Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Zahid Xəlil - 70

Ədəbi-elmi fikrin tanınmış siması

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, istedadlı filoloq alim, jurnalist, respublikanın əməkdar müəllimi Zahid Xəlilin - Xəlilov Zahid Abdulla oğlunun 70 yaşı tamam olur.  Zahid Xəlil 1942-ci ildə Yevlax şəhərində doğulub. 1959-cu ildə orta məktəbi, 1964-cü ildə hazırkı Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirib. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin ədəbiyyat və onun tədrisi metodikası kafedrasına rəhbərlik edir. Filologiya elmləri doktoru, professordur. Gəlin bir ömürdə həm yazıçılıq, həm jurnalistlik, həm alimlik, həm də müəllimlik sənətini məharətlə sintez halında birləşdirən Zahid Xəlilin yaradıcılıq fəaliyyətinə qısa bir nəzər salaq.

Yazıçı Zahid Xəlil - 30 kitabın müəllifidir. 1982-ci ildə Rusiyada nəşr olunan "Literaturnaya qazeta"nın "Zolotoy telyonok" mükafatına layiq görülüb. 1987-ci ildə SSRİ üzrə "İlin ən yaxşı uşaq kitabı" müsabiqəsinin qalibi olub. 1988-ci ildə "İlin ən yaxşı uşaq kitabı" Respublika müsabiqəsində birinci yeri tutub. 2008-2010-cu illərdə 6 cilddə "Seçilmiş əsərləri" nəşr olunub.

Alim Zahid Xəlil - 1973-cü ildə  filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. "Detskaya literatura Azerbaydjana" ("Azərbaycan uşaq ədəbiyyatı") kitabı M.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsi tələbələri üçün dərs vəsaiti kimi qəbul olunub. Beş nəfər alim yetişdirib, müdafiəyə buraxılan bir çox dissertasiyaların opponenti olub. Hazırda üç doktoranta rəhbərlik edir. O, həmçinin YUNESKO-nun uşaq ədəbiyyatının tədqiqi ilə bağlı MOUDL təşkilatının üzvüdür. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Müəllim Zahid Xəlil - 1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində dərs deyir. 40 il əvvəl  Pedaqoji Universitetdə təhsil alan tələbələr onun gözəl mühazirələrini və ədalətlə verdiyi qiymətləri unutmamışlar. Sabiq tələbəsi, filologiya elmləri üzrə fəlsəfə doktoru Faiq Şahbazlının xatirəsindən: "1973-cü ildə Zahid müəllim filologiya elmləri namizədi alimlik dərəcəsi almışdı. Qrupumuz adından ona bir qızıl üzük bağışlamaq istədik. Zahid müəllim isə bizə dedi: "Xəzinə üstündə yatar ilanlar". Sonra mənə ciddi tapşırdı ki, qızıl üzüyü qaytarım. Əlbəttə, biz üzüyü qaytardıq. Əvəzində kitab bağışladı bizim hamımıza. Bu hadisə isə bizə ömürlük dərs oldu. Müəllimimiz gözümüzdə ədalət simvoluna çevrildi".

Zahid Xəlil ali məktəblər üçün "Uşaq ədəbiyyatı", ibtidai məktəbin II və III sinifləri üçün "Azərbaycan dili" dərsliklərinin həmmüəllifidir.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona "Əməkdar müəllim" fəxri adı verilmişdir.

Jurnalist Zahid Xəlil - Yevlaxda "Təşəbbüs" qəzetinin məsul katibi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Gənc müəllim" qəzetinin redaktoru, 1975-2006-cı illərdə Azərbaycan Televiziyasında "Sizin sevimli yazıçılarınız", "Çıraq", "Məktəblinin kitabxanası", "Sərbəst düşüncə studiyası" verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Televiziya verilişlərinə görə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

Tanınmış rus şairi Yuri Kuşak yazır: "Mən hətta Moskva televiziyalarında Zahid Xəlilin apardığı verilişlərə bərabər verilişə rast gəlməmişəm".

Şübhəsiz ki, Zahid Xəlil haqqında söz açanda onun yazıçılıq fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Orta məktəb illərindən klassik ədəbiyyatın vurğununa çevrilən, onuncu sinifdə oxuyarkən ilk şeiri rayon mətbuatında  dərc olunan Zahid Xəlil zaman  keçdikcə püxtələşdi və oxucuların sevimlisinə çevrildi. Artıq   iyirmi beş yaşa çatanda gənc şairin yaradıcılığında yeni tutumlu poetik obrazlılıq görünməyə başladı və illər keçdikcə onun yaradıcılıq imkanları daha da genişləndi, kamil, mənalı misralar, poetik söz axtarışları ilə  zəngin olan şeirlər silsiləsi meydana gəldi. Yığcam poetik misralarla bütöv bir fikri tərənnüm etmək bacarığı şair Zahid Xəlilin tez bir vaxtda tələbkar oxucular arasında, ədəbi ictimaiyyətdə yaxından tanınmasına, bu mühitdə özünəməxsus layiqli yer tutmasına səbəb oldu.

Lakin gənc şair yazdıqları ilə kifayətlənmədi, ədəbiyyat nəzəriyyəsinin dərin qatlarına enərək poeziyanın gözə görünməyən sirlərini öyrəndi. Ədəbiyyatşünaslıq elminin incəliklərinə vardı və öz elmi potensialının imkanlarından məharətlə istifadə edərək folklor materiallarını dönə-dönə araşdırdı, onun ən incə poetik çalarlarını üzə çıxartdı. Uşaq poeziyası ilə uyğun paralellər apardı, yeni mülahizələrin, elmi fikirlərin müəllifi oldu. Az işlənmiş bu sahənin ilk tədqiqatçılarından biri kimi elmi tədqiqatla bədii yaradıcılığın uyarlı sintezini yaratdı.

Elmi tədqiqat işləri, jurnalistlik və  pedaqoji fəaliyyəti, bədii yaradıcılığı Zahid Xəlilin eyni vaxtda paralel apardığı sahələr olsa da, o, yorulmadı, əksinə, gecə-gündüz çalışdı. Özünün dediyi kimi, kiçicik bir qığılcımla böyük tonqallar yandırdı, kiçicik bir açarla böyük qapılar açdı, uşaq aləminin sirlərini onların özünə açıqladı.

Fransız yazıçısı Antuan de Sent-Ekzüperinin təbirincə desək, hər bir qələm sahibi "öz uşaqlıq səltənətindən gəlir". Bu keyfiyyətləri Zahid Xəlilin bədii yaradıcılığında aydın şəkildə görmək mümkündür. Sənətkarın keçdiyi həyat səhifələrini vərəqlədikcə məlum olur ki, o da özünün uşaqlıq səltənətindən gəlmişdir və onun uşaqlığı fonunda məsum bir canlı varlığın sirli, problemli dünyası dayanır. Bu dünyanın poetik misralarda və epik lövhələrdə, yaxud dramaturji müstəvidə  canlandırılması üçün uşaqların yaşayış tərzini, həyata baxışlarını, onların hansı istək və arzuların həsrətində olduqlarını, hansı mənəvi qidaya ehtiyac duyduqlarını dərindən dərk edəndən sonra mümkündür və Zahid Xəlil də öz çoxjanrlı yaradıcılığında bunu həssaslıqla duya bilmişdir.

Zahid Xəlilin çap olunmuş şeir və nəsr kitablarını ardıcıllıqla düzsək və onları analitik təhlilə cəlb etsək, görərik ki, o, böyük ədəbi inkişaf yolu keçmişdir. "Uçan çıraqlar" (1969), "Qarışqalar" (1971), "Mən rəngləri tanıyıram" (1972), "Göydən üç  alma düşdü" (1974), "Quşlar, quşlar" (1977), "Torağaylar oxuyur" (1979), "Ballıca" (1981), "Çıraq nənənin nağılları" (1983), "Cırtdanla Azmanın yeni sərgüzəştləri" (1986), "Mavi dəniz sahilində" (1986), "Salam, Cırtdan!" (1986), "Odlar yurdunun paytaxtı" (1992), "Günəbaxanlar böyüyəcək" (1992), "Dünyanın ən balaca nağılları" (2002), "Orxan və dostları" (2004), "Qızlar şeir oxuyur sevgi yaşında" (2007), "Yumru Yumaq və Qumru" (2011) və sair adda əsərləri müxtəlif yaşlı uşaqların, o cümlədən gənclərin təlim-tərbiyəsində, bədii-estetik zövqünün formalaşmasında, bilik dairəsinin daha əhatəli genişlənməsində, mənəvi-əxlaqi dəyərlərin bütövləşməsində mühüm rol oynamışdır.

Zahid Xəlilin uşaq şeiri yaradıcılığında poetik duyumun dəyəri ondadır ki, onun fərdi bədii üslubunda folklorumuza xas olan şirindillilik, sadə ifadə tərzi vardır. Bədii üslubu ilə forma və məzmunun müəyyən ölçüdə harmonik vəhdəti, söylənilən fikir və onun obrazlı ifadəsi arasında adekvatlıq, ən nəhayət, poetik fikir və duyğuların ifadə  tərzi, xarakteri, lirizmlə boyanmış uyarlılıq təşkil edir. Uşaqlarla şirin üslubla təmas yaratdıqca, onlara öz fikrini həm şifahi, həm də yazılı nitqlə aydın, harmonik şəkildə ifadə etmək bacarığına yiyələnməyi öyrədir. "Uçan çıraqlar" kitabına daxil edilmiş şeirlər əsasən dörd, beş və yeddi hecadan ibarət olsa da, zahirən sadə görünən, lakin metaforikləşdirilmiş söz düzümündən ibarət olan bu şeirlərdə real, bitkin lövhələr yaradılmışdır.

Sənətkar "Kəpənəklər" şeirində uşaqların söz ehtiyatını zənginləşdirmək, bədii-estetik zövqünü formalaşdırmaqdan ötrü obrazlı ifadələrdən məharətlə istifadə edir. Rast seçilmiş poetik misralarla bədii təsvirin gücünü illüstrativ mənzərə yaradır.

"Çəmən" şeiri bəlkə də şairin poetik yaradıcılığının ən yüksək zirvəsində dayanır. Bu kiçikhəcmli lirik şeirdə illüstrativlik və portretli obrazlılıq daha qabarıq görünür.

Zahid Xəlilin qələmə aldığı uşaq şeirlərinə bəstəkarların maraq göstərməsi də diqqəti cəlb edir. Onun sözlərinə bəstələnmiş müxtəlif motivli uşaq mahnıları kiçikyaşlı uşaqların kövrək qəlbini oxşayır.  R.Şəfəqin "Sülh göyərçiniyik biz", "Novruz gəlib, yaz gəlib", "Gəlsin təzə ilimiz", "Salam, qış", "Çiyələk", O.Zülfüqarovun "Telefon", "Mayak", H.Nəcəfovanın "Anaların sülh arzusu", A.İsmixanovanın "Heyvanların nəğməsi", Q.Tulçinskayanın "Buynuzu gicişən çəpiş", İ.Yegikovun "Qızıl qaz" və sair mahnıları bu gün də müğənnilərin repertuarından düşmür.

Təkcə uşaqların deyil, həm də böyüklərin həmdəminə çevrilən Zahid Xəlil onların da qəlbini ehtizaza gətirməyi bacarmışdır. Onun bir şeirini misal gətirmək kifayətdir. Şair "Onsuz da mən səni sevməyəcəyəm" şeirində yetkinlik dövrünü keçirən, çılğın məhəbbətli səbrsiz bir gözələ məzəmmətlə dolu hisslərini bildirir:

Ruhumla, hissimlə nə əlləşirsən,

Deyirsən açılan təzə çiçəyəm?!

Vallah lap havayı gözəlləşirsən,

Onsuz da mən səni sevməyəcəyəm.

Artıq sevgi yaşı ötdüyünə görə "quru daşa" çevrilən, onun bu sevgisinə yaraşmadığını deyən şair ən son məqamda bu gözəli uğursuz sevgidən çəkindirməyə çağırır:

Ürəkmi umursan bu quru daşdan,

İnsaf et, ağlımı çıxarma başdan?!

Harama yaraşır sevgi bu yaşda?

Onsuz da mən səni sevməyəcəyəm!

 

Şərikmi çıxırsan duyğularıma,

Əsəb tellərimi çəkmə tarıma.

Qayıdıb nə deyim evdə qarıma?!

Onsuz da mən səni sevməyəcəyəm!

Uşaqlar və gənclər üçün orijinal şeirlər yazan sənətkar nəsr sahəsində də yenilik axtarışına çıxdı. Uşaqların yeni üsluba, yeni mövzulara mənəvi ehtiyacları olduğunu duyan yazıçı ötən əsrin 80-ci illərinin əvvəllərində özünün "Ballıca" adlı nəsr əsərini çap etdirdi. Bu, yazıçının ilk nəsr əsəri olsa da, az bir vaxtda uşaqların sevimli kitabına çevrildi. Bu kitaba daxil edilmiş "Papaq", "Peçenyedən yaranmış qız", "Güzgü", "İki adamcığaz", "Qırmızıpapaq və canavar", "İki nar", "Qayıq sürən ayı balası", "Bağırmaq istəyən adam", "Üçbucaq ölkənin adamları", "Çiyələklərin çəhrayı nağılı", "Coğrafiya dərsində taxılan eynək", "Günəşi qoparmaq istəyən ayılır", "Ləyaqətli adam və onun qarnı" və sair kiçik hekayələri onun bitkin, orijinal qələm sahibi olmasından xəbər verir.

Zahid Xəlilin uşaq nəsrində fantaziya çox güclüdür. Məsələn, "Peçenyedən yaranmış qız" nağılında yaratdığı burnu xalis marmeladdan, gözləri moruq mürəbbəsindən, qulaqları və ağzı qaymaqdan düzəldilmiş  bu qız dinamik fəaliyyətdə olan canlı bir varlıq kimi kiçikyaşlı oxucuda maraq yaradan fəal bir uşaq təsiri bağışlayır. Tanınmış təmsil ustası Hikmət Ziya yazıçının bu məharətini yüksək qiymətləndirərək yazırdı: "Mən uşaq yazıçısı kimi bu faktın üzərində xeyli düşündüm. Axı, necə ola bilər ki, bu boyda yalanlara uşaq inansın. Yazıçı cansız əşyaları insan kimi düşündürür, onların bir-birinə qəzəb, nifrət və sevinclərini  göstərir, uşaq da buna inanır. Görünür bu cəhət də yazıçının şairliyi ilə bağlıdır. Axı, necə olur ki, biz çəmənin "bağçaya düşən bir gözəlin yaylığı" olduğuna inanırıq, peçenyedən yaranmış qızın küçələrdə gəzməsinə inanmırıq".

Zahid Xəlilin dramaturji yaradıcılığı da diqqəti cəlb edir. Bu maraq doğuran dramaturji əsərin ikisi - "Küp" və "Lampacıq" folklor motivləri əsasında, "Ata ocağı" isə həyatdan götürülmüş mövzu əsasında qələmə alınmışdır.

Yazıçının müxtəlif janrlı orijinal bədii yaradıcılığının əhatə dairəsi genişləndikcə respublikamızın hüdudlarını aşaraq bir çox dünya xalqlarının dillərinə tərcümə olundu. Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə olunaraq böyük tirajla çap olunduqca və ətrafına çoxlu oxucu topladıqca, ayrı-ayrı qələm sahibləri: xarici ölkə şair və yazıçıları, ədəbiyyatşünas-tənqidçilər müntəzəm olaraq Zahid Xəlilin yaradıcılıq laboratoriyasına daha dərindən nüfuz etdilər. Yüz min tirajla yayımlanan "Detskaya literatura" jurnalı onun yaradıcılığının təhlili və təbliğinə geniş yer ayırdı. Jurnalın baş redaktoru, görkəmli rus yazıçısı Sergey Alekseyev yazırdı: "Zahid Xəlil özünü uşaq ədəbiyyatına həsr etmişdir və onunla nəfəs alır. Bu sahəni təkcə xüsusi tədqiqatlarında deyil, həmçinin televiziya verilişlərində, kütləvi qəzet və jurnallarda da təbliğ edir. Zahid Xəlilin şeir və nağıllardan ibarət olan "Salam, Cırtdan!" əsəri incə, təkrarolunmaz yumorla, yeri gələndə satirik məqamlarla öz bədii siqlətini balaca oxuculara göstərmişdir. Zahid Xəlilin bu kitabı olduqca aydın və işıqlı üslubda yazılmışdır".

Zahid Xəlilin elmi-bədii yaradıcılığı haqqında bir çox görkəmli sənət adamlarının fikirləri ilə rastlaşırıq. Görkəmli tənqidçi, akademik B.Nəbiyev onun uşaq yaradıcılığına xüsusi rəğbət bəsləmiş, Andersen və Qrimm qardaşları ilə müqayisə etmişdir. Rus şairlərindən S.Baruzdin, S.Mixalkov, Y.Yevtuşenko, Y.Kuşak, P.Frenkel, tənqidçilər İ.Motyaşov, N.Filonova, M.Vlasova, P.Ulyaşov, türkmən şairi  A.Qarayev, moldav  yazıçısı F.Mironov, eston şairi X.Miyand, Litva ədəbiyyatşünası V.Aurila, başqırd şairi M.Kərim, M.Qali və digər sənətkarlar onun yaradıcılığı haqqında xoş sözlər söyləmişlər.

Rus tənqidçisi İ.Motyaşov Zahid Xəlilin poeziyasını təhlil edərək onun yaradıcılıq sirlərini açmış və qeyd etmişdir ki, Zahid Xəlilin şeirlərində dünya olduqca mərhəmətli, işıqlı, rəngarəngdir, gur səsli, harmonikdir. Şair ona görə diqqəti cəlb edir ki, o, təkcə ədəbiyyat tarixçisi və tənqidçisi deyil, hər şeydən əvvəl yaxşı uşaq yazıçısıdır. Zahid Xəlilin uşaq ədəbiyyatına gəlmə səbəbi onun yaradıcılıq axtarışları, sənətdə novatorluğu ilə bağlıdır.

Zahid Xəlil ərsəyə gətirdiyi bədii yaradıcılığı ilə dünyaya pəncərə açmışdır, Azərbaycan uşaq ədəbiyyatını dünyanın bir çox ölkəsində tanıtmışdır. Mübaliğəsiz deyə bilərik ki, müasir Azərbaycan uşaq ədəbiyyatının dünya xalqlarına tanıdılmasında Zahid Xəlilin inkaredilməz xidmətləri vardır. Fitri istedadı hesabına ərsəyə gətirdiyi əsərlərinin bədii dilinin təbiiliyi, təsvir etdiyi həyat səhnələrinin tam təfərrüatı ilə bədiiləşdirməsi, fərdi yaradıcılıq üslubunu olduğu kimi saxlaması və sair əsl sənətkara xas olan xüsusiyyətlər ona dünya uşaq ədəbiyyatı korifeyləri ilə müqayisə olunmaq imkanı qazandırmışdır. Çünki Zahid Xəlil öz yaradıcılığında nəsihətçiliyə yol vermir, uşaqlara yorucu əxlaq dərsi keçmir, yalnız onlarla poetik bir dillə söhbət edir. Əxlaqi məsələlərin həlli onun qələmə aldığı tarixin, rəvayətlərin, nağılların özündən doğur.

Yetmiş yaşı qeyd edilən Zahid Xəlil bu gün də yorulmadan, gənclik təravətilə yazıb-yaradır, milli uşaq ədəbiyyatının inkişafı naminə problemli məsələlərin tədqiqatını aparır, yeni, uşaqları cəlb edəcək mövzular üzərində düşünür: "İndi uşaqlar üçün hekayələr yazıram. Ancaq dərslik hekayələri. Bu mənim həyatımda yeni bir mərhələdir. Heç vaxt dərk etməmişəm ki, məktəb üçün xüsusi hekayələr lazımdır. İndi çalışıram bu şərtlərə cavab verən əsərlər yazım və köhnə əsərlərimi də bu şərtlərə uyğun işləyirəm. Əlliyə yaxın hekayə yazım", - deyir. 

Görkəmli yazıçı Zahid Xəlil hələ də yazıb-yaradır və biz də ona uzun ömür və yaradıcılığında uğurlar diləyirik! 

Füzuli ƏSGƏRLİ, 
filologiya elmləri üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas-tənqidçi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov