2003-cü
ildə ulu öndər Heydər Əliyev yeni məktəblərin, mövcud
məktəblərə əlavə korpusların tikintisi və əsaslı təmiri
üzrə Dövlət Proqramının qəbul edilməsi ilə bağlı
sərəncam imzaladı. Bu sərəncamdan sonra ölkədə məktəb
tikintisi geniş vüsət almağa başladı.
Ulu öndərin siyasətini uğurla davam etdirən ölkə
Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi
vaxtdan məktəb tikintisinə diqqət daha da artırıldı.
2003-2008-ci illərdə cənab Prezidentin diqqət və
qayğısı sayəsində respublikada 300 min yerlik 1360 yeni
məktəb binası tikilib istifadəyə verildi. Həmin
məktəblərdən biri də Hacıqabul şəhər 8 nömrəli humanitar
fənlər təmayüllü məktəb-liseydir.
15 sentyabr 2008-ci ildə fəaliyyətə başlayan bu
məktəb-lisey çox gənc olmasına baxmayaraq, verdiyi
təhsilin səviyyəsinə, bütün təlim-tərbiyə işlərinin
keyfiyyətli təşkilinə, şagirdlərin hazırlığına görə
rayonun qabaqcıl məktəblərindən hesab olunur.
Məktəbin müəllimləri müasir dərs üsullarını və yeni
texnologiyaları daha dərindən öyrənir, onları
dərslərində tətbiq etməyə çalışırlar. Məktəbdə təhsilin
keyfiyyətini daha da yüksəltmək məqsədilə nümunəvi
dərslər, dərs dinləmələr, bilik yarışları keçirilir.
Məktəbin şagirdləri hər il istər rayon, istərsə də
respublika səviyyəli inşa müsabiqələrində, fənn
yarışmalarında fəal iştirak edirlər. Belə ki, məktəbin
məzunu Aysel Ələkbərova 2010-2011-ci tədris ilində "Gələcək
nəsillərlə üz-üzə" III ümumrespublika inşa
müsabiqəsinin qalibi olmuşdur. Məktəbin yetirmələri
respublika fənn olimpiadalarında da artıq öz bilik və
bacarıqları ilə fərqlənirlər.
2009-2010-cu tədris ilində Aysel Ələkbərova respublika
fənn olimpiadasında tarix fənni üzrə, 2010-2011-ci
tədris ilində isə biologiya fənni üzrə həvəsləndirici
yerlərə layiq görülmüşdür.
2011-2012-ci tədris ilində gənc məktəb daha böyük
uğurlara imza atdı. Məktəbin iki şagirdi - Aydın Şükürlü
respublika fənn olimpiadalarında tarix fənni üzrə III
yerə, Şirin Mehdiyeva isə kimya fənni üzrə
həvəsləndirici yerə layiq görüldülər.
Məktəblilər hərbi-vətənpərvərlik istiqamətində keçirilən
idman oyunlarında, idmanın müxtəlif növləri üzrə rayon
və respublika turnirlərində, yarışlarda böyük uğurla
çıxış edirlər.
2008-2009-cu tədris ilində "Şahin" hərbi-idman
oyunlarının zona turunda II yerə layiq görülmüş məktəbin
komandası respublika final yarışlarında iştirak etmək
hüququ qazanmış, həmin mərhələdə də uğurlu iştirakına
görə Təhsil Nazirliyinin diplomu ilə təltif edilmişdir.
Məktəb 2011-2012-ci tədris ilində rayonda keçirilən "Azərbaycan
dili və ədəbiyyat" aylığı çərçivəsində sinifdənxaric
işlər üzrə I yerə layiq görülmüşdür.
Y.MƏMMƏDOVA,
Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü
məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi |