Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Quba
filialında "Müasir təlim texnologiyaları və dayaq
məntəqələrində işin təşkilinin təkmilləşdirilməsi
səmərəliliyinin artırılması" mövzusunda elmi-praktik
konfrans keçirilib.
Tədbirdə Xaçmaz, Şabran, Quba və Qusar RTŞ-nin
əməkdaşları, dayaq məntəqə rəhbərləri, qabaqcıl
müəllimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə AMİ-nin Quba filialının əlavə
təhsil üzrə direktor müavini Nurbala Süleymanov açaraq
dayaq məntəqələri barədə məlumat verərək onun pedaqoji
və metodiki istiqamətlərindən danışıb.
Sonra riyaziyyat üzrə fəlsəfə doktoru Əmirağa Şıxəmmədov
"Əlavə təhsilin təşkilində dayaq məntəqələrində aparılan
işin forma və məzmunu", əlavə təhsilə xidmət edən
kabinetin müdiri Nübar Bayramova "Milli Kurikulumun
tətbiqində ixtisasartırma kurslarının rolu", biologiya
üzrə fəlsəfə doktoru Baba Cəfərov "Tədrisin səmərə və
keyfiyyətinin yüksəldilməsində interaktiv təlimdən
istifadə" mövzularında çıxış ediblər.
Dayaq məntəqə rəhbərləri bu sahədə öz iş
təcrübələrindən təqdimatlar ediblər. Müəllimlərin
peşəkarlıq fəaliyyətinin yüksəldilməsində, ibtidai
siniflərdə interaktiv təlim metodlarının tətbiqində,
ədəbiyyat, riyaziyyat, fizika, tarix, biologiya
dərsliklərində müasir təlim texnologiyalarından istifadə
olunmasında dayaq məntəqələrinin roluna dair iş
təcrübələri dinlənilib, irəli sürülmiş rəy və təkliflər
nəzərə alınıb.
ƏDALƏT |