Azərbaycan Respublikasının təhsil sistemində
ixtisasartırma təhsilinin özünəməxsus yeri var.
Azərbaycan təhsilində çalışan hər bir rəhbər və digər
pedaqoji işçilər qloballaşan dünyada baş verən
yeniliklərdən, elmi-texniki tərəqqinin nailiyyətlərindən
xəbərdar olmasa, ölkədə gedən təhsil prosesində
müasirliyi təmin edə bilməz. Ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü ilə 1999-cu ildə qəbul edilmiş Təhsil
İslahatı Proqramı çərçivəsində müxtəlif səpgidə dövlət
sənədləri möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən davam etdirilən təhsilin inkişafı
istiqamətində 17 dövlət proqramı qəbul edilmişdir.
Haqqında söhbət açacağımız ixtisasartırma təhsili əlavə
təhsilin bir istiqamətidir. Bu təhsil istiqaməti hazırda
pedaqoji sahədə çalışan həm rəhbər pedaqoji işçilər, həm
də digər kateqoriyalardan olan pedaqoji kadrlara olduqca
vacib təhsil sahəsidir. Ənənəvi ixtisasartırma
təhsilindən fərqli olaraq yeni texnologiyalara əsaslanan,
məzmun etibarilə müasirliyi təmin edilən,
tələbyönümlülüyü ilə seçilən, təfəkkürə əsaslanan,
nəticəyönümlülüyə stimul verən və müasir qiymətləndirmə
ilə yekunlaşan kurikulumların ixtisasartırma təhsilinə
tətbiq edilməsi dövlətimizin əlavə təhsilə olan
qayğısının nəticəsidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr
2010-cu il tarixli 163 nömrəli qərarı ilə "Əlavə
təhsilin məzmunu, təşkili və hər hansı istiqaməti üzrə
təhsil alan şəxslərə sənədlərin verilməsi qaydaları"
təsdiq edilmişdir. Həmin qərar Təhsil Nazirliyinin 1297
nömrəli əmri ilə elan edilmişdir.
İxtisasartırma təhsilinin yeni mexanizmi, kredit-modul
sisteminə keçilməsi Azərbaycan Respublikası Təhsil
Nazirliyinin "İxtisasartırma təhsilinin Kurikulum
Çərçivəsi və ixtisasartırma təhsili proqramlarının
qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi
barədə" 18 aprel 2012-ci il tarixli 597 nömrəli əmri ilə
təsdiq edilmişdir. Əmrin əsas məzmunu məktəbəqədər,
ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil
müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün
ixtisasartırma təhsilinin modul-kredit əsaslı yeni model
üzrə həyata keçirilməsini, ixtisasartırma təhsil
sistemində rəqabət mühitinin formalaşdırılmasını,
müvafiq ixtisasartırma təhsili proqramlarının
qiymətləndirilməsi və tətbiqi mexanizminin yaradılmasını
təmin etməkdir. Yeni ixtisasartırma təhsilinə verilən
əsas tələblər məqsədli olaraq pedaqoji işçilərin
ixtisası üzrə intellektual və peşə hazırlığı
səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini
daim dəyişən və yeniləşən əmək şəraitinə
uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və
mədəni həyatında fəal, səmərəli iştirakını təmin
etməkdir.
İxtisasartırma təhsilinin yeni modul-kredit sisteminə
keçməsində gözlənilən nəticələr aşağıdakılardan
ibarətdir:
*
ümumi pedaqoji-psixoloji biliklər, bacarıqlar və müasir
düşüncə tərzi;
*
ixtisaslar üzrə biliklər, bacarıqlar və müasir təlim
strategiyaları;
*
ümumi mədəni səviyyəni və yenilikləri əks etdirən
biliklər, bacarıqlar və vərdişlər.
Yuxarıda qeyd olunan gözlənilən nəticələr reallığa
çevrilərsə, ixtisasartırma təhsili alan hər bir pedaqoji
işçi yeni istiqamətlər əldə edərək real bacarıq və
vərdişlər əldə edəcəklər. Həmin istiqamətlər
aşağıdakılardır:
*
əməkdaşlıq;
*
biliklərlə, texnologiya və məlumatla işləmək;
*
cəmiyyətdə işləmək kimi bilik və bacarıqlara malik olur.
İxtisasartırma təhsilində məzmun əsas amildir. Bu təhsil
istiqamətinin məzmununu təmin etmək üçün üç modullu
təlimlərin keçirilməsi vacibdir. Hər bir modulun
vəzifəsi və öhdəliyi var.
Qeyd etməliyik ki, ixtisasartırma təhsilinin
kredit-modul sisteminə keçməsi ilə əlaqədar tərtib
olunmuş proqramlar ixtisasartırma dövrü ərzində (minimum
hədd) 90-120 saat təlim keçərək 15-20 kredit
ödənməlidir. İxtisasartırma təhsilində 6 saat 1 kredit
təşkil edir. Hər bir modulun müəyyən edilmiş müddətlərə
görə proqramı tərtib edilir. Hazırda Azərbaycan
Müəllimlər İnstitutunda modullara əsaslanaraq 300-ə
qədər proqram hazırlanır. Həmin proqramlar təlimata
uyğun olaraq Təhsil Nazirliyində akkreditasiyadan
keçdikdən sonra fəaliyyətinə razılıq veriləcəkdir. Yeri
gəlmişkən qeyd etməliyik ki, təlimatın təsdiq edilməsi
məqsədi ilə verilmiş əmrdə həmin proqramların
yoxlanılması ilə əlaqədar komissiya yaradılmışdır.
Modulların proqramları ixtisasartıranların seçimindən
asılıdır.
I modul -
peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim: bu modulun
müddəti 30-60 saatlıq olmaqla 5-10 kredit ödənilməlidir.
I-II-III modullarda saatların və ödəniləcək kreditlərin
miqdarı proqramlardan asılıdır. I modul üzrə hazırlanmış
proqramlar üzrə dinləyicilər təlim zamanı təxmini olaraq
tələblər əsasında ümumi məqsədlər, peşə fəaliyyətinin
ümumi əsasları, təhsilin idarə edilməsi, pedaqogika,
psixologiya, metodologiyalar öyrənəcək. Həmin
proqramların tələbləri nəticəsində gözlənilən nəticələr
əldə ediləcəkdir. I modulda gözlənilən nəticələr
aşağıdakılardır:
*
peşə fəaliyyətinin ümumi əsaslarını şərh edir;
*
təhsilin fəlsəfi, elmi-metodoloji, sosial-iqtisadi,
hüquqi, təcrübi və s. əsaslarını şərh edir;
*
ümumi pedaqogika, psixologiya və sosiologiyanın
məzmununda və metodologiyasında edilən yenilikləri izah
edir və şərh edir;
*
onları öz peşə fəaliyyətində tətbiq edə bildiyini
nümayiş etdirir.
II modul -
ixtisas sahələri üzrə təlim: bu modulun müddəti
kateqoriyalardan asılıdır. Məsələn: məktəbəqədər təhsil
müəssisələrinin rəhbərləri, ümumtəhsil məktəblərinin
rəhbərləri və s. 30 saat - 5 kredit, ilk peşə-ixtisas
məktəblərinin müəllimləri 60 saat - 10 kredit
ödəməlidir. Bu modulda rəhbər və pedaqoji kadrların
ixtisasları üzrə təmin didaktikası və metodologiyası,
təmin məzmununda və tədrisi metodikasında edilən
yeniliklər, kurikulumların tətbiqi, pedaqoji
texnologiyaları öyrənərək yeni bilik və bacarıqlar əldə
edəcəklər. Həmin modulda gözlənilən nəticələr
aşağıdakılardır:
*
kurikulum islahatının əhəmiyyətini əsaslandırır;
*
müvafiq kurikulumların strukturunu, məzmunu və səciyyəvi
xüsusiyyətlərini şərh edir;
*
müvafiq kurikulumların tətbiqi üzrə zəruri bilik və
bacarıqlar əldə etdiyini, peşə vərdişlərinə malik
olduğunu nümayiş etdirir;
*
ixtisas üzrə fənn didaktikasını və metodologiyasını izah
və şərh edir;
*
fənnin tədrisində İKT-dən istifadə üzrə yeni bilik və
bacarıqlara, peşə vərdişlərinə və müasir dünyagörüşünə
malik olduğunu nümayiş etdirir.
III modul
bütün kateqoriyalar üzrə 30 saat - 5 kredit ödəməklə
yekunlaşacaq. Modulda peşə fəaliyyəti üzrə innovativ
nəzəriyyələrə, üsullara və təcrübəyə, təlim və tədris
üzrə yeni texnologiyalara (fəal təlim, tənqidi təfəkkür,
birgə təlim və s.) İKT-nin tədrisə tətbiqi, təhsil
işçilərinin fərdi maraq dairələri və əsas fəaliyyət
sahələri ilə əlaqədar olan yeni bilik və bacarıqlar əldə
edəcəklər. Bu mərhələdə gözlənilən nəticələr
aşağıdakılardan ibarətdir:
*
peşə fəaliyyəti üzrə yeni texnologiyalardan, innovativ
nəzəriyyələrdən, üsullardan və qabaqcıl təcrübədən
istifadənin əhəmiyyətini şərh edir;
*
öz peşə fəaliyyətində yeni texnologiyalardan,
innovasiyalardan və qabaqcıl təcrübədən istifadə etmək
üçün bacarıq və vərdişlərə, müasir dünyagörüşünə malik
olduğunu nümayiş etdirir;
*
fərdi maraqlarının, tələbat və ehtiyaclarının təmin
olunduğunu nümayiş etdirir.
Bu modulun nəticələrinə görə dinləyicilərə sertifikatlar
verilir. Sertifikat almış dinləyicilər növbəti
ixtisasartırma təhsilinə 5 ildən sonra cəlb olunur. Yeri
gəlmişkən qeyd etməliyik ki, tərtib olunmuş proqramlar
akkreditasiyadan keçdikdən sonra 4 il müddətinə qəbul
olunur. Əlavə təhsil müəssisələri hər 4 ildən bir
proqramların yeniləşməsini təmin etməlidirlər.
İxtisasartırma təhsilində monitorinqin keçirilməsi və
qiymətləndirilməsi yenilikdir. Monitorinqlər daxili
(əlavə təhsil müəssisəsi keçirir) və xarici (Təhsil
Nazirliyi tərəfindən) olmaqla diaqnostik, formativ və
summativ qiymətləndirmələr aparılır. Summativ
qiymətləndirmədən sonra yekun olaraq sertifikatlar
verilir. Sertifikatların dərəcəsi və toplanan kreditlər
müvafiq stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi zamanı nəzərə alınır.
Bütün yuxarıda qeyd olunanlar Azərbaycan Müəllimlər
İnstitutunda təxirəsalınmaz tədbirlər əsasında həyata
keçirilir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İxtisasartırma
təhsilinin Kurikulum Çərçivəsi və ixtisasartırma təhsili
proqramlarının qiymətləndirilməsinə dair təlimatın
təsdiq edilməsi barədə" əmri institutun rektoru,
professor, Milli Məclisin deputatı A.Naxçıvanlının
təşəbbüsü ilə institutda geniş müzakirə edilir və
proqramların hazırlanması, ixtisasartırma təhsilində
monitorinqlərin keçirilməsi, qiymətləndirilməsi və
sertifikatların verilməsi ilə əlaqədar geniş müzakirələr
keçirilir. Hazırda ixtisasartırma təhsilinin kredit-modul
sisteminə keçməsi ilə bağlı müasir proqramlar hazırlanır.
Bunun üçün müvafiq kafedra və şöbələrə tapşırıqlar
verilmişdir.
İxtisasartırma təhsilinin keyfiyyətinin yüksəldilməsi və
müasirləşdirilməsi üçün institutumuzda beynəlxalq
təcrübədən geniş istifadə olunur. Artıq 7 ildən çoxdur
ki, institut rəhbərliyi Rusiya, Türkiyə, İngiltərə,
Almaniya, Avstraliya, Fransa, Ukrayna, Gürcüstan,
Belarus, Qazaxıstan və digər ölkələrlə təcrübə
mübadiləsi aparır.
İxtisasartırma təhsilində beynəlxalq təcrübəyə əsaslanan
mövcud yanaşmalar vardır. Yüksək ixtisas dərəcəsi
əldə etmək, ömür boyu öyrənmək, fəallıq və təcrübə
mübadiləsi aparmaq və tərəfdaşlıq etmək yenilik
olaraq ixtisasartırma təhsilinə dəstək verir və onun
aktuallığını artırır.
İnstitutumuzun rəhbərliyi belə qənaətə gəlir ki, təhsil
kurikulumlarının hazırlanması ağır bir prosesdir. Ona
cəmiyyətin bütün zümrələrindən olan insanlar (mütəxəssislər,
müəllimlər, valideynlər, şagirdlər və b.) cəlb edilirlər.
Dünyada kurikulumların yaradılması işi ilə xüsusi
qurumlar məşğul olur. Həmin qurumlar öz ətrafına fəal
qüvvələri toplayaraq cəmiyyətin tələbatlarına uyğun
məzmun və texnologiyalar sistemi hazırlayırlar.
Azərbaycan Müəllimlər İnstitutu həmin qurumlardan
biridir. Respublikanın müxtəlif regionlarından
ixtisasartırma təhsilinə cəlb olunan hər bir pedaqoji
işçi ilə yeni təlim texnologiyaları, xüsusən
kurikulumların tətbiqi sahəsində məqsədyönlü iş aparır.
Belə ki, hər tədris ili ərzində ümumtəhsil məktəblərinin
4 min nəfərədək müəllimi kurikulumların tətbiqi ilə
əlaqədar 24 günlük treninqlərdə iştirak edib sertifikat
alır. Hazırkı dövrü əvvəlki illərlə müqayisə edəndə
kurikulumların tətbiqində qazanılan müvəffəqiyyətlər
kifayət qədər uğurludur. Ənənəvi ixtisasartırma
təhsilinin yeni modeldə olması həmin uğurları xeyli
artıracaq. İnstitutumuzda əvvəllər müasir təlim
texnologiyaları əsasında dərs aparan müəllimlərin sayı
kifayət qədər deyildisə, indi institutumuzda belə təlim
keçən müəllim və metodistlərin sayı xeyli artıb.
İxtisasartırma təhsilinin maddi-texniki bazası
möhkəmləndirilib. İndi institutda 12 auditoriya, 2 akt
zalı, 6 treninq otağı, 5 kompüter mərkəzi, elektron
lövhə ilə təchiz edilmiş 7 otaq ixtisasartırma təhsilinə
cəlb olunan pedaqoji işçilərin ixtiyarına verilib.
Məqsədimiz Azərbaycan təhsilində tətbiq olunan
yenilikləri, tendensiyaları və təhsilin
müasirləşdirilməsi istiqamətində görülən işlərin davamlı
olmasını təmin etməkdir.
Rahim ƏZİZOV,
Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil üzrə
prorektoru |