Aprelin
29-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ)
Heydər Əliyev Fondu, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və İTİ-nin
birgə təşkilatçılığı ilə 17 may-Telekommunikasiya və
İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb
tələbələri arasında informatika üzrə Ümumrespublika
Olimpiadası"nın final mərhələsi keçirildi.
Tədbiri giriş sözü ilə açan rabitə və informasiya
texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu gün
Azərbaycan gənclərinin yüksək səviyyədə təhsil alması,
yaradıcılıq potensialının inkişafı, öz bilik və
bacarıqlarını nümayiş etdirməsi üçün lazımi şəraitin
yaradıldığını bildirdi. Nazir müavini gənclərimizin İKT
hazırlığının daha da təkmilləşdirilməsinin ölkədə qəbul
edilən müvafiq dövlət proqramları və layihələrin başlıca
hədəflərindən olduğunu söylədi, komandalara yüksək bilik
yarışında müvəffəqiyyətlər arzuladı.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev
istedadlı gənclərin bilik və bacarığının aşkarlanması,
intellektual potensialının inkişafı məqsədlərinə xidmət
edən olimpiadaların əhəmiyyətindən söhbət açdı.
İnformatika üzrə beynəlxalq yarışlarda 1994-cü ildən
iştirak edən Azərbaycanın bu müsabiqələrdə layiqincə
təmsil olunması üçün görülən tədbirlər, məktəblilər
arasında keçirilən olimpiadaların yüksək təfəkkürlü yeni
nəsil gənclərinin seçilməsinə geniş imkanlar
yaradıldığını bildirərək komanda üzvlərinə uğurlar
dilədi.
Təhsil
Nazirliyinin Təhsilin idarəolunmasının məlumat
sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, BDU-nun
dosenti Ramin Mahmudzadə və başqaları ölkədə keçirilən
informatika üzrə ümumrespublika olimpiadasının
əhəmiyyətini xüsusi vurğulayaraq iştirakçılara qələbə
sevincləri arzuladılar.
Haqqında söhbət açdığımız ümumrespublika olimpiadasının
ilk mərhələsi bu il aprelin 15-də Qafqaz Universitetində
keçirilib. İlk mərhələdə 15 ali təhsil müəssisəsindən 45
komanda iştirak edib. Olimpiadanın ikinci final
mərhələsinə respublikanın 4 ali təhsil müəssisəsindən 12
komanda vəsiqə qazanıb. Həmin gün İTİ-də keçirilən
olimpiadada isə, ümumilikdə, 24 komanda iştirak edirdi.
Yarış zamanı hər komandaya 5 saat ərzində 9 məsələni
həll etmək tapşırığı verildi. Bildirildi ki, məsələlərin
həllinin yoxlanılması və qiymətləndirilməsi digər
olimpiadalardan fərqli olaraq münsiflər heyəti
tərəfindən deyil, xüsusi proqram vasitəsilə həyata
keçirilir. Proqramlaşdırma üzrə beynəlxalq
olimpiadalarda tətbiq olunan Avtomatik Qiymətləndirmə
Sistemindən istifadə olunur. Komandalar məsələlərin
həllini Free Pascal, Borland C++ və Borland Pascal kimi
proqramlaşdırma dillərindən birində yazırlar və
proqramın mətnini yoxlamaq üçün serverə göndərirlər.
Sistem məsələlərin həllini dərhal yoxlayır və nəticənin
səhv və ya düzgün olması barədə məlumatı serverdən
iştirakçının kompüterinə göndərir.
4 ali təhsil müəssisəsindən 12, regionlardan
müsabiqədənkənar 9 və orta məktəb şagirdlərindən ibarət
3 komandanın iştirak etdiyi final mərhələsində I yerin
qalibi Qafqaz Universitetinin "Qafqaz proqrammers"
komandası oldu. II yer Bakı Dövlət Universitetinin
"Norbert", III və IV yerlər isə Qafqaz Universitetinin
"Baku Qafqaz U 3" və "Baku Qafqaz U 7" komandaları
arasında bölüşdürüldü.
Olimpiadada ilk 4 yerə layiq görülən komandalar "Azərfon"
və "BestComp Group" şirkətinin təqdim etdiyi qiymətli
hədiyyələrə layiq görüldülər.
Ədalət DAŞDƏMİRLİ |