Astara Pedaqoji Kollecində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş
"Heydər Əliyevin elm və təhsilin inkişafında rolu"
mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının,
idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb
direktorları, ziyalılar və ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev
kollecdə istedadlı tələbələrin əl işlərindən ibarət
sərgiyə baxmış, tələbə və müəllim kollektivi ilə
görüşmüş, fənn-tədris kabinetlərində, kitabxanada,
kompüter mərkəzində olmuş və bir neçə müəllimin dərsində
iştirak etmişdir.
Konfrans iştirakçıları ulu öndərin şəhərin mərkəzindəki
abidəsini ziyarət etmiş və abidə önünə tər çiçək
dəstələri qoymuşlar. Sonra kollecdə qonaqlar tələbələrin
əl işlərindən ibarət sərgi ilə tanış olmuş, tədris
korpusunun birinci mərtəbəsində yaradılmış "Heydər
Əliyev" guşəsinə baxmışlar. Konfrans akt zalında öz
işinə başlamışdır.
Konfransı giriş sözü ilə kollecin direktoru, fəlsəfə
doktoru, əməkdar müəllim, dosent Əlihəsən Həmzəyev
açaraq qeyd etmişdir ki Azərbaycan xalqının böyük oğlu
Heydər Əliyevin əməlləri, misilsiz tarixi xidmətləri
Vətənin, millətin təkcə bu gününə deyil, həm də
sabahına, gələcəyinə hesablanmışdır. Tarix sübut edib
ki, yalnız Heydər Əliyev kimi rəhbərlər xalqın həyatında
dərin iz qoya bilər.
Kollecin tarix müəllimi Ruslan Əliyev "Heydər Əliyev
müstəqil Azərbaycan dövlətinin yaradıcısı və
qurucusudur", Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu
Hüseynova "Heydər Əliyev və Azərbaycan dili"
mövzularında məruzə etmişlər.
Məruzələr ətrafında kollec gənclər təşkilatının sədri,
müəllim Nigar Məmmədova, tarix müəllimi Möhübbət
Eyvazov, Azərbaycan Müəllimlər İnstitutunun müəllimi,
fəlsəfə doktoru Şahrza Ağayev, rayon ağsaqqallar
şurasının sədri Hamlet Əliyev, rayon təhsil şöbəsinin
müdir müavini Faiq Həsənov, rayon mədəniyyət şöbəsinin
məsul işçisi Əfqan Şəfiyev, rayon icra hakimiyyəti
başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə
müavini, YAP Astara rayon təşkilatının sədri Natiq
İbadov çıxış edərək ulu öndər Heydər Əliyevin müasir
Azərbaycanın memarı və qurucusu kimi misilsiz tarixi
xidmətlərindən danışmışlar.
Tələbələrin ifasında ədəbi-bədii kompozisiya konfrans
iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Kollecin direktoru Ə.Həmzəyev konfransı yekunlaşdıraraq
qeyd etmişdir ki, təhsil ocağının tələbə və müəllim
kollektivi ulu öndərimizin ideyalarına sadiq qalaraq
yüksək təhsil göstəriciləri ilə Azərbaycanın uğur və
inkişaf strategiyasına öz layiqli töhfəsini verməyə
çalışır, Heydər Əliyev siyasətini uğurla davam etdirən
cənab Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın bundan sonra da böyük uğurlar qazanacağına,
daha güclü və qüdrətli dövlətə çevriləcəyinə ürəkdən
inanır.
Azad ABDULLAYEV |