Bu günlərdə Azərbaycan Dillər Universitetində mülki
müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın
təşkilatçılığı ilə "Sağlam həyat tərzi gənclərin gözü
ilə" mövzusunda tədbir keçirildi. Tədbirdə Nazirlər
Kabinetinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin, Regional
Psixologiya Mərkəzinin nümayəndələri və universitetin
tələbə-müəllim heyəti iştirak edirdi.
ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev
çıxış edərək gənclərin sağlam həyat tərzinin
formalaşmasına dövlət tərəfindən daim diqqət və qayğı
göstərildiyini bildirdi. Tələbələrin sağlam həyat
tərzinə uyğunlaşması istiqamətində belə tədbirlərin
əhəmiyyətindən danışan Ə.Əliyev maarifləndirmə işinin bu
sahədə önəmli rol oynadığını diqqətə çatdırdı. Zərərli
vərdişlərin yayılmasının qarşısının alınması
istiqamətində keçiriləcək tədbirlərlə bağlı Nazirlər
Kabinetinə müraciət edildiyi və bu təşəbbüsə dəstək
verildiyi qeyd edildi.
Sonra 1 saylı İngilis dili və regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin
ifasında "İtirilmiş həyatlar" adlı tamaşa nümayiş
etdirildi.
Gənclərin üzləşdiyi problemlərin obrazlı şəkildə
canlandırılmasını yüksək qiymətləndirən Regional
Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova bu
kimi tədbirlərin psixoloji tərbiyə mühitində önəmli rol
oynadığını vurğuladı.
Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə
çıxışında zərərli vərdişlərlə mübarizədə ADU-nun
tələbələrinin yenilikçi ideyalarının təsiredici
xarakterə malik olduğunu bildirdi. Yeni maarifləndirmə
üsullarının ənənəvi metodlardan daha effektiv olduğu
tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Tədbir diskussiya ilə başa çatdı.
Şakir CƏFƏROV |