(Sankt-Peterburq Mərkəzi Tarix
Arxivinin materialları əsasında)
7. Mirbağırov Mirməhəmməd Mirəhməd oğlu
(13.9.1889, İrəvan şəhəri -?)
(SPb. MTA, f.14, s.3, iş 56832, 1910-cu il)
Ən çox sevindiyim işlərdən biri
Araşdırıcı
üçün arxivdə tapdığı hər yeni iş, bəlgə bir sevinc
qaynağıdır. Ancaq bu da danılmazdır ki, bəzən
araşdırıcını hədsiz sevindirən bəlgələr də olur. Düzdür,
Peterburq arxivində bütün tələbələrimizin şəxsi işlərini
oxuyanda ürəyim qürurla, sevinclə dolub, ancaq boynuma
alıram ki, Mirməhəmməd Mirbağırzadənin tələbə işini
əlimə götürəndə daha çox sevinmişəm. Səbəbi?
Mirməhəmmədin əmisi, müqəddəs torpağımız İrəvan
şəhərinin Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyət
Mirabbas Mirbağırzadə’nin
həyat və yaradıcılığını ən azından 8 ildir
incələməkdəyəm. Onun özü və soyu ilə bağlı hər yeni
bilgi mənə çox dəyərlidir. Bu baxımdan tələbə
Mirməhəmmədin 43 yarpaqlıq şəxsi işiylə də az qala
həyəcanla tanış oldum.
Soykötüyü/şəcərəsi
Bu günədək əldə etdiyim bəlgə və bilgilərə dayanaraq
İrəvan tarixinə öz şərəfli imzasını atmış
Mirbağırzadə/Mirbağırov soyunun aşağıdakı
soykötüyünü müəyyənləşdirə bilmişəm. (Bu şəcərəni ilk
dəfə olaraq "Azərbaycan müəllimi"nin oxucularına təqdim
edirəm).
Nəslin başında təkcə İrəvanda deyil, bütün Azərbaycanda
müdrik ağsaqqal kimi tanınmış böyük din xadimi, ağır
seyid Hacı Mirbağır ağa dayanır. Onun
yaşam illərini dəqiqləşdirə bilməsək də 19-cu yüzilin
başlarında doğulduğunu deyə bilərik. Hacı Mirbağır
ağanın bizə 3 oğlu bəllidir: Hacı Mircəfər ağa,
Mirhüseyn ağa, Mirəhməd ağa. Hacı Mircəfər ağa’nın
2 oğlu olub: Mirbağır (?-1916) və Mirhüseyn
(1896-1970). Mirhüseyn 1914-1917-ci illərdə Moskva
Kommersiya İnstitutunda oxuyub və sovet dönəmində EA
Coğrafiya İnstitutunda elmi işçi olub və uzun müddət
Xalq Təsərrüfatı İnstitutunda iqtisadçı alim kimi dərs
deyib. Onun həyat yoldaşı Ruqiyyə xanım Mirbabayeva
(1896-1981) İsveçrədə ali təhsil almışdı. Yeri gəlmişkən,
iqtisadçı professor Hacı İsmayıl Feyzullabəyli
(1925) Hacı Mircəfər ağanın 3 qızından birinin -
TutubəyimTin (?-1926) oğludur. Mirhüseyn ağa’nın
iki oğlunu tanıyırıq: Mirabbas və Mirabdulla’nı.
Bunlar əsasən kitab ticarəti ilə məşğul olublar.
Mirabbas haqqında bu yazının sonunda geniş danışılacaq.
Mirəhməd ağa’nın
(1849-?) bizə bəlli yeganə oğlu isə indiki qəhrəmanımız
Mirməhəmməd’dir.
(Soykötüyünü ən dəqiq şəkildə öyrənməyə əngəl törədən
başlıca amil İrəvan şəhəri əhalisi əyal dəftərlərinin/kameral
siyahılarının indi bizdə deyil, İrəvan arxivlərində
olmasıdır).
İrəvan kişi gimnaziyasının məzunu
Azərbaycanın
qədim torpaqlarından və mühüm mədəniyyət mərkəzlərindən
olan İrəvan şəhəri hələ ötən yüzilin ortalarınadək Türk
yurdu sayılırdı. Bu şəhərimizdə Azərbaycan Türklərinin
məktəbləri, teatr da daxil çoxlu mədəniyyət ocaqları
fəaliyyət göstərir, ana dilimizdə qəzet-jurnallar
çıxırdı. Azərbaycanın başqa yerlərində yaşayan
soydaşlarımızın böyük qismi ali məktəbə girməkdən ötrü
orta təhsil almağa Tiflisə getmək məcburiyyətində
qalırdısa İrəvan müsəlmanları heç yerə getmədən elə bu
şəhərdəki kişi gimnaziyasını bitirərək Rusiya və
Avropanın ali məktəblərinə yollanırdılar. İrəvanın bütün
müsəlmanlarının ağsaqqalı sayılan Hacı Mirbağır ağanın
nəvəsi Mirməhəmməd Mirəhməd oğlu Mirbağırov
da 12 sentyabr 1901-də bu məktəbin birinci sinfinə
gedərək 6 iyun 1910-cu ildə oranı 553 saylı kamal
attestatıyla bitirib.
Doğum şəhadətnaməsi
Bütün tələbə şəxsi işlərindəki doğum şəhadətnamələri
məzmunca bir-birinə çox bənzəyir. Ancaq onlardakı ən
dəyərli fakt şəxsin doğum tarixinin və ata-anasının
adının düzgün göstərilməsidir. Mirməhəmməd
Mirbağırzadənin şəhadətnaməsindəsə bunlardan əlavə,
şahidlərin - İrəvanın hörmətli kişilərinin də adları
çəkilir. Şeyxülislam Axund Əbdüssalam Axundzadə’nin
imzasıyla Zaqafqaziya Şiə Ruhani İdarəsinin 2 iyul 1904-də
Tiflis şəhərində verdiyi həmin şəhadətnamədən öyrənirik
ki, Mirməhəmməd İrəvanın "Şəhər" hissəsində yaşayan 55
yaşlı (deməli, 1849-da doğulmuş) Mirəhməd Hacı
Mirbağır oğlu’nun
qanuni arvadı, 29 yaşlı (deməli, 1875-də doğulmuş)
Dilbər xanım Cabbar bəy qızı’ndan
xristian tarixiylə 13 sentyabr 1889-da dünyaya gəlib. Bu
tarixi şahidlər Rüstəm xan Hacı Abbasqulu xan oğlu
və Ağa Mirhüseyn Nahib oğlu təsdiqləyiblər və
Axund Molla Həsən Molla Zeynalabdin oğlu məscidin
doğum kitabında həmin il üçün 6-cı nömrəylə qeyd edib.
Atasının qulluq dəftəri
M.Mirbağırovun
şəxsi işində atasının 1 sentyabr 1888-ci ildə tərtib
edilmiş qulluq dəftərinin surəti saxlanılır. Dul qadın
Dilbər xanım Cabbar bəy qızının ali məktəbə təqdim etmək
üçün 25 iyun 1910-cu ildə istəməsinə görə 30 iyunda
verilmiş, həcmcə çox da böyük olmayan sənəddə (əslində
bunu qulluq dəftərinin tam surəti adlandırmaq doğru
deyil, çünki məmurun qulluq irəliləyişi ilbəil
göstərilməyib) keçmiş kollej müşaviri Əhməd
Hacımirbağırov’un
(deməli, onların gerçək soyadı Hacımirbağırzadə/Hacımirbağırov
olub!) İrəvan vilayəti və Qars əyaləti Dövlət Mülkiyyəti
İdarəsində xəzinəni maraqlandıran məhkəmə işləri üzrə
kiçik müvəkkil işləyib. Maraqlanan oxuculara bildirim ki,
kollej müşaviri çar dönəmində dərəcələr
haqqındakı cədvəldə 6-cı dərəcəli mülki çindi və
ordudakı polkovnik və donanmadakı 1-ci
dərəcəli kapitan rütbəsinə bərabərdi. Bu çin əsasən
əsil-nəcabətli şəxslərə verilirdi.
Qulluq dəftərindən aydın olur ki, 1910-da - Mirməhəmməd
universitetə girən il atası artıq həyatda deyilmiş.
Tələbə və... keçmiş tələbə
M.Mirbağırov İrəvan kişi gimnaziyasının verdiyi kamal
attestatıyla 1910-cu ilin avqustunda SPb. İmperator
Universitetinin tələbələri sırasına qəbul edilib. O,
hüquq fakültəsini seçib və orada oxuyub. Ancaq
universitet İdarə Heyətinin 25 iyun 1913-cü il tarixli
qərarıyla o, 1913-cü ilin yaz dönəmi üçün təhsil haqqını
ödəmədiyinə görə universitetdən xaric edilib. Sonra
üzləşdiyi problemləri aşağıdakı sənədlərdən izləyəcəyik.
Kiyev Universitetinə keçmək istəyi
"Sankt-Peterburq İmperator Universiteti hüquq
fakültəsinin 4-cü semestr tələbəsi" M.Mirbağırov 1
avqust 1913-də İrəvandan öz rektoruna belə bir ərizə
göndərib: "Siz alihəzrətdən sənədlərimin Kiyev
Müqəddəs Vladimir Universitetinə göndərilməsi haqqında
sərəncam verməyinizi və Kiyev Universiteti qarşısında
mənim orada hüquq fakültəsinin uyğun semestrinin
tələbələri sırasına qəbul edilməyim haqqında vəsatət
qaldırmağınızı xahiş edirəm. Bu cür xahişlə müraciət
etməyə məni vadar edən Peterburqda bundan sonra
təhsilimi davam etdirməyə imkan verməyən iqlim
şəraitidir...".
Özünü
"tələbə" adlandırmasından aydın görünür ki, həmin vaxt
İrəvanda bulunan Mirməhəmməd universitetdən
çıxarıldığını hələ bilməyib, ona görə də rektora belə
arxayınlıqla müraciət edib.
Yeni ərizə
11 oktyabr 1913-də artıq özünü universitetin "keçmiş
tələbəsi" adlandıran M.Mirbağırov Peterburqda rektora
aşağıdakı məzmunda ərizə yazıb: "1910-cu ilin
avqustundan Siz alihəzrətin rəhbərlik etdiyi
universitetin hüquq fakültəsi tələbələri sırasına daxil
olaraq hüquq fakültəsinin dörd semestrini dinləmiş və 3-cü
kursa keçmək üçün lazım olan minimumu (3 fənni) təhvil
vermişəm. 1912-ci ilin mayında xəstələnmişəm, buna görə
də ilboyu müalicə götürməli olmuşam, nəticədə 1912-1913-cü
dərs ilini bütöv itirmişəm. Bütün bunları nəzərə alaraq
Siz alihəzrətdən hüquq fakültəsinin 3-cü və 4-cü
semesterləri üzrə dinlədiyim fənlərə görə təhsil haqqını
tam ödəməyimə icazə verməyinizi və hüquq fakültəsinin 3-cü
kursuna keçirilməyim haqqında sərəncam verməyinizi xahiş
edirəm". Bu ərizənin nəticəsi necə oldu? Sualın
cavabı aşağıdakı bəlgədədir.
Şəhadətnamə
Öncəki yazılarda da bildirmişdim ki, universitet
sənədlərində tələbələrin ad-soyadları bəzən ən müxtəlif
biçimlərdə elə yazılır ki, araşdırıcı çaş-baş qalır. Bu,
rusların öyrəşmədiyi mürəkkəb müsəlman ad sistemiylə
müəyyən qədər bağlı olsa da əsasən dəftərxana
işçilərinin öz vəzifələrinə məsuliyyətsiz yanaşmasından,
yaxud da qeyri-rus tələbələrə sayğısızlıqdan irəli gəlir.
Oxuduğumuz şəhadətnamə də deyilənə ən yaxşı örnəkdir.
Burada "Mirməhəmməd Mirəhmədoviç Mirbağır oğlu"nun
(?!) 13 sentyabr 1889-da doğulduğu, İrəvan
gimnaziyasının 6 iyun 1910-da verdiyi kamal attestatına
əsasən 1910-cu ilin avqustunda SPb. İmperator
Universitetinin tələbələri sırasına qəbul edildiyi,
1913-cü ilin avqustunda universitetdən çıxarıldığı
göstərildikdən sonra yazılıb: "1913-cü ilin
oktyabrında isə yenidən hüquq fakültəsinə qəbul edilib".
Deməli, təhsilini davam etdirib. Çox təəssüf ki, şəxsi
işdəki sənədlər arasında M.Mirbağırovun universitetdə
oxuduğu sonrakı illər haqqında bəlgələri görmədik. Hər
halda, 1913-ün oktyabrından sonra universitetdən
çıxarılması haqqında sənədin yoxluğu onun hüquq
fakültəsində bu tarixdən sonra da təhsil aldığını
təsdiqləyir. Gələcək araşdırmalar onun universiteti
bitirib-bitirmədiyinə tam aydınlıq gətirə bilər.
Bir qədər də Mirabbas Mirbağırzadə haqqında
Doğrudur, mən Mirabbas Mirbağırzadə haqqında indiyədək "Şəkinin
tarixi qaynaqlarda" kitabımda (Bakı: "Master" nəşriyyatı,
2005, ss. 22-77) və "Diplomatiya: ensiklopedik lüğət"də
(Bakı: "Diplomat" nəşriyyatı, 2005, s. 406) geniş bilgi
vermiş, irihəcmli məqalələr buraxdırmışam (Mirabbas
Mirhüseyn oğlu Mirbağırzadə. - "525-ci qəzet", 12
fevral-22 fevral 2005; Mirabbas Mirbağırzadə - unudulmuş
Azərbaycan dahisi. - "Yom" Türk dünyası
mədəniyyət dərgisi. 2005, ¹2, ss.51-59) və oxucular
həmin yazılardan bu böyük şəxsiyyət haqqında yetərincə
ətraflı məlumat ala bilər, ancaq Mirməhəmməd
Mirbağırzadənin necə bir nəsildən çıxdığını göstərmək
üçün onun əmisi Mirabbas haqqında burada da çox qısa
bilgi verməyi məqsədəuyğun sayıram.
Mirabbas Mirbağırzadə haqqında Azərbaycan
tarixşünaslığında ilk yazıların müəllifi olmaq şərəfini
daşımaqla yanaşı, bunu da bildirməliyəm ki, onun
yaşamının ilk və son dönəmi hələ də qaranlıqdır. Ən
acınacaqlısı budur ki, çoxillik gərgin axtarışlara
baxmayaraq indiyədək fotosunu tapa bilmədiyim yeganə
şəxs də Mirabbas Mirbağırzadədir.
Mirabbas və qardaşı Mirabdulla əsasən kitab ticarətiylə
məşğul olublar. İrəvanda "Umud" adlı kitab mağazası
açıblar. Mirabbas bir maarifçi kimi İrəvanın ictimai-mədəni
işlərində çox fəal iştirak edib və gənc yaşlarından
əhalinin dərin hörmət və sevgisini qazanmağı bacarıb.
Qardaşlar 1909-da Bakıya gəliblər. 1914-də indiki
İstiqlaliyyət küçəsində, Monolit binasının
yerində yeni kitab mağazası açıblar.
İlk yazısı "Həyat" qəzetinin 19 iyun 1905 tarixli
sayında çıxmış Mirabbas Mirbağırzadə sonrakı 25 ildə heç
bir mühüm dövlət qulluğunda çalışmasa da insanda heyrət
doğuracaq qədər hərtərəfli inkişaf edərək ensiklopedik
bilikli alim və görkəmli ictimai-siyasi xadim kimi
yetişib. İndiyədək əldə edə bildiyimiz 7 kitabı və 200-dən
artıq elmi, publisistik və elmi-publisistik yazısı onu
bizə peşəkar jurnalist və iqtisadçı,
etnoqraf, coğrafiyaçı, sənətşünas, ədəbiyyatşünas, dilçi,
tarixçi alim kimi tanıdır. 1919-cu ildə
Naxçıvandakı olduqca mühüm diplomatik fəaliyyətisə (tarixə
"Mirbağırzadə missiyası" adıyla düşmüş bu səfər
Naxçıvanın Azərbaycana birləşməsi haqqında sənədin
qəbuluyla başa çatıb) onu peşəkar diplomat səviyyəsinə
yüksəldir.
Burada onun jurnalistlik, alimlik və diplomatlıq
fəaliyyəti, ictimai işləri haqqında hətta ən ötəri bilgi
vermək imkanımız yoxdur, yalnız bunu bildirməklə
kifayətlənirəm ki, İrəvanın XX yüzilin başlanğıcındakı
gerçək tarixini ortaya qoymaq üçün təkcə Mirabbas
Mirbağırzadənin Azərbaycan mətbuatındakı "İrəvan
xəbərləri" və "İrəvandan" başlıqlı saysız-hesabsız
xəbərlərini bir yerə toplamaq yetərlidir.
Çox-çox təəssüflər olsun ki, bu dahi şəxsiyyətimizin
əsərləri indiyədək yığılaraq nəşr edilməyib. Kimsə bu
işə himayəçilik etmək istəsə mən ömrümün bir neçə ilini
bu çox faydalı işə həsr etməyə hazıram.
8. Məhəmmədov Əsədullah Məşədi Hüseyn oğlu
(8.11.1886, Şəki şəhəri -?)
(SPb. MTA, f.14, s.3, iş 57368, 1910-cu il)
İkinci şəkili
Sankt-Peterburq Mərkəzi Tarix Arxivindəki araşdırmamız
AMEA Şəki Regional Elmi Mərkəzi xəttiylə aparıldığına
görə, təbii ki, ilk növbədə Şəkidən olan tələbələri üzə
çıxarmaq istəyirdik. Təəssüf ki, baxdığımız bütün
işlərin içərisində cəmi 4 şəkili tələbənin adına rast
gəldik (Bu silsilədən ilk yazımız onların birincisinə -
Möhsün bəy Əmircanov’a
həsr olunub). Əlbəttə, bu heç də o demək deyil ki, o
zaman Peterburqda Şəkidən vur-tut 4 tələbə oxuyub;
sadəcə, bizim araşdırma vaxtımız bu qədər tələbəni
aşkarlamağa imkan verdi. İnşallah, arxivdəki növbəti,
daha sürəkli axtarışların təkcə Şəkidən yox, başqa
bölgələrimizdən də çoxlu yeni adları üzə çıxaracağına
inanırıq.
Beləliklə, oxuculara ikinci "şəkilimizi" təqdim edirik.
Bu, Sankt-Peterburq İmperator Universiteti hüquq
fakültəsinin tələbəsi Əsədullah Məşədi Hüseyn oğlu
Məhəmmədov’dur.
Onun şəxsi işi 28 vərəqdir.
Təhsil şəhadətnaməsi (kamal attestatı)
Orta təhsilini başa vuran Əsədullah Məşədi Hüseyn oğlu
Məhəmmədova verilmiş 1635 saylı sənəddə oxuyuruq: 23
yanvar 1910-cu ildə ondan ötrü verilib ki, o, 1909-cu
ilin dekabrında [Qafqaz] Tədris Dairəsi Sınaq
Komitəsində kamilliyə görə sınaqdan keçirilib və həmin
sınaqda biliklər üzrə aşağıdakı nəticələri göstərib...
Nəticələr isə o qədər də ürəkaçan deyil: 11 fəndən "3"
alıb, yalnız bir "4"-ü var.
Doğum şəhadətnaməsi
21 dekabr 1900-də şeyxülislamın təsdiqləyərək verdiyi
doğum şəhadətnaməsində bildirilir ki, Şəki şəhərinin
sakini Əsədullah Məhəmmədov öz atası Məşədi Hüseyn
Hacı Məhəmməd oğlu’nun
qanuni arvadı Fizzə Məşədi Tağı qızı’ndan
8 noyabr 1886-cı ildə doğulub.
Deməli, onun soyadı babasının adından götürülüb.
Əsil-nəcabət şəhadətnaməsi
Universitetə təqdim etmək üçün 20 iyul 1910-da Şəki
Şəhər İctimai İdarəsindən verilmiş şəhadətnamədə
Əsədullah Məhəmmədovla bağlı bunlar təsdiqlənib: 1) o,
Şəki şəhəri sakinlərindəndir, 2) tacir təbəqəsindəndir
və orta imkanlı adamdır.
Mühakimə olunmayıb
Universitetin öz tələbələri haqqında öyrənmək istədiyi
bilgilərdən biri də onların oxumağa başlamazdan öncəki
ictimai davranışıyla bağlıdır. Tələbələr bu haqda da
arayış təqdim etməliydilər. Şəki Qəza İdarəsindən
1910-un avqustunda verilmiş arayışda Ə.Məhəmmədovun
məhkəməyə və istintaqa cəlb edilmədiyi, əla davranışlı
olduğu göstərilib.
İlk ərizə
Şəki şəhərinin sakini Əsədullah Məhəmmədov 5 avqust
1910-da SPb. Universitetinin rektoruna ərizə yazaraq
hüquq fakültəsinə qəbul olunmasını xahiş edib. Bununla
da onu 1910-1911-ci dərs ilindən hüquqçu tələbələr
sırasında görürük.
Peterburqda Ali Kommersiya Kurslarını da bitiribmiş!
Ə.Məhəmmədovun sənədləri arasında 29 noyabr 1910 tarixdə
universitet dəftərxanasına göndərdiyi çox maraqlı bir
ərizə də var. Həmin ərizədə yazır ki, mən bu günlərdə
Ali Kommersiya Kurslarını bitirməyim haqqında diplom
almalıyam, ancaq bunun üçün sənədlərimin əsli gərəkdir.
Sizdən xahiş edirəm ki, sənədlərimi bu məqsədlə həmin
kursa göndərəsiniz və onlara ehtiyac qalmadıqda geri
götürəsiniz.
Şəkili zirəkliyi burada da özünü göstərib - tələbə
vaxtdan maksimum yararlanmaqla, həyatda ona gərək olacaq
ikinci bir ixtisas da qazanıb!
Direktor - rektor yazışması
Yaroslavl şəhərindəki Demidov Hüquq Liseyi’nin
direktoru 7 sentyabr 1912-ci ildə SPb. Universitetinin
rektoruna məktub göndərərək bildirib ki, Əsədullah
Məhəmmədov Demidov Hüquq Liseyinə dəyişilmək istəyir,
buna görə də bütün sənədlərinin liseyə göndərilməsinə
dair sərəncam verməyinizdən ötrü vəsatət qaldırmağımı
xahiş edib. Direktor sənədlərin göndərilməsindən başqa,
Ə.Məhəmmədovun hüquq fakültəsində neçə il oxuduğu, hansı
qiymətləri aldığı haqqında ona arayış verilməsini və
universitetin bu köçürülməyə münasibət bildirməsini də
rica edir.
Universitetin rektoru 15 sentyabr 1912-də liseyin
direktoruna cavab yazaraq universitetin yerdəyişməyə
qarşı olmadığını və istənilmiş sənədlərin tezliklə
göndəriləcəyini xəbər verir.
Görünür ki, sənədlər Yaroslavla göndərilsə də arayışlar
oraya vaxtında çatdırılmayıb. Bunu Ə.Məhəmmədovun 29
noyabr 1912-də hüquq fakültəsinin dekanına yazdığı ərizə
də təsdiqləyir; orada Yaroslavl şəhərinə imtahanları
verilmiş semestrlərin və fənlərin sayı haqqında arayışın
da göndərilməsi xahiş olunur.
Yaroslavllı hüquqşünas
Demidov Hüquq Liseyi direktorunun 22 noyabr 1912-də
universitet rektoruna göndərdiyi cavabda Əsədullah
Məhəmmədovun artıq bu məktəbin tələbələri sırasına
götürüldüyü bildirilir.
Təəssüf ki, əlimizdə Ə.Məhəmmədovun bu liseyi bitirib-bitirməməsi
və sonrakı taleyi haqqında heç bir bəlgə və bilgi
yoxdur.
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.: +994-50-612-68-13 |