Mayın
10-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda ümummilli lider Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş
"Heydər Əliyev və Azərbaycanın intellektual
potensialının inkişafı" mövzusunda elmi-praktik konfrans
keçirildi.
Tədbir başlamazdan öncə iştirakçılar təhsil
müəssisəsində bu il yaradılmış Heydər Əliyev muzey-lektoriyası
ilə tanış oldular. Burada ulu öndərin həyatının müxtəlif
dövrlərini əks etdirən fotoşəkillər və sənədlərə
baxdılar. Ümummilli liderin ikinci dəfə respublikamıza
rəhbərlik etdiyi illərdən bəhs edən video-çarxa böyük
maraqla tamaşa etdilər.
Konfransı giriş sözü ilə açan BPKİYİ-nin rektoru,
professor Asəf Zamanov "Heydər Əliyev və Azərbaycanın
elmi elitası" mövzusunda məruzə etdi. Bildirdi ki, hələ
1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev ilk dəfə
Azərbaycana rəhbərliyə gələn zaman respublikamızın
intellektual potensialının inkişafı üçün əlindən gələni
etdi. Bütün intellektinin, iradəsinin gücü ilə çalışdı
ki, Azərbaycan xalqında güclü intellektual potensial
formalaşsın. Bir faktı xatırlatmaq istəyirəm ki, 1969-cu
ildə bizim ölkəmizdən xaricə, yəni o vaxtkı SSRİ
məkanına, ittifaqın nüfuzlu ali məktəblərinə aparıcı
ixtisaslar üzrə təhsil almağa göndərilən gənclərin sayı
heç 50 nəfər deyildi və həmin gənclərin də çox az
hissəsi azərbaycanlılar idi. Əksəriyyətini qeyri-millətlərin
nümayəndələri təşkil edirdi. Lakin həmin ildən başlayan
o böyük siyasət intellekt yarışında Azərbaycanın
birincilər sırasına çıxarılmasında öz rolunu oynadı.
Belə ki, 1981-82-ci illərdə Azərbaycandan ölkənin
aparıcı ali məktəblərinə göndərilənlərin sayı artıq 1000
nəfəri keçmişdi. Həmin potensialın üzərinə staj keçməyə,
aspiranturaya, doktoranturaya göndərilənlərin sayını da
gəlsək 1500-ə qədər olurdu.
Bunların hamısı isə gələcəkdə müstəqil Azərbaycanın
idarə edilməsi üçün görülən işlərin başlanğıcı idi, -
deyən A.Zamanov bildirdi ki, məhz həmin vaxt böyük
Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində
ölkəmizdən kənara göndərilən, yüksək təhsil almış
insanlar bu gün müxtəlif məsul vəzifələrdə layiqincə
təmsil olunurlar. Qeyd edildi ki, Heydər Əliyev hələ
1969-cu ildə təxminən 25-30 il əvvəli çox yaxşı görürdü.
1970-1980-ci illərdə Heydər Əliyevin Azərbaycan üçün
gördüyü nəhəng işlərdən söhbət açan rektor onu da qeyd
etdi ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə
ilk görüşü Azərbaycan Elmlər Akademiyasında olub. O
vaxtlar akademiyanı ləğv etmək istəyirdilər, amma Heydər
Əliyev akademiyaya, onun alimlərinə yüksək qiymət verdi.
Bu onu göstərirdi ki, bizim ümummilli liderimiz ölkənin
intellektual potensialının inkişafında öz sözünü deyib.
Asəf Zamanov çıxışında onu da vurğuladı ki, bu gün ölkə
dinamik inkişaf edir. Beynəlxalq təşkilatların
hesabatlarında da dəfələrlə qeyd edilir ki, Azərbaycan
inkişaf sürətinə görə lider ölkələr sırasındadır. Amma
bu liderlik sırasında olmağın əsası ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də ölkəmizin
Prezidenti, möhtərəm İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. İnanırıq ki, bu uğur nəinki BMT-nin
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaqla
yekunlaşacaq, əksinə daha da inkişaf edəcək. Vurğulandı
ki, Azərbaycan bu gün dünyanın ən qlobal məsələlərinin
həllində iştirak edir. Bu, bizim ölkə üçün çox böyük
xidmətdir. Biz hamımız bundan qürur duyuruq. Ulu öndər
dəfələrlə deyirdi ki, mən fəxr edirəm ki,
Azərbaycanlıyam! Biz də fəxr edirik ki, Heydər Əliyevin
mənsub olduğu millətin nümayəndəsiyik.
Professor A.Zamanov sonda onu da qeyd etdi ki, biz də
bir ali məktəb olaraq ümummilli liderimiz tərəfindən
əsası qoyulan intellektin inkişafı siyasətinin uğurla
inkişaf etməsinə çalışacağıq.
Konfransda daha sonra "Heydər Əliyev və elmə əsaslanan
iqtisadiyyatın formalaşması" mövzusunda AMEA-nın həqiqi
üzvü Asəf Nadirov, "Heydər Əliyev və Azərbaycanın siyasi
elitası" mövzusunda YAP Binəqədi rayon təşkilatının
sədri Nəbi Xəlilov və "Miniatür" kitab muzeyinin
təsisçisi və yaradıcısı, Prezident təqaüdçüsü, əməkdar
mədəniyyət işçisi Zərifə Salahova çıxış edərək ulu
öndərin Azərbaycan xalqı üçün gördüyü əvəzsiz işlərdən,
yeritdiyi müdrik daxili və xarici siyasətdən ətraflı
danışdılar.
Ədalət DAŞDƏMİRLİ |