Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Ulu öndər Heydər Əliyev XX əsr tarixində Azərbaycanın inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi şəxsiyyətdir. Onun ömür yolu Vətənə, doğma xalqa və millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir.

Azərbaycanın iftixarı, qüdrətli dövlət xadimi və yenilməz siyasətçi Heydər Əliyev özünün möhtəşəm fəaliyyəti ilə dünya azərbaycanlılarının ümummilli lideri səviyyəsinə yüksəlmiş, Azərbaycan xalqının yaddaşında və qəlbində şöhrəti və nüfuzu sərhəd tanımayan polad iradəli rəhbər olaraq qalmışdır.

Əbədiyaşarlıq zirvəsinə ucalmış ümummilli liderimiz Heydər Əliyev nəsillərə nümunə bir şəxsiyyətdir. Onun mübarizə və qələbələrlə zəngin fəaliyyəti bu günün və gələcəyin insanları, xüsusən də gənclər üçün əsl tərbiyə məktəbidir. Ulu öndərin ölkə vətəndaşlarına qiymətli əmanəti hesab edilən əvəzolunmaz irsi-xarici və daxili siyasət quruculuğuna, iqtisadiyyatın, elmin, təhsil və mədəniyyətin inkişafına, dövlətçilik ənənələrinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə, dövlətin idarə olunması texnologiyalarına, cəmiyyətdə insan amilinin və mənəvi ucalığın, Vətən təəssübünun prioritet dəyərlər kimi qiymətləndirilməsinə həsr edilmiş proqram istiqamətli nitq və çıxışları, müsahibələri XXI əsr Azərbaycan vətəndaşının  yetkin şəxsiyyət olaraq formalaşması üçün daim öyrənməli zəngin xəzinədir. Dahi rəhbərin dünyanın nüfuzlu dövlət başçıları, siyasi xadimləri ilə keçirdiyi görüşlərdə nümayiş etdirdiyi taktiki ustalıq, dialoq mədəniyyəti və müsahibini öz təsir dairəsində saxlamaq istedadı isə gələcək siyasətçilər üçün ibrətamiz ustad dərsləridir.

Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, eləcə də Sovetlər Birliyində ali dövlət vəzifəsi daşıdığı illərdə ulu öndərin genişmiqyaslı gərgin fəaliyyətinə həsr edilmiş xeyli sayda sənədli filmlər, xronikalar çəkilmişdir. Xüsusilə, ölkəmiz müstəqillik qazandıqdan sonra ayrı-ayrı telekanallar, habelə tanınmış kino xadimləri bu vacib məsələyə daha ciddi diqqət yetirməyə başlamış, nəticədə ümummilli liderimizin möhtəşəm fəaliyyəti ilə  bağlı vətəndaşlarımıza indiyədək məlum olmayan tarixi məqamları əks etdirən qiymətli sənədli filmlər yaranmışdır. Belə filmlərin ərsəyə gətirilib ictimaiyyətə təqdim olunmasında görkəmli kinorejissor Vaqif Mustafayevin əməyi xüsusilə təqdirəlayiqdir.

Birmənalı qeyd edilməlidir ki, bu filmlər mühüm tarixi əhəmiyyətə malikdir və ümumtəhsil məktəb şagirdlərinin ulu öndərin mənalı ömür yolu ilə, təkcə Azərbaycanda deyil, eləcə də keçmiş Sovetlər Birliyi hüdudlarında göstərdiyi böyük xidmətlərlə əyani olaraq yaxından tanış olmalarında önəmli rol oynaya bilər.

Bununla belə, o da nəzərə alınmalıdır ki, həmin filmlər televiziya kanallarında daha çox müəyyən olunmuş əlamətdar günlərdə nümayiş etdirildiyindən şagirdlərin bir qismi bu və ya digər səbəblərdən onlara baxmaq imkanı əldə etmir, izləyənlər isə uşaq təfəkkürləri ilə bu filmlərin əsl mahiyyətini dərk etməkdə müəyyən çətinlik çəkirlər.

Yerli təhsil orqanları və ümumtəhsil məktəblərindən daxil olan təkliflərdə də xüsusi vurğulanır ki, əslində həmin filmlər geniş ictimaiyyət üçün nəzərdə tutulsa da, bilavasitə məktəblərdə şagirdlərin vətəndaş tərbiyəsində ciddi əhəmiyyətə malik tədris resursu statusunda istifadə olunmalı, fənlərin tədrisi prosesində ulu öndərin elmi-nəzəri  irsinin öyrədilməsi ilə yanaşı, bu filmlər sistemli şəkildə nümayiş etdirilməklə əyani təbliğat və təşviqat rolu oynamalıdır.

Qeyd olunanları nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

1.1. Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi və siyasətçi Heydər Əliyevin nəsillərə nümunə olan mənalı ömür yolu, həyat və fəaliyyəti, zəngin yazılı irsi ilə uşaq və gəncləri sistemli şəkildə daha yaxından tanış etmək məqsədi ilə aşağıdakı məsələlərin də əhatə olunduğu Fəaliyyət planı hazırlayıb icrasına müntəzəm nəzarəti həyata keçirsinlər:

1.1.1. Hər il mayın 10-da ümumtəhsil məktəblərində ilk dərslərin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunması.

1.1.2. Bütün ümumi orta və tam orta ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda tədris ili ərzində daimi fəaliyyət göstərən "Heydər Əliyev lektoriyası"nın yaradılması.

1.1.3. Ümumtəhsil məktəblərində tanınmış alim və mütəxəssislərin iştirakı ilə ulu öndər Heydər Əliyevin Azərbaycan dili, ədəbiyyatı və tarixi, iqtisadiyyat, mədəniyyət və incəsənət, milli-mənəvi dəyərlər barədə irəli sürdüyü müddəaların izahı və şərhinə həsr olunmuş tədbirlərin təşkili.

1.1.4. Məktəb kitabxanalarında ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət ayrıca bölmənin yaradılması və bu kitabların məzmunu ilə şagirdlərin tanış olmalarının təmin olunması.

1.1.5. Görkəmli şəxsiyyətlərin ulu öndər Heydər Əliyev haqqında fikirlərinin şagirdlərə çatdırılması.

1.1.6. Şagirdlər arasında "Dahi rəhbər Heydər Əliyev haqqında bildiklərim"  mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi.

1.1.7. Şagirdləri maraqlandıran digər tədbirlərin təşkili.

2. Görkəmli kinorejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr edilmiş sənədli filmlərinin xüsusi əhəmiyyətli tədris resursu və tərbiyə vasitəsi olaraq ümumtəhsil məktəblərində sistemli şəkildə nümayişi məqsədəmüvafiq hesab edilsin və nazirliyin aparatı (İ.Pirməmmədov) aidiyyəti şöbələrlə birlikdə bu işin təşkili üzrə təkliflər hazırlayıb 1 həftə müddətinə rəhbərliyə təqdim etsinlər.

3. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) 1 ay müddətinə ulu öndər Heydər Əliyevin irsindən tədris prosesində istifadə məsələlərini əhatə edən nümunəvi tövsiyələr hazırlayıb yerli təhsil orqanlarına çatdırılmasını təmin etsin.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri

10 may 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov