Xudat şəhər N.Nərimanov adına 2 nömrəli tam orta
məktəbdə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr
olunmuş tədbirlər keçirmək bir ənənə halını alıb. Elə bu
günlərdə məktəbin direktor müavinləri Sevda İskəndərova
və Cabir Ələkbərovun rəhbərliyi ilə bir qrup
şagirdimizin Bakı şəhərinə etdiyi ekskursiya da müstəqil
Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli
lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə
həsr olunub.
Şagirdlər əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider
Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik
Zərifə Əliyevanın məzarları önünə tər çiçəklər düzərək
xatirələrini ehtiramla yad ediblər. Onlar dünya şöhrətli
bu insanı xatırlayaraq bir daha yəqin ediblər ki, ulu
öndərin bütün fəaliyyətinin, atdığı addımların mahiyyəti
yalnız xalqına xidmət etmək arzusundan doğurdu. İşıqlı
gələcəyimiz naminə ulu öndərin zəngin irsini öyrənmək,
onun əbədiyaşar ideyalarına sədaqətlə əməl etmək hər
birimizin borcudur...
Sonra şagirdlər Şəhidlər xiyabanında uyuyan Vətən
oğullarımızın məzarlarını ziyarət etmiş, iki dəfə Sovet
İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun, turk
əsgərlərinin şərəfinə ucaldılmış abidələri önünə tər
çiçəklər qoyublar. Məktəblilər Dağüstü parkdan
"Eurovision-2012" kompleksini seyr ediblər. Eyni zamanda
onlar anbaan, günbəgün gözəlləşən Bakının tarixi
abidələrini, görməli yerlərini də gəziblər.
Nəzakət KƏRİMOVA,
Xudat şəhər N.Nərimanov adına
2 nömrəli tam orta məktəbin müəllimi |