Mayın
10-da Azərbaycan xalqının ümummilli lideri, dünya
şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının
89-cu ildönümü münasibətilə Bakıda, ulu öndərin adını
daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı
təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında
olmuşlar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov dövlətimizin başçısına məlumat verdi ki,
səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın bir
sıra ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka
gəlirlər.
Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın
dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı
gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdür.
Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin
abidəsini ziyarət etdilər, başdan-başa bahar ətirli
güllərə qərq olmuş parkın gözəlliyini seyr etdilər.
Müxtəlif
güllərdən yığılmış "xalça"lar və türk dünyasının böyük
oğlu Heydər Əliyevin tər çiçəklərdən "toxunmuş" portret
xalçası orijinallığı ilə göz oxşayırdı. Çiçək və
bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng
kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir,
gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə
xoş ovqat yaradır.
Bu gün xüsusi görkəm almış parkda diqqəti çəkən
kompozisiyalardan biri də tarixi abidələrimizin
təsviridir. Bu baxımdan Qız qalası, Qoşa Qala qapısının
güllərdən hazırlanmış maketi və ölkəmizin xəritəsi,
"Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı
kompozisiyalar xüsusi fərqlənir. Park həm də nağıllar
aləmini xatırladırdı. Burada Azərbaycanın və dünya
xalqlarının nağıllarının əlvan güllərdən hazırlanmış
qəhrəmanları vardır.
Parkda, həmçinin müxtəlif dibçək güllərindən, qurudulmuş
gül və bitki kollarından, göz oxşayan eksponatlardan
ibarət sadə və eyni zamanda, orijinal üslublu
kompozisiyalar qurulmuşdur.
Fəvvarələrin ətrafından tutmuş hər tərəf bir-birindən
gözəl, bahar təravətli gül-çiçək içində idi. Bir-birini
əvəz edən musiqi nömrələri bayram ovqatını daha da
yüksəldirdi.
Yaz günündə həyata göz açan ümummilli lider Heydər
Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması
əlbəttə ki, ulu öndərin ruhuna xalqımızın dərin hörmət
və ehtiramını nümayiş etdirir.
Prezident İlham Əliyev və ailə üzvləri gül
kompozisiyalarına maraqla tamaşa etdilər.
Güllərdən hazırlanmış müxtəlif mənzərələr, orijinal
lövhələrdə ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük
maraq doğurdu.
Üzərində ulu öndərin portreti, müxtəlif çiçəklər,
"Eurovision-2012" yazısının əks olunduğu hava şarları
maraqla qarşılandı.
Gül və müxtəlif nağıl qəhrəmanları kimi bəzənmiş,
bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham
Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə
salamladılar.
Gül bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunduğu
üçün nümayiş etdirilən hər bir gül çələngində, əl
işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə
məhəbbət hissi diqqəti cəlb edir.
Dövlətimizin başçısı və ailə üzvləri uşaqlarla söhbət
etdilər, ulu öndər Heydər Əliyevin gül-çiçəyə qərq olmuş
abidəsi önündə fidan balalarla xatirə şəkli çəkdirdilər.
AzərTAc |