Təhsili yüksək səviyyəyə qaldırmaq müəllimlərin
müqəddəs vəzifəsidir. Hazırda dövlət tərəfindən bu
sahəyə göstərilən diqqət və qayğı, məktəblərin təmiri,
müasir avadanlıqlarla təchizatı, eləcə də Təhsil
Nazirliyinin vaxtaşırı yerlərə göndərdiyi metodiki
tövsiyələr bizə dərs prosesini daha məzmunlu və
keyfiyyətli qurmağa kömək göstərir. Bu gün tədris
prosesində yüksək keyfiyyətə nail olmaq pedaqoji
kollektivimizin qarşısında qoyulan əsas vəzifələrdəndir.
Müəllimlərimiz öz işlərinə məsuliyyətlə, yaradıcılıqla
yanaşır, müasir dərsə verilən tələblərə, innovativ
yanaşmalara öz fəaliyyətlərində xüsusi önəm verirlər.
Hazırda müəllimlər dərs prosesində yeni interaktiv təlim
üsullarından, İKT-nin imkanlarından geniş istifadə
edirlər.
İKT-nin tədrisdə geniş tətbiqini nəzərə alaraq,
müəllimlərin bilik və bacarıqlarını artırmaq məqsədilə
müvafiq treninq və kurslar təşkil olunur. Bu günlərdə
Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda informasiya,
kommunikasiya texnologiyalarının (İKT) köməyilə tədris
prosesinin təşkili ilə bağlı ongünlük kursda iştirak
etdim. Bakı şəhərində yerləşən məktəblərin müxtəlif fənn
müəllimləri bu kursda iştirak edirdilər. Müdavimlərin
hamısının kompüterdən istifadəsi təmin olundu, sürətli
İnternetə qoşulmaq imkanı yaradıldı. Müəllimlərin öz
fənlərinə marağı, yüksək peşəkarlıqları diqqəti cəlb
edirdi. Texniki elmlər üzrə fəlsəfə doktoru Qumru
Abdullayeva kompüterin quruluşu, təlim prosesində
istifadə olunan müxtəlif proqramlar haqqında ətraflı
məlumat verdi. O, Microsoft Office paketinə daxil olan
iki ən məşhur Word və elektron cədvəl proqramı Excel ilə
müəllimləri tanış etdi. Diaqramların qurulması, Power
Point - təqdimat proqramı, slaydların yaradılması,
slaydlarda informasiyaların yerləşdirilməsi müəllimlər
tərəfindən maraqla qarşılandı. Kursda iştirak edən ana
dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat
müəllimləri öz fənləri ilə bağlı təqdimat proqramı
hazırlayıb nümayiş etdirdilər. İnternetdən
istifadə-müxtəlif mövzu və şəkillərin slaydlara
köçürülməsi, müəllimlərin öz şəxsi elektron ünvanlarının
açılması kurs iştirakçılarına öyrədildi.
İKT-nin qabaqcıl təcrübəsinin, məktəblərdə yayılması,
dərslərdə istifadə edilməsi üçün belə kursların təşkili
diqqətəlayiqdir. İnanıram ki, bu kursda iştirak edən
bütün müəllimlərin gündəlik fəaliyyətində, dərslərini
daha məzmunlu, maraqlı və canlı qurmaqda kömək edəcəkdir.
Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına
108 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi |