Şuşanın
işğalından 20 il ötür. 1992-ci il mayın 8-də biz Şuşanı
itirdik. Düşmən tapdağında qalan Şuşa böyük və çirkin
siyasi oyunların güdazına getdi. "Qüdrətdən səngərli,
qalalı" Şuşa son anda öz harayını özü eşitdi, yağı
əlində əsir-yesir qaldı. İndi daha əlimiz Şuşaya çatmır.
Yollar uzanır, gedir, amma heç biri bizi Şuşaya qədər
apara bilmir. Dağ başında mayak Şuşam! Yenə başına duman
gəlirmi? Yenə təbiətin şıltaqlıq edib, bir gündə yüz
dona girirmi? Günəşin doğurmu? Ayın sənə boylanırmı?
Ulduzların sayrışırmı? Küləyin əsirmi? Yağışın yağırmı?
Bulaqların çağlayırmı? Çayların daşırmı? Otların
cücərirmi? Çiçəklərin açırmı? Ağacların bar verirmi?
Əsir Şuşam, yağı əlində yesir Şuşam! Evlərinin çırağını
yadlar yandıran Şuşam! Doğma adamların hanı bəs, Şuşam?!
Torpağın yad tapdağında inildəyirmi Şuşam? Məzarların
əsirlikdə darıxırmı, qərib ruhların səs-səsə verib
ağlaşırmı? Bəs şəhidlərin... Şəhidlərin 20 ildi bizi
səsləyir, qisasa, intiqama haraylayır, yurda çağırır...
Şuşam lay-lay... Mayın 8-i Şuşanın 20-ci dəfə matəm
günüdür. Kaş, 21-ci il qayıdış ili olsun Şuşamızın...
Nizami Quliyev
- Şuşa sakini:
Mayın 7-dən 8-nə keçən gecə Xankəndi tərəfdən ermənilər
başladılar atmağa, gecə saat 2-yə qalmış, baxdıq ki,
yer-göy qarışıb bir-birinə, 3 nömrəli internat vardı
Şuşada, orada batalyon yerləşirdi. Səhər 6 radələrində
düşmən tərəfdən internatın binasına güclü bir zərbə oldu,
mən bunu gözlərimlə görmüşəm, internatın binası
yerlə-yeksan oldu, bundan sonra ermənilərin hücumu daha
da intensivləşdi. Onlar artıq atəş aça-aça "kolxozstroy"
deyilən tərəfdən şəhərə sarı yuxarı qalxdılar. İlk
saatlar bizimkilər ermənilərə çox yaxşı müqavimət
göstərdi. Düşmən tərəfin əksəriyyəti əslində rus
hərbiçiləri idi.
Biz tərəfdən döyüşçülərimizlə könüllülər çiyin-çiyinə
vuruşurdu. Gündüz saat 2 radələrində düşmən qüvvələri
bizi üstələdi. Çünki onlar həm sayca, həm də texnika
sarıdan bizdən xeyli üstün idi. Bizə əmr gəldi ki, ilk
növbədə qospitalı çıxaraq. İtkilərimiz də çox idi,
yaralılarımız da... Biz meyitləri və yaralıları "Kamaz"a
yükləyib Turşsuya gəldik. Çox çətinliklə atəş altında
mülki və hərbiçi yaralılarımızı evakuasiya edə bildik.
Dörd nəfər çox çətinliklə piyada gəldik Laçının Qayğı
qəsəbəsinə.
...Biz Şuşadan çox çətinliklə çıxmışıq, sürünə-sürünə...
o İsa bulağının gizlin yolları var ey, neçə kilometr
yolu biz piyada getdik. Çünki yaralılar çox idi,
yerləşdirə bilmirdik. Odur ki, "Kamaz"a yaralıları
doldurub, özümüz maşından düşdük, piyada Turşsuya gəldik.
Daşaltını keçmək mümkün deyildi. Fasiləsiz atırdılar.
BTR-lə, BMP ilə lap yaxınlıqda dayanıb binoklla baxır,
bizimkiləri nişan alırdılar. Əvvəlcədən özlərinə
əlverişli mövqe seçmişdilər.
..."Pekarnı"da anbardar işləyən "Qara Bəşir" deyilən
Şuşa sakinini dörd yol deyilən yerdə vurdular. Yerə
yıxılanda qara gün üçün saxladığı 3-lük, 5-lik
bağlamaları yerə töküldü... Yaralını götürdük, kimsə
əlini uzadıb o pullardan götürmədi, hamı can hayında idi.
...Evimizin layihəsini öz əllərimlə cızmışdım. Şuşa
sanatoriyasından dörd yol istiqamətinə gedəndə "Kamranın
çayxanası" deyilən məşhur bir yer vardı, onun yanı
yoxuşluq, təpə kimi bir yerdi, orda tikmişdik evimizi,
mən və qonşum Fəxrəddin. Mən evimi tam başa çatdırdım,
cəmi 3 ay yaşadım içində. İndi o evə sərf elədiyim
illərimi düşünəndə tüstüm təpəmdən çıxır. Kiminçün
çəkirdim o əziyyəti, kiminçün tikirdim o evi?! Erməni
üçünmü?
Evimiz Şuşanın ən axar-baxarlı yerindəydi.
Əskəranda ermənilər Əliynən Bəxtiyar adlı iki uşağı
öldürdülər ha, bax Şuşanın dincliyi ilk dəfə onda
pozuldu. Əhali o uşaqların qətli ilə heç cür barışa
bilmirdi. Hər gün qəsd, hər gün qan tökülməsi artıq
faktiki mühasirə vəziyyətində yaşayan Şuşa əhalisini
bezdirmişdi...
Təzədən o günlərə qayıtmaq indi mənə çox ağır gəlir.
Dünyada Şuşa kimi gözəl yer təsəvvürümə gətirə bilmirəm.
Şuşada adi, axar-baxarsız yer yox idi, havası eləydi ki,
yer-göy bir-birinə qovuşsa da bir damcı nəmişlik olmurdu.
Bir də baxırdın ki, 10 dəqiqə leysan yağırdı, sonra gün
çıxırdı, hər yer olurdu qup-quru. Bir azdan da duman
bürüyürdü Şuşanı. Şuşadan saatlarnan danışsam,
yorulmaram. Şuşanın "Ərimgəldi", "Çanaqqala", "Qalaqapısı"
(ona hərdən "Gəncəqapısı" da deyirlər), Xurşud Banunun
bulaq kompleksi var, çox yerləri var, sadalamaqla
qurtarmaz, hamısı bu dəqiqə gözümün qabağındadır.
Şuşadan çıxanda hər şeyimiz Şuşada qaldı, heç nə götürə
bilmədim, ən çox şəkil albomuma heyifsilənirəm, Şuşaya
dair maraqlı şəkillər vardı orda, götürəmmədim. Şuşanın
hər yeri muzey idi... Sıldırım bir qayada İbrahim xanın
düşməndən daldalandığı əfsanəvi qəsr də bizim günlərəcən
dururdu...
İnanmıram ki, bu qədər arzular, dualar gedib yaradana
çatmasın... Ümid edirəm ki, O, Şuşanın bağlı qapılarını
açar üzümüzə günün birində...
Fəxrəddin Səfərov
- Şuşa sakini: Əslən Qarabağlıyam. Dayım Şuşada
yaşadığından uşaqlığım Şuşada keçib. Ali məktəbi
bitirib Şuşaya döndüm və taleyimi həmişəlik o müqəddəs
yerə bağladım. Bu gün Şuşa yoxdu, sanki bədənimizin,
əzamızın bir hissəsi yoxdu. Şuşa bizim zəkamız, görən
gözümüzdü. Mən ixtisasca ədəbiyyat müəllimiyəm. Mənim
qələmimdə, belədir Şuşa:
Şuşa yaralıdır daş çarpayıda,
Layla çalanı yox, məlhəm verəni.
Biz - Şuşa əhalisi, Şuşa ziyalıları, Şuşa əli silah
tutanları 1988-ci ildən - ermənilərin torpaq iddiasına
başladığı ilk gündən canımızı, varlığımızı sərf elədik
ki, torpağımızı qoruyaq, saxlaya bilək. Aradan keçən bu
20 ildə hər gün o hadisələri bir-bir göz önünə gətirir,
təhlil edir, qaranlıq nöqtələri başa düşməyə çalışırıq.
İnsan öz evindən çox yox, yüz metr aralı düşəndə özünü
gücsüz, dayaqsız hiss edir, bu bizdən asılı olmayan bir
sirrdir ki, insan öz torpağında qüvvətlidir, öz yurdunda
hünərlidir. İnsana dünyada hər adı deyə bilərlər, ancaq
kaş Allah bu qaçqınçılıq damğasını adımıza əbədi
yaraşdırmasın. İçimizdəki o döyüş ruhu var ha, namusla,
vicdanla torpaqlarımızı geri qaytarmağa nail ola bilək.
Kimin mənən, əqidə cəhətdən genində, varlığında torpağa,
yurda məhəbbət varsa, mümkün deyil ki, o ülvi hisslər
torpağa hopmasın...
Biz beş il döyüşdük ki, Şuşamız əldən getməsin.
Mühasirədə qaldıq aylarnan, əliyalın döyüşdük. Əsir
götürülən düşmən döyüşçülərinin əksəriyyəti Livandan,
Beyrutdan, Fransadan gələn ermənilərdi. Onların
təchizatını qonşu xarici dövlətlər təmin edirdi. Biz
əslində 3-5 erməniylə deyil, böyük və güclü bir dövlətin
təlim görmüş, təpədən-dırnağacan silahlanmış mütəşəkkil
ordusu ilə döyüşürdük. Mayın 8-də sübh 5-dən axşam 8-ə
10 dəqiqə işləmişə qədər düşmənə müqavimət göstərdik.
Təkcə həmin gün 196 nəfər əsgərimiz şəhid oldu Şuşada.
Hələ itkin düşənlərin, meyiti götürülə bilməyənlərin
sayını bilmirik. Onlar hamısı Şuşanın dağlarında,
dərələrində, Şuşa uğrunda canından keçib elə orada
qurda-quşa yem olan Vətən oğullarıdı... Mayın 8-də biz
şuşalılar, həmçinin Şuşa uğrunda döyüşənlər düz 23 saat
rus qoşunu ilə qeyri-bərabər döyüş aparmışıq. Şuşa
uğrunda ağır döyüşlərimiz olub bizim. Ağlımıza belə
gəlməzdi ki, Şuşa əlimizdən gedə bilər. Çünki bizimlə
azsaylı ermənilər yox, təlim görmüş çoxsaylı rus ordusu
vuruşurdu. Təlim görmüş, hazırlıqlı, təpədən-dırnağa
qədər silahlanmış rus yaraqlıları Şuşa həbsxanasının
divarına kəndirlə bir göz qırpımında dırmaşırdılar.
Göydən güllə yağış kimi yağırdı. Hamı binaların altında,
sığınacaqlarda, zirzəmilərdə daldalanmışdı. Düşmən
snaryadları düşən kimi bir-birinə bitişik evlər od tutub
yanırdı. İrəlicədən Şuşadan çıxarılanlar yalnız qocalar,
qadın və uşaqlar idi. Elə bir ev tapılmazdı ki, orada
bir nəfər də olsun ev sakinlərindən qalmasın. Əsasən
kişilər, hamısı Şuşadaydı. Şuşa axıra qədər döyüşdü,
mübarizə apardı, camaat axıracan əliyalın dayandı
Şuşanın uğrunda... Mübariz ruhlu əhalisi vardı Şuşanın.
Üç tankla, onun da birini Kirs dağına çıxarmışdılar -
mütəşəkkil bir ordunun qarşısında dura bildiyi qədər
durdu şuşalılar...
Kaş torpağımızı qaytarmağa nail olaq, bu işi gələcək
nəslə miras qoymayaq. Mən Şuşasız yaşaya bilmirəm. Əgər
bu ötən 20 ilə yaşamaq demək mümkünsə...
Ellada UMUDLU |