İndi
hamı yaxın günlərdə paytaxtımızda keçiriləcək
"Eurovision-2012"dən danışır, hər yerdə bu möhtəşəm
mahnı yarışmasının başlanmasını böyük səbirsizliklə
gözləyirlər. Cəmiyyətimizin bütün təbəqələrindən olan
insanlar kimi uşaqlar da beynəlxalq yarışmada ötənilki
qələbəmizin sevincini yaşayır, "Eurovision-2012"nin
Azərbaycanda keçirilməsindən qürur duyurlar. Bunu mayın
7-də Bakıdakı 8 nömrəli tam orta məktəbdə I "c" sinif
şagirdlərinin keçirdikləri "Eurovision-2012"yə həsr
olunmuş tədbirdə bir daha görüb hiss etdik. Yarışmanın
imitasiyası şəklində qurulmuş maraqlı tədbirdə uşaqlar
əsl "Eurovision-2012" həyəcanını yaşadılar. Tədbir
şagird aparıcılar - Daniil Kuzmenko və Sertab
Salmanlının yarışma haqqında qısa məlumatları,
"Eurovision-2012"-nin loqosu və mahnısının slaydlar
vasitəsi ilə ekranda nümayişi və səsləndirilməsi ilə
başlandı. İlk səhnədə birincilər müasir rəqs ifa etdilər.
Sonra "xarici ölkə nümayəndələrinin" çıxışları oldu.
Xarici ölkə təmsilçilərinin rollarını şagirdlərdən Mələk,
Pramdjit ifa edirdilər. Minaxanım, Mələk, Zaxra, Asma,
Sabrina və Cəmilənin ifasında "rus nənələri"nin çıxışı
isə hamının ürəyincə oldu.
Sonra milli adət və ənənələrimizi əks etdirən slaydlar
nümayiş etdirildi. Proqramın bu bölməsində tamaşaçılara
"Qarabağ şikəstəsi", milli rəqslər təqdim olundu. Nihat,
Mais və Fəridin "İgidlər" səhnəciyi, balaca rəqqasların
qəhrəmanlıq motivli rəqsləri də tədbir iştirakçılarına
xoş anlar yaşatdı...
Tədbir birincilərin şeirlər söyləmələri, maraqlı
səhnəciklər göstərmələri ilə davam etdi. Sonda məktəbin
direktoru Aytən Baxşıyeva, direktor müavini Sevinc
Əliyeva çıxış edərək uşaqların çıxışlarını çox
bəyəndiklərini, onlarla birlikdə əsl "Eurovision" sevinc
və həyəcanını yaşadıqlarını bildirdilər, belə maraqlı
tədbir hazırladığı üçün I "c" sinfinin rəhbəri Səbinə
Yusubovaya təşəkkür etdilər.
Yusif ƏLİYEV |