Mayın
2-də Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və
ictimai elmlər bölməsi və BSU-nun birgə təşkilatçılığı
ilə "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda
III Beynəlxalq Elmi Konfransı öz işinə başladı.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr olunmuş elmi konfransda Türkiyə, Rusiya,
Ukrayna, Almaniya, Çexiya, Litva, Misir, Yunanıstan,
Qazaxıstan, Gürcüstan, Belarus, Polşa, İran və digər
ölkələrdən, eləcə də AMEA-nın müxtəlif institutlarının,
respublikamızın ali təhsil ocaqlarının nümayəndələri
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın
müxbir üzvü, professor Kamal Abdullayev qonaqları və
tədbir iştirakçılarını salamladıqdan sonra ümummilli
lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla
yad edildi. Rektor konfransı Azərbaycanın elmi mühiti
üçün çox önəmli bir hadisə adlandırdı. Konfransa
gələnlərin Heydər Əliyevin əbədiyaşar ideyalarının
işığına toplaşdığını vurğuladı.
Təhsil naziri Misir Mərdanovun təbriklərini konfrans
iştirakçılarına çatdıran nazir müavini Qulu Novruzov
konfransı Azərbaycan təhsilinin böyük uğuru, beynəlxalq
əməkdaşlıq nümunəsi kimi dəyərləndirdi. Bildirdi ki,
konfransda xarici qonaqlar Azərbaycanın təhsil sistemi,
elm adamları, tarixi və mədəniyyəti ilə yaxından tanış
olacaqlar ki, bu da ölkə həqiqətlərinin dünyaya
yayılmasında çox önəmlidir. Sonra nazir müavini
konfransın işinə uğurlar arzuladı.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev ümummilli liderimizin müstəqil Azərbaycanın
inkişafına töhfələrindən danışdı. O vurğuladı ki, Heydər
Əliyevin yaradıcısı olduğu azərbaycançılıq ideologiyası
ölkəmizdə yaşayan bütün xalqların, eləcə də xaricdəki
soydaşlarımızın daha möhkəm birləşməsinə şərait yaratdı.
Heydər Əliyev Azərbaycan tarixinin əvəzolunmaz və
fenomen şəxsiyyətidir. Bu gün təşkil olunmuş elmi
konfrans da bunun bariz nümunəsidir.
Daha sonra konfransda Yunanıstanın Azərbaycandakı səfiri
İ.Metaksas, Ukrayna Respublikasının Azərbaycandakı
səfiri A.Mişşenko, Moskva Dövlət Linqvistik
Universitetinin professoru A.Bondarev, Türkiyənin
Balıkesir Universitetinin professoru A.Duymaz, AMEA-nın
Şərqşünaslıq İnstitutunun direktoru, professor
G.Baxşəliyeva, Dağıstan Dövlət Universitetinin
professoru N.Qarunova, Çexiya Respublikası Çarles
Universitetinin professoru T.Lane, Tbilisi Dövlət
Universitetinin professoru D.Qotsiridze, AMEA Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor
İ.Məmmədzadə, Qazaxıstan Milli Texniki Universitetinin
professoru K.Beqalinova, Litva Edukologiya
Universitetinin professoru V.Kavalyaskas, Uzaq Şərq
Dövlət Humanitar Universitetinin professoru V.Mehdiyev
çıxış etdilər.
Tbilisi Dövlət Universitetinin professoru D.Qotsiridze
müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan
olmasının 90 illiyi münasibətilə "Azərbaycanşünaslığın
aktual problemləri" mövzusunda növbəti beynəlxalq elmi
konfransın gələn il Gürcüstanda keçirilməsini təklif
etdi.
Konfrans çərçivəsində Bakı Slavyan Universitetinin
Türkiyə Araşdırmaları, Rusiya, Polşa, Ukrayna, Yunan
Mədəniyyət Mərkəzlərində bölmə iclasları oldu. Yazıçı
B.Yevseyevin BSU-nun filologiya fakültəsinin tələbələri
üçün "Müasir rus novellasının janrları" mövzusunda ustad
dərsi keçirildi.
BSU-nun "Tərcümə problemləri" elmi-tədqiqat
laboratoriyasında həyata keçirilən "Filoloqun
kitabxanası-100" layihəsi çərçivəsində Rusiyanın
tanınmış tənqidçisi, yazıçı, publisist və
ədəbiyyatşünası L.Aninskinin professor M.Qocayev və
yazıçı E.Başkeçid tərəfindən Azərbaycan dilinə tərcümə
olunmuş "Ceviz ləpəsi" kitabının təqdimatı tələbələrin
böyük marağına səbəb oldu.
Konfrans öz işini ayrı-ayrı bölmələr üzrə davam
etdirir.
Şakir CƏFƏROV |