Mayın
7-də Qafqaz Universitetində ümummilli lider Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş
"IV Gənclik şənliyi" keçirildi. Tələbələrin
təşkilatçılığı ilə hazırlanmış tədbir çərçivəsində
universitetin həyətində onların bədii və intellektual
yaradıcılığının məhsulu olan rəsm əsərlərindən və əl
işlərindən, maketlərdən ibarət sərgilər açılmış,
köşklər quraşdırılmışdı. Qrup-qrup həmin köşklərdə
əylənən tələbələr mahnı oxuyur, şeir söyləyirdilər.
Ənənəvi olaraq artıq dördüncü ildir ki, keçirilən bayram
şənliyi ulu öndər Heydər Əliyevin ifasında Səməd
Vurğunun "Azərbaycan" şeirinin bir bəndinin
səsləndirilməsi ilə başlandı. Aparıcılar müasir
Azərbaycan dövlətinin qurucusu və memarı, böyük
siyasətçi və dövlət xadimi Heydər Əliyevə həsr olunmuş
şeirlər söylədilər, onun xalqımız qarşısındakı misilsiz
xidmətlərindən söz açdılar. Əsası ümummilli lider
tərəfindən qoyulmuş quruculuq işlərinin, müdrik daxili
və xarici siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyi, Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasında, milli
mədəniyyətimizin beynəlxalq aləmdə təbliğində YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın xidmətləri vurğulandı.
Meydan istedadlı tələbələrə verildi. Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin
təşkilatçılığı ilə bu ilin yazında Gəncədə keçirilmiş "Tələbə
baharı" musiqi festivalında ayrı-ayrı nominasiyalar
üzrə qalib olmuş Qafqaz Universitetinin qızlardan ibarət
rəqs kollektivi, tələbələri mahnı və rəqslər ifa etdilər.
Sonra aparıcılar universitetdə 3000 tələbənin iştirakı
ilə keçirilən "İlin adamı" sorğusunun nəticələri
barədə məlumat verdilər. Məlumatdan bəlli oldu ki,
aparılmış seçim zamanı "İlin müəllimi" nominasiyası üzrə
Qafqaz Universitetinin eyni səs toplayan iki əməkdaşı -
iş dünyası üzrə prorektor Təyyar Mustafayev və
Azərbaycan dili və ədəbiyyatı bölməsinin baş müəllimi
Rəhman Quliyev, "İlin idman adamı" nominasiyası üzrə
ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, "İlin yerli iş
adamı" nominasiyası üzrə "Embawood" şirkətinin
prezidenti Elşad Abbasov, "İlin xarici iş adamı"
nominasiyası üzrə "Azercell Telekom"un prezidenti Əli
Ağan, "İlin vətənpərvər millət vəkili" nominasiyası üzrə
Milli Məclisin deputatı Qənirə Paşayeva, "Azərbaycanın
beynəlxalq aləmdə tanıdılmasında xidmətlərinə görə ilin
adamı" nominasiyası üzrə M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialının rektoru,
professor Nərgiz Paşayeva qalib elan olunublar. Qafqaz
Universitetinin rektoru, professor Əhməd Saniç professor
Nərgiz Paşayevaya, digər qaliblərə ilin adamı
seçilmələri barədə diplomları təqdim edərək onları
təbrik etdi. Professor Əhməd Saniç professor Nərgiz
Paşayevanın çoxcəhətli fəaliyyətinin bəzi məqamlarını
diqqətə çatdıraraq Azərbaycanın xaricdə tanıdılması
sahəsində böyük xidmətləri olduğunu, ölkələr və xalqlar
arasında mehriban münasibətlərin möhkəmləndirilməsinə
verdiyi töhfələrə görə bir sıra ölkələrin və
təşkilatların ali mükafatlarına layiq görüldüyünü
bildirdi.
Mərasimdə çıxış edən M.V.Lomonosov adına MDU-nun Bakı
filialının rektoru, professor Nərgiz Paşayeva sorğuda
onu Azərbaycanın beynəlxalq aləmdə tanınmasında
göstərdiyi xidmətlərə görə ilin adamı seçdikləri üçün
tələbələrə minnətdarlıq etdi, onlara təhsillərində
uğurlar arzuladı. Professor Nərgiz Paşayeva ulu öndər
Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna
nəzər salaraq onun təhsil və gənclər siyasətinə böyük
önəm verdiyini bildirdi.
Tədbir tanınmış müğənni Tünzalə Ağayevanın ifasında
vətənpərvərlik mövzusunda mahnılarla davam etdirildi.
Yusif ƏLİYEV |