Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər
Əliyevin məzarını ziyarət edib
Mayın
10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu,
görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada
Heydər Əliyevi tanıyanlar və sevənlər doqquzuncu ildir
bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
Ümummilli liderimizin ad günü ərəfəsində olduğu kimi,
mayın 10-da da sübh tezdən respublika ictimaiyyətinin
nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən
Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları
axın-axın Fəxri xiyabana gələrək, ulu öndər Heydər
Əliyevin məzarı önünə təzə tər güllər qoyur, onun əziz
xatirəsini dərin ehtiramla yad edirdilər.
Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları,
yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri
xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli liderimiz Heydər
Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında
baş əydi. Azərbaycan Respublikasının Dövlət himni
səsləndi.
Sonra Prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət
xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan
Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri
qoydular.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət
edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli
Məclisin sədri Oqtay Əsədov, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər,
komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları
iştirak edirdilər.
AzərTAc |