Bakıdakı Y.Kovalyov adına 229 nömrəli tam orta
məktəbdə 9 may Qələbə Günü münasibətilə müharibə
veteranları ilə görüş keçirilib.
Tədbirdə məktəb kollektivi ilə yanaşı 1941-1945-ci
illər Böyük Vətən Müharibəsində həlak olanların
qohumları, müharibə veteranları, rayon ağsaqqalları, KİV
nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət bayrağı səhnəyə gətirilib. Sonra
şagirdlərin ifasında Dövlət himni səslənib. Vətənimizin
azadlığı uğrunda canlarından keçmiş igid oğulların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fəridə
Bağırova 1941-1945-ci illərdə sovet ordusu tərkibində
Azərbaycan oğullarının göstərdikləri şücaətlərindən və
qəhrəmanlıqlarından danışıb.
Şagirdlər Vətənə aid şeirlər söyləyib, mahnılar ifa edib
və ədəbi kompozisiya göstəriblər. Çıxış edən veteranlar
müharibə illərinin ağrı-acılarından danışaraq xalqımıza
sülh və əmin-amanlıq arzu ediblər. Belə tədbirlərin
təhsil ocaqlarında keçirilməsi təqdirəlayiq hal kimi
qiymətləndirilib.
Tədbirin sonunda müharibə illərində çəkilmiş film
göstərilib. Veteranlar məktəb kollektivi ilə xatirə
şəkli çəkdiriblər.
Rəşad ZİYADOV |