Mayın
4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan təhsil
sahəsində yenilikləri ilə seçilən "Kaspi" Təhsil
Mərkəzinin 5 illik yubileyi qeyd olunmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə əvvəlcə mərkəzin
fəaliyyəti, gördüyü işləri əks etdirən film nümayiş
olunmuşdur.
"Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva tədbir
iştirakçılarına mərkəzin yaranması tarixi barədə ətraflı
məlumat vermiş, 5 illik fəaliyyət dövrünə nəzər salaraq
ötən müddətin nailiyyətlərlə yadda qaldığını
vurğulamışdır. Şirkətlər qrupunun rəhbəri bugünkü
yubiley tədbirinin hesabat xarakterli olduğunu qeyd
etmişdir. S.Vəliyeva bildirmişdir ki, mərkəzin
yaradılmasında məqsəd təhsil sahəsinə yeniliklər
gətirmək, beynəlxalq standartlara cavab verən bir sistem
yaratmaq olmuşdur.
Mərkəzin təsisçisi rəhbərlik etdiyi qurumun əsas
vəzifələrinin Azərbaycan vətəndaşlarına xarici dilləri
mükəmməl öyrətmək, kompüter biliklərini genişləndirmək,
beynəlxalq arenaya inteqrasiyanı sürətləndirmək olduğunu
qeyd etmişdir. Xanım Sona Vəliyeva bildirmişdir ki,
hazırda "Kaspi" Təhsil Mərkəzində dünya standartlarına
cavab verən magistr, xaricdə təhsil, məktəbəqədər və
abituriyent hazırlıqları şöbələri fəaliyyət göstərir. O,
5 il ərzində müxtəlif yaş qrupundan olan minlərlə
tələbənin "Kaspi"də ingilis və rus dillərini öyrəndiyini,
"Azercell"in jurnalistlər üçün ingilis dili kursları
layihəsi çərçivəsində 30-dan çox jurnalistin ingilis
dili hazırlığı keçdiyini diqqətə çatdırmışdır.
Sona Vəliyeva 5 ildə mərkəzin xaricdə təhsil şöbəsinin
100-dən çox tələbənin xarici ölkələrin aparıcı
universitetlərinə qəbul olunmasına nail olduğunu,
hazırda "Kaspi"nin dünyanın 120-dən çox nüfuzlu
universiteti ilə əməkdaşlıq etdiyini demişdir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan
Məhərrəmli, Milli Məclisin deputatı Gülər Əhmədova və
başqaları "Kaspi" Təhsil Mərkəzinin həyata keçirdiyi
layihələrdən, 5 ildə mərkəzin Azərbaycanın təhsil
sahəsinə verdiyi töhfələrdən danışmışlar.
"Kaspi" Təhsil Mərkəzi 2007-ci il mayın 4-dən fəaliyyət
göstərir. |