"Gülüstan" sarayında inşa müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi
Mayın
7-də "Gülüstan" sarayında ümummilli lider Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni
Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin birgə
təşkilatçılığı ilə ümumtəhsil məktəbləri və peşə
liseylərinin şagirdləri arasında keçirilmiş inşa yazı
müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi
oldu.
Mərasimdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabana
gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla
yad etdilər, məzarı önünə gül dəstəsi qoydular.Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
məzarı ziyarət olundu.
Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin,
təhsil ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri
tədbiri təhsil naziri Misir Mərdanov açaraq müstəqil
Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider
Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün
ölkəmizin hər yerində - bütün idarə və təşkilatlarda,
dövlət qurumlarında, təhsil müəssisələrində, eləcə də
dünyanın bir çox ölkələrində geniş qeyd olunduğunu
bildirdi. Nazir söylədi ki, ulu öndərin Azərbaycan
dövləti və xalqı qarşısında misilsiz rolu və müstəsna
xidmətləri nəzərə alınaraq, təhsil sahəsində bu tarixi
günü yüksək səviyyədə qeyd etmək üçün cari ilin
əvvəlindən başlayaraq Təhsil Nazirliyi tərəfindən
müvafiq fəaliyyət planı hazırlanıb və ardıcıl olaraq
həyata keçirilməkdədir. Gerçəkləşdirilən kompleks
işlərdən biri də Təhsil Nazirliyinin "Ümummilli lider
Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü
münasibətilə təhsil müəssisələrində keçiriləcək
tədbirlər haqqında" 17 yanvar 2012-ci il tarixli, 59
nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planına uyğun
olaraq ümumtəhsil məktəblərinin VII-XI sinif, eləcə də
peşə liseylərinin şagirdləri arasında dahi şəxsiyyət
Heydər Əliyevin şərəfli həyatına və zəngin dövlətçilik
fəaliyyətinə həsr edilən inşa yazı müsabiqəsidir. İnşa
yazı müsabiqəsinin 2007-ci ildən etibarən keçirilməyə
başlandığını söyləyən nazir Misir Mərdanov tədbirə
məktəblilərin böyük maraq göstərdiyini və ildən-ilə
burada iştirak etmək istəyənlərin sayının artdığını
bildirdi.
Mərasim
iştirakçılarına müsabiqə haqqında ətraflı məlumat verən
təhsil naziri qeyd etdi ki, "Ulu öndər Heydər Əliyev
müstəqil Azərbaycanın qurucusu və əbədi rəmzidir"
nominasiyası üzrə ümumtəhsil və peşə liseylərinin 700
minədək şagirdinin qatıldığı bu nüfuzlu bilik yarışı 3
mərhələdə (məktəb, rayon (şəhər), respublika) təşkil
olunub. Sonuncu respublika mərhələsinə vəsiqə qazanmış
112 məktəblinin adıçəkilən nominasiya üzrə yekun
müsabiqəsi aprelin 17-də Bakıda - akademik Zərifə
Əliyeva adına liseydə keçirilib.Təhsil Nazirliyinin
xüsusi əmri ilə yaradılmış ekspert qrupu tərəfindən
respublika mərhələsində iştirak edən 112 şagirdin inşa
yazı işləri qiymətləndirilib. Həmin məktəblilərdən 26-sı
qalib elan olunmuş, onlardan 5-i I yerə, 8-i II yerə,
13-ü III yerə, 54 nəfəri isə Təhsil Nazirliyinin Fəxri
fərmanına layiq görülmüşdür. Nazir bir yeniliyi də
diqqətə çatdıraraq söylədi ki, bu il keçirilən
müsabiqəyə ilk dəfə olaraq Rusiya Federasiyasının
Həştərxan şəhərində yaşayan məktəblilər də qatılıb. Bunu
yüksək qiymətləndirən təhsil naziri gələcəkdə inşa yazı
müsabiqəsində digər ölkələrdən də iştirak etmək
istəyənlərin sayının artacağına, onun coğrafiyasının
daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Nazir
Misir Mərdanov müsabiqənin respublika mərhələsində
iştirak edən VII-XI sinif, eləcə də peşə liseylərinin
şagirdlərinin ümummilli lider Heydər Əliyevin şərəfli
ömür yoluna, parlaq siyasi və zəngin dövlətçilik
fəaliyyətinə həsr olunan inşa yazılarının artıq ənənəyə
çevrilmiş "Heydər Əliyev məktəblilərin gözü ilə" adı
altında ayrıca kitab şəklində nəşr olunub qaliblərə və
onların təhsil aldıqları məktəblərə hədiyyə verilməsinin
qərara alındığını söylədi. Qeyd olundu ki, Naxçıvan
Muxtar Respublikasında "Ulu öndər Heydər Əliyev müstəqil
Azərbaycanın qurucusu və əbədi rəmzidir" nominasiyası
üzrə keçirilmiş müsabiqənin 6 nəfər qalibinin və Rusiya
Federasiyasının Həştərxan şəhərində yaşayan məktəblilər
arasında təşkil olunmuş müsabiqənin 3 nəfər qalibinin
inşa yazıları da adıçəkilən kitaba daxil edilib.
Nazir artıq 6-cı ildir ki, Azərbaycanın təhsil
ictimaiyyətinə təqdim olunan "Heydər Əliyev
məktəblilərin gözü ilə" kitabında toplanan inşa
yazılarında məktəblilərimizin böyük tarixi şəxsiyyət,
çağdaş Azərbaycan dövlətinin rəmzinə çevrilmiş ulu öndər
haqqında öz fikir və düşüncələrini yeniyetmə təbiətinə
xas olan ülvi hisslərlə, sonsuz ehtiram duyğuları ilə
ifadə etdiklərini söylədi. İnşa yazılarının hamısında
Heydər Əliyev fenomeninə, Heydər Əliyev şəxsiyyətinə
hörmət və tükənməz məhəbbətin onda xoş təəssürat
oyatdığını qeyd etdi.
Çıxışının
sonunda təhsil naziri bütün təşkilatçılara, müsabiqənin
keçirilməsində əməyi olanlara təşəkkürünü bildirdi.
Nazir Misir Mərdanov müsabiqənin qaliblərini, onların
valideynlərini və təhsil aldıqları məktəblərin
kollektivlərini təbrik etdi.
Tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər
Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunduqdan sonra dahi şəxsiyyətin Azərbaycan təhsilinə,
məktəbinə, müəlliminə və uşaqlara göstərdiyi diqqət və
qayğıdan bəhs edən film nümayiş olundu.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi,
Milli Məclisin deputatı Əli Əhmədov keçirilən bu
müsabiqənin artıq bir ənənəyə çevrildiyini deyərək onun
əhəmiyyətinə toxundu. Qeyd olundu ki, müstəqil
Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin
zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil
tərəfindən öyrənilməsi onlarda dövlətçilik təfəkkürünün
və baxışlarının formalaşmasına müsbət təsir göstərir.
Natiq bildirdi ki, ümummilli liderin anadan olmasının
89-cu ildönümü münasibətilə keçirilən inşa yazı
müsabiqəsi kütləviliyi və ictimai əhəmiyyəti ilə də
seçilir. Onun sözlərinə görə, müsabiqədə iştirak edən
şagirdlər Heydər Əliyev siyasətinə və ideyalarına
tərəfdar olduqlarını və onu dəstəklədiklərini
göstərirlər.Ulu öndərin çoxşaxəli fəaliyyətini
öyrənməklə gənclərdə vətənpərvərlik hissi daha da
güclənir, onlar vətəndaş kimi formalaşırlar,
azərbaycançılıq məfkurəsini mənimsəyirlər.
YAP
sədrinin müavini ötən illərdə olduğu kimi, bu il də I,
II, III yeri tutan qaliblərin hər birinə gələcəkdə arzu
etdikləri hansı ali məktəblərə qəbul olunmasından asılı
olmayaraq Yeni Azərbaycan Partiyası tərəfindən hər ay
təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu dedi. O da
qeyd olundu ki, bu günə qədər belə xüsusi təqaüd alan
tələbələrin sayı 22 nəfərdir. Əli Əhmədov sonda bütün
qaliblərə uğurlar arzuladı.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bu
müsabiqədə iştirak edənlərin sayının ildən-ilə
çoxaldığını, inşa yazılarında ölməz şəxsiyyətə
məktəblilərin sevgi və ehtiramın dolğun şəkildə əksini
tapdığını söylədi. Qeyd olundu ki, ulu öndər Azərbaycan
təhsilinə, müəllimlərə, uşaqlara və gənclərə hər zaman
qayğı ilə yanaşıb və bu iş hazırda ölkə başçısı cənab
İlham Əliyev tərəfindən də diqqətdə saxlanılır.
Hazırda gənclər siyasətinin dövlətimizin prioritet
istiqamətlərindən biri olduğunu qeyd edən millət vəkili
bizim çoxlu sayda gənclərimizin dünyanın bir sıra
inkişaf etmiş ölkələrinin aparıcı ali məktəblərində
müvəffəqiyyətlə təhsil aldıqlarını dedi, dövlətimizin
başçısı tərəfindən onların təhsil almaları üçün hər cür
imkan və şəraitin yaradılmasını yüksək dəyərləndirdi. O,
Azərbaycanda yüksək intellektə və istedada malik
gənclərin çoxluq təşkil etməsindən məmnunluğunu ifadə
edərək müsabiqə qaliblərinə nailiyyətlər arzuladı və
onların pulla mükafatlandırılacaqlarını bildirdi.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
ulu öndərin hər zaman müəllimlərə yüksək həssaslıqla
yanaşdığını, bu şərəfli peşə sahiblərinə xüsusi önəm
verdiyini dedi. Nazir son illər təhsil sistemində İKT
infrastrukturunun inkişaf etdirilməsi və təhsildə
İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə
çatdırılmasının ölkəmizdə aparılan islahatların əsas və
vacib istiqamətlərindən biri olduğunu tədbir
iştirakçılarının diqqətinə çatdırdı. Ölkəmizin İKT
sektorunun inkişaf etdirilməsi üzrə regionda artıq lider
bir dövlətə çevrilməsinin sevindirici hal olduğunu
bildirən natiq təhsildə İKT-nin tətbiqinin yüksək
səviyyədə həyata keçirildiyini söylədi. Rəhbərlik etdiyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə
Təhsil Nazirliyi arasında qurulmuş əməkdaşlığın uğurlu
nəticələrindən ətraflı bəhs edən Əli Abbasov bunun
davamlı olacağına əmin olduğunu dedi. Çıxışında
keçirilən müsabiqənin ulu öndərin həyat və fəaliyyətinin
məktəblilər tərəfindən öyrənilməsi baxımından mühüm bir
tədbir olduğunu xüsusi vurğulayan nazir sonda bütün
qalibləri təbrik etdi.
Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev
Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın təbriklərini və xoş arzularını mərasim
iştirakçılarına çatdırdı. İlqar Mustafayev əbədiyaşar
liderin adını daşıyan Fondun yarandığı gündən etibarən
təhsilimizə xüsusi diqqət göstərdiyini deyərək
Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata
keçirilən irimiqyaslı layihələrdən danışdı. Heydər
Əliyev Fondunun nümayəndəsi bir xoş xəbəri tədbir
iştirakçılarına çatdıraraq bildirdi ki, Fondun
prezidenti Mehriban xanım Əliyevanın qərarına əsasən bu
bilik, intellekt yarışının qalibləri ölkəmizdə
keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin final
mərhələsinə dəvət olunacaqlar.
Rusiya Federasiyasının Həştərxan şəhərindəki ulu öndərin
adını daşıyan 11 nömrəli məktəbin direktor müavini
Tatyana Klenkova belə bir nüfuzlu müsabiqədə məktəbin
şagirdlərinin iştirak etməsindən sevinc hissi
keçirdiklərini dedi. Bildirdi ki, təmsil etdiyi məktəbin
binası ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və
Azərbaycan dövlətinin dəstəyi ilə beynəlxalq standartlar
səviyyəsində yenidən qurulub. Tatyana Klenkova məktəbdə
şagirdlərin təhsil almaları və müəllimlərin fəaliyyət
göstərmələri üçün hər cür imkan və şəraitin
yaradıldığını deyərək bunun üçün ölkə başçısı cənab
İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevaya
minnətdarlığını bildirdi. Şagirdlərin dahi şəxsiyyətin
adını daşıyan məktəbdə təhsil almaqdan, müəllimlərin bu
təhsil müəssisəsində işləməkdən qürur duyduqlarını,
iftixar hissi keçirdiklərini söyləyən rusiyalı qonaq hər
zaman ulu öndərin adına layiq olmağa, onlara göstərilən
yüksək etimadı doğrultmağa çalışacaqlarını dedi və
ölkəmizlə əməkdaşlığın bundan sonra daha sıx və geniş
olmasını arzu etdi.
Sonra müsabiqənin nəticələrinə əsasən Fəxri fərmana
layiq görülən 54 nəfər səhnəyə dəvət olundu. I, II, III
yerlərin qaliblərinin adları açıqlandı. Diplomlara layiq
görülən I, II, III yerlərin sahiblərinə noutbuklar,
Fəxri fərmanla təltif edilən şagirdlərə isə xatirə
hədiyyələri təqdim olundu. İlk dəfə inşa yazı
müsabiqəsində iştirak edən Rusiya Federasiyasının
Həştərxan şəhərinin 3 məktəblisi də xüsusi hədiyyə ilə
mükafatlandırıldı.
Mərasimi təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq
qaliblərə ən xoş istəklərini bildirdi, onlara uğurlar
arzuladı.
Samirə KƏRİMOVA |