaq sərgidə nümayiş olunmaq üçün 25-dən çox əl işi
göndəriblər. Mart ayında məktəbin VII sinif şagirdi
Ayşən Babazadənin "Xalqımın milli geyimləri"
nominasiyasında yüksək yer tutduğu məlum olub. Həmin
ilin may ayının 28-30-u tarixlərində Türkiyənin Trabzon
şəhərində qalibləri mükafatlandırma mərasimində Ayşən və
məktəbin direktor müavini Turac İsgəndərova da iştirak
edib.
Bundan sonra III layihəyə start verilib. Bu günlərdə isə
Lahıc qəsəbə tam orta məktəbin şagirdləri layihədə
iştirak etmək üçün sevindirici bir xəbər alıblar.
Sloveniyanın Novo Qoritsa kitabxanası "Gənclik və media:
mədəni irsimizin qorunması üçün video və foto sənədlər"
layihəsi çərçivəsində aprelin 17-dən mayın 9-dək İkinci
Dünya müharibəsinə həsr olunmuş səyyar sərgidə məktəbin
iki şagirdinin iştirakı, 45 fotoşəkil və 17 dəqiqəlik
videofilmin nümayişi olacaqdır. Sərginin
əlaqələndiricisi professor V.Çrnivets bildirib ki,
Sloveniya Xarici İşlər, Mədəniyyət nazirliklərinin və
Lahıc qəsəbə tam orta məktəbinin şagirdləri tərəfindən
hazırlanmış sərgi faşizm üzərində qələbə günü
açılacaqdır. Məktəb direktorunun verdiyi məlumatda o da
bildirilir ki, bu beynəlxalq sərgi keçmiş Yuqoslaviya
ölkələrindən biri Sloveniya torpaqlarında faşistlərlə
mübarizə apararaq qəhrəmancasına həlak olan əfsanəvi "Mixaylo"
Mehdi Hüseynzadənin əziz xatirəsinə həsr olunur.
Ədalət DAŞDƏMİRLİ |