Mayın 1-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının "Uşaq dünyası" qalereyasında Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyinin
təşkilatçılığı ilə respublika və beynəlxalq rəsm
müsabiqələrinin qalibi Tural Həsənovun "Düşüncələrdən
rənglərə" adlı fərdi rəsm sərgisinə həsr olunmuş tədbir
keçirilib. Tədbirdə Xalq Təhsili Muzeyinin direktoru
Lalə Bayramova bir çox müsabiqələrin qalibi, müxtəlif
illərdə çoxlu sayda diplom, fəxri fərman və
sertifikatların sahibi olan, Bakıdakı 70 nömrəli tam
orta məktəbin IX sinfini bitirən, hazırda 4 nömrəli
Bakı Peşə Liseyinin II kursunda kompüter ixtisası üzrə
təhsil alan Tural Həsənovun uğurlarından söz açdı.
Bildirildi ki, Təhsil Nazirliyi tərəfindən müxtəlif
mövzular üzrə keçirilən müsabiqələrdə T.Həsənovun əl
işləri nümayiş olunub və ən yaxşı mükafatlara layiq
görülüb. Çıxışlarda vurğulandı ki, gənc istedadları üzə
çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq,
dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik olan
gənclər yetişdirmək hər kəsin borcudur. Ölkə rəhbəri
İlham Əliyevin 2006-cı il tarixli sərəncamı ilə təsdiq
edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)" bu işi həyata keçirməyə bir daha
təkan verib. Nəticə olduqca uğurlu olub, gənclərimizin
istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində
çoxlu işlər görülüb.
Sonra Nizami Rayon Uşaq və Gənclər Yaradıcılıq
Mərkəzinin direktoru Lalə Qəti 12 yaşından mərkəzin
təsviri incəsənət dərnəyinin üzvü olan, müəllimi
Nərmin Abdullayevanın rəhbərliyi altında rəssamlıq
sənətinin incəliklərini, sirlərini öyrənən Turalın
qeyri-adi istedada malik olduğundan bəhs etdi. Dedi
ki, onun ən böyük uğuru 7 may 2011-ci ildə ümummilli
lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə
həsr edilmiş "Heydər Əliyev və müstəqil Azərbaycan"
mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibi adını
qazanması oldu. 2008-ci ildə Yunanıstanda keçirilən
avtoportret müsabiqəsində yaşıdları arasında I yerə və
qızıl medala layiq görülməsi, eləcə də 2011-ci ildə
Polşada keçirilən uşaq və gənclərin XVI beynəlxalq rəsm
müsabiqəsində birincilik qazanması bütün kollektivi
sevindirdi.Turalın uğurları, şübhəsiz, bununla bitmir.
O, Çexiyada, Yunanıstanda, Hindistanda, Ukraynada,
Qazaxıstanda keçirilən beynəlxalq rəsm müsabiqələrinin
də qalibidir.
Mərkəzin direktoru çıxışının sonunda Tural Həsənovu
yaradıcılıq mərkəzinin mədəni-kütləvi tədbirlərinin
fəal iştirakçısı kimi xüsusi diplomla təbrik edərək ona
fotoaparat hədiyyə etdi.
Sonda yeniyetmə rəssamın rəsm sərgisinə baxış
keçirildi.
Sifai SƏFƏROVA |